Azərbaycanda 25 aprelin kriminal xronikası

Azərbaycanda 25 aprelin kriminal xronikası

26 Aprel 2013 13:46
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 45 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 22-si "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər yaralanmışdır.
  • 9 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

Bakı şəhər sakini M.Sadıxzadədən saxta əsginaslar götürülmüşdür

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mirsadıx Sadıxzadədən 7 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq saxta əsginaslar götürülmüşdür.

M.Sadıxzadənin evinə baxış zamanı 26 ədəd 50, 22 ədəd 20 manatlıq saxta əsginaslar, 6 ədəd rəngli karandaş, 1 ədəd kompüter və 1 ədəd printer aşkar edilərək götürülmüşdür.

Bakı şəhər sakini K.Əhmədov bir qrup vətəndaşlara məxsus avtomaşınlardan oğurluq etdiyinə görə tutulmuşdur

DİN-in Çevik Polis Alayı və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Şahhüseynova, Səadət Baxşəliyevaya, Cavad Qocamanova, Rahidə Hüseynovaya, Elnarə Kəngərliyə və Rafiq Qəribova məxsus avtomaşınlardan pul, noutbuk, mobil telefon, sənədlər, qızıl və geyim əşyalarını oğurlamış Bakı şəhər sakini Kənan Əhmədov tutulmuşdur.

Xaçmaz rayon sakini S.Şirinova bıçaq xəsarəti yetirmiş rayon sakini E.Ramazanov tutulmuşdur

Aprelin 25-də Xaçmaz rayonundakı "Rəvanə" çayxanasından rayon sakini Sərdar Şirinov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir.

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş rayon sakini Eldəniz Ramazanov tutulmuşdur.

Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

Aprelin 25-də saat 05.20 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Cəsarət Şirinov idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarət almış C.Şirinov və sərnişinləri Elşən Bayramov, Hüseyn Nəzərəliyev və Asim Şahbazov xəstəxanaya yerləşdirilmişlər.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Masallı rayonu ərazisində İ.Mikayılov idarə etdiyi avtomaşınla S.Əşrəfovu vurmuşdur

Aprelin 25-də saat 10.00 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində qəsəbə sakini İlkin Mikayılov idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla yolu keçən həmyerlisi Səlim Əşrəfovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Lənkəran rayonu ərazisində dənizdə kənd sakini A.Vəliyevin meyiti tapılmışdır

Aprelin 25-də Lənkəran rayonunun Sutamurdov kəndindəki "Dəhnə" adlandırılan ərazidə dənizdə kənd sakini Afərin Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır.

İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Tərtər rayonunda yaşayan H.Rizvanovun evindən pul oğurlamış rayon sakini İ.Əsədov tutulmuşdur

Aprelin 19-dan 25-dək olan müddət ərzində Tərtər rayonunda kirayədə yaşayan Həbib Rizvanovun evindən 64 manatı oğurlanmışdır.

Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş rayon sakini İsa Əsədov tutulmuşdur.

Xəzər rayon sakini E.Bayramovun evində partlayış baş vermişdir

Aprelin 25-də Xəzər rayonu Binə qəsəbəsinin ərazisindəki evlərdən birində yaşayan Elnur Bayramovun evində qaz balonunun nasazlığından ani partlayış baş vermişdir. Nəticədə yanıq xəsarəti almış E.Bayramova xəstəxanada ilkin yardım göstərildikdən sonra buraxılmışdır.

İki nəfər dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

Aprelin 24-də Samux rayonunun Hacallı kənd sakini Vaqif Quliyev, aprelin 25-də Abşeron rayon sakini Zahid Rəhimov evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Qazax rayon sakinləri B.Həsənov və K.Həsənova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər

Aprelin 25-də Qazax rayon sakinləri Bəhlul Həsənov və Könül Həsənova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Gəncə şəhər sakinləri Cavid və Həmayə Yusibovlar yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər

Aprelin 25-də Gəncə şəhərinin Məhsəti qəsəbə sakinləri, azyaşlılar - Cavid Yusibov və onun bacısı Həmayə evlərində ehtiyatsızlıqları nəticəsində yanıq xəsarəti almış və xəstəxanaya yerləşdirilmişlər.

O.M.