Şəki sakini həmyerlisini zorlamaq istədi, kişiliyindən oldu

Şəki sakini həmyerlisini zorlamaq istədi, kişiliyindən oldu

25 Aprel 2013 14:08
Bəyəndim (0) Bəyənmədim (0)
DİQQƏT: 16 yaşdan kiçik oxucuların oxuması məsləhət deyil!

Şəki Ağır Cinayətlər Məhkəməsində

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Elxan Süleymanovun sədrliyi ilə Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Vidadi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sübut olunub ki, Vidadi Məmmədov ötən ilin yanvarın 21-də saat 23:00 radələrində Şəki şəhəri, M.Axundov prospekti ilə Ə.Cəbrayılov küçəsinin kəsişməsində yerləşən körpünün üstündə həmyerlisi Rasim Musayev ilə rastlaşıb. Həmin vaxt Rasim Musayev Vidadiyə birlikdə spirtli içki içməyi təklif edib. Lakin Vidadi onun təklifini rədd edib. Təklifi rədd olunan Rasim Musayevlə Vidadi arasında mübahisə yaranıb. Həmin vaxt Vidadi Rasim Musayevi söyüş söydüyü üçün şillə ilə vurub. Rasim Musayev söyüş söyməkdə davam etdiyinə görə onu döymək məqsədilə "köhnə bazar" adlanan əraziyə aparmaq istəyib. Lakin Rasim Musayev onunla getməkdən imtina edərək, söhbət etmələri üçün onun evinə getmələrini təklif edib. Vidadi Məmmədov Rasimin tək yaşadığını bildikdən sonra birlikdə onun yaşadığı Şəki şəhəri, Nizami küçəsi 4/4 saylı evə gedib. Evə daxil olduqdan sonra Rasim Musayev televizoru açaraq səsini artırıb və Vidadiyə deyib ki, onu evinə cinsi əlaqədə olmaq üçün gətirib. Vidadi Rasimin bu sözlərindən bərk əsəbiləşib və cinsi orqanını kəsməklə onu kişilikdən məhrum etmək qərarına gəlib. Bu məqsədlə Vidadi Məmmədov əvvəlcə əynində olan paltarlarını çıxardaraq stulun üstünə qoyub və cinsi əlaqədə olmaları üçün Rasim Musayevə soyunmasını bildirib. Rasim Musayev də onun sözlərinə inanaraq əynində olan paltarlarını çıxarıb və çılpaq vəziyyətdə döşəmədə olan döşəyin üstündə oturub. Daha sonra cinsi əlaqədə olmaq üçün Vidadini yanına çağırıb. Vidadi əvvəlcə götürdüyü stulla Rasim Musayevin başına, sonra təpiklə sinə nahiyələrinə vurub. Bundan sonra Rasim Musayevin müqavimət göstərmək üçün ayağa qalxdığını görüb, dolabın üstündən götürdüyü bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub, həmçinin onun cinsiyyət üzvünün üçdə iki hissəsini kəsib.

"Aramızdakı mübahisəni həll etmək üçün onlara getdik"

Məhkəmədə ifadə verən Vidadi Məmmədov bildirib ki, yanvarın 20-də axşam saat 23:00 radələrində dostları ilə görüşüb çay içmək üçün evdən çıxıb. Onun sözlərinə görə, bu məqsədlə Axundov prospekti ilə Ə.Cəbrayılov küçəsinin kəsişməsində olan çayxanaya tərəf gedib: "Həmin küçənin kəsişməsindəki körpünün üstündən keçən zaman körpünün üstündə dayanmış tanımadığım orta yaşlarında bir nəfər kişi mənə yaxınlaşdı. Onun içkili olduğunu hiss etdim. Adını sonradan bildiyim Rasim mənə yaxınlaşdı və onunla araq içməyimi təklif etdi. Rasimin bu təklifindən imtina etdim. Rasimə "sən kimsən ki, mən səninlə araq içim" dedim. Bu cavabımdan sonra Rasim mənə nalayiq söyüş söydü. Rasimin bu hərəkətindən əsəbiləşdim, onun üzünə bir şillə vurdum, evinə getməsini bildirdim. Sonra getmək istəyəndə Rasimin yenidən mənə nalayiq söyüşlər söydüyünü eşitdim. Geri qayıdaraq yumruqla onun sifətinə vurdum, söyüş söyməməsini tələb etdim. Lakin Rasim sakitləşmədi. Onu köhnə bazar tərəfə apararaq orada susdurmaq istədim. Buna görə də Rasimə köhnə bazar ərazisinə gedib orada söhbət etməyi təklif etdim. Rasim köhnə bazar tərəfə deyil, öz evinə getməyi təklif etdi. Onun evində ailəsinin ola biləcəyini ehtimal etdim. Buna görə də təklifini qəbul etmədim. Rasim evli olmadığını və evdə tək yaşadığını söylədi. Bundan sonra aramızda yaranmış mübahisəni həll etmək üçün Rasimlə birlikdə onun yaşadığı evə getdik".

"Mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, yaşadığı evə çatdıqdan sonra Rasim həyət darvazasını cibindən çıxartdığı açarla açdı və onlar birlikdə həyətə daxil olaraq evə girdilər: "Evə daxil olduqdan sonra Rasim televizoru işə saldı. Mənim evdən qaça bilməməyim üçün qapını içəridən açarla bağladı. Bundan sonra Rasim bu evdə qız və oğlan uşaqlarını zorladığını bildirdi və mənimlə də cinsi əlaqədə olmaq istədiyini, əlindən qaça bilməyəcəyimi söylədi. Rasimin əxlaqsız hərəkətlərindən əsəbiləşdim. Onu cəzalandırmaq üçün əvvəlcə öz əynimdə olan gödəkcəni çıxardım və onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Rasimin də soyunmasını söylədim. Rasim də soyundu. Lüt vəziyyətdə yerdə döşəyin üstündə oturdu və cinsi əlaqədə olmaq üçün məni yanına çağırdı. Yanımda olan stulu götürərək Rasimə tərəf getdim və əlimdəki stulu bir neçə dəfə onun başına vurdum. Həmin vaxt Rasim döşəyin üstünə yıxıldı. Lakin söyüş söyərək, ayağa qalxıb üstümə gəlmək istədi. Bu zaman Rasimi təpiklə vurdum. Rasim zərbədən yerə yıxıldı".

"Əsəblərimi cilovlaya bilmədim, ayağından yapışıb cinsiyyət orqanını kəsdim"

Vidadi Məmmədov ifadəsində həmçinin qeyd edib ki, Rasim Musayevi təpiklə vursa da, ikinci ona nalayiq söyüşlər söyməkdə davam edib. Onun sözlərinə görə, Rasimin bu hərəkətlərindən əsəbiləşib və yaxınlıqdakı dolabın üstündən bıçağı götürərək Rasimə tərəf gedib: "Rasim əlini qabağa uzatdı və mənə müqavimət göstərmək istədi. Bir əlimlə onun əlini tutdum, digər əlimdəki bıçaqla onun boyun nahiyəsinə bir dəfə vurdum. Bu zaman Rasimin boynundan qan axdığını gördüm və geri çəkildim. Rasim boynunu əli ilə tutdu və xırıldaya-xırıldaya anamın ünvanına nalayiq söyüşlər söydü. Onun bu hərəkəti məni daha da əsəbiləşdirdi. Rasimə yaxınlaşaraq ikinci dəfə boyun nahiyəsinə, bir dəfə də bədəninə bıçaq zərbəsi vurdum. Əsəbi olduğum üçün Rasimə neçə dəfə xəsarət yetirdiyimi xatırlamıram. Sonra Rasimin ayağından tutdum və geri çevirərək cinsiyyət orqanını kəsdim. Rasim yenidən ayağa qalxaraq üstümə gələn zaman ayağımla onu itələdim. Sonra otaqdakı telefon xəttini kəsdim ki, Rasim heç kimə zəng edib, xəbər verə bilməsin. Daha sonra bıçaqdakı qanı təmizlədim. Bıçağı cibimə qoydum və evi tərk etdim. Həyətdən çıxdıqdan sonra çöl qapısını arxadan açarla bağladım, açarı yoldan həyətə atdım, icra hakimiyyətinin yaxınlığına gəldim. Oradakı oturacaqlardan birində təxminən 30 dəqiqə oturdum. Həmin vaxt törətdiyim əməlin düzgün olmadığını və Rasimin aldığı xəsarətlərdən ölə biləcəyini fikirləşdim. Hadisə barədə polisə məlumat verib könüllü təslim olmaq üçün polis şöbəsinin yerləşdiyi istiqamətə doğru qaçmağa başladım. Yolda post-patrul xidmətinin avtomobilinin gəldiyini gördüm. Həmin avtomobili saxlatdım və törətdiyim hadisə barədə onlara məlumat verdim. Polis əməkdaşları hadisə baş verdiyi ünvanı soruşdu. Mən də polis əməkdaşları ilə birlikdə Rasimin evinə getdim".

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, polis əməkdaşları ilə birlikdə evə daxil olublar. Onun sözlərinə görə, polislər təcili tibbi yardıma zəng edərək xəbər veriblər, təcili tibbi yardım maşını gəlib və Rasimi xəstəxanaya aparıblar. Özü isə polislərlə birlikdə polis şöbəsinə gedib. Vidadi Məmmədov daha sonra ifadəsində törətdiyi əməldən peşman olduğunu göstərib.

Kişilikdən məhrum olunub...

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Rasim Musayev bildirib ki, yanvarın 20-də saat 23:00 radələrində B.Vahabzadə meydanına gəlib: "Meydandakı oturacaqlardan birində əyləşdim. Özümlə gətirdiyim bir şüşə arağı tək içdim. Daha sonra "9 mərtəbə" adlanan istiqamətdə getdim. Yolda kiminləsə rastlaşdım və ona söyüş söydüm. Bundan sonra həmin şəxslə birlikdə öz evimə getdim, evdə həmin şəxsə söyüş söydüm. Həmin şəxs məni təpiklə vuraraq yerə yıxdı. Məni yerə yıxandan sonra boynuma və böyrümə bıçaqla zərbələr vurdu. Bundan sonra nə baş verdiyini xatırlamıram".

Hadisə zamanı kişiliyindən məhrum olduğunu deyən zərərçəkmiş ifadəsində göstərib ki, həmin gün sərxoş olub: "Ola bilsin ki, həmin vaxt Vidadiyə qarşı səhv hərəkətlər etmişəm. Lakin Vidadi mənim bu vəziyyətdə olmamdan istifadə edib. Vidadi mənə bu xəsarətləri yetirməli deyildi. Təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı tələbim, şikayətim yoxdur".

Məhkəmə hökm etdi

Bu dəhşətli cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Elxan Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Vidadi Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündən Vidadi Məmmədov narazı qalıb və apellyasiya şikayəti verib. O, yuxarı instansiya məhkəməsindən daha yüngül cəzanın verilməsini xahiş edib.

Şəki Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Yeni hökmə əsasən, Vidadi Məmmədovun cəzasından 1 il 6 ay çıxılıb və onun barəsində qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə qərarı verilib.

Əgər kişilik cinsiyyət orqanı ilə ölçülsəydi, eşşək əsl kişi sayılardı...

İnarə Rafiqqızı

O.M.