Avtoxuliqan onun ayağını qopartdı

Avtoxuliqan onun ayağını qopartdı

19 Aprel 2013 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərində axtoxuliqanın törətdiyi qəzada ayağı dizindən qopan şəxs başına gələnləri barədə yazıb.
Ağdam rayonundan məcburi köçkün olan Tural Alışov Milli.Az-a ünvanladığı məktubda göstərir ki, bu il fevralın 12-də dəniz limanı qarşısında, yoldan 40-50 metr kənarda, özünə məxsus "KİA Optima" markalı maşının yanında dayandığı zaman qəflətən Bəxtiyar Babayevin idarə etdiyi "VAZ-21015" markalı 90-RA-583 dövlət nömrə nişanlı maşın yüksək sürətlə iki təkərin üstə gələrək ağır qəza törədib:
"Maşın məni vuraraq sol ayağımı dizdən yuxarı hissəsindən qopardı və maşınıma da ağır zədə yetirdi. Bütün bunlar təhlükəsizlik kameralarına düşüb. Təhlükəsizlik kameralarındakı görüntüdən də məlum olub ki, o, başqa bir naməlum "VAZ-2107" ilə ötüşürmüş. Bəxtiyar Babayev özü də yüngül xəsarət alıb, xəstəxanada müalicə olunub. Mənim sol ayağım amputasiya olundu, xəstəxanada 20 gün yatdım".
Ayağı qoparılaraq əlil edildiyini bildirən T.Alışov hüquq-mühafizə orqanlarının işə laqeyd münasibətindən şikayətlənir: "Səbail Rayon Polis İdarəsində cinayət işi açılsa da, müstəntiq Raqif Şərifov Bəxtiyar Babayevi bir dəfə də olsun, dindirməyib. Hadisədən iki aydan artıq vaxt keçsə də, avtoxuliqan cəzalandırılmır. Günahkar məni şikəst edib, amma evində oturub istirahət edir. Müstəntiq Raqif Şərifovun məni şikəst edənə qarşı mövqeyi artıq şübhəli görünür. Müstəntiqin bu hərəkəti ilə əlaqədar Səbail rayon prokuroruna iki dəfə, Baş prokurora va daxili işlər nazirinə də ərizə ilə müraciət etmişik. Niyə 32 yaşında bir oğlanı vurub ikinci qrup əlil edən cinayətkar avtoxuliqan Bəxtiyar Babayev cəzalandırılmır? Belə haqsızlığı Allah götürməz".
T.Alışov onu ayaqsız qoyan şəxsin cəzalandırılmasını istəyir.
Müstəntiq Raqif Şərifov Milli.Az-a açıqlamasında bildirdi ki, baş vermiş hadisə ilə bağlı B.Babayevin ifadəsi alınıb, lazımi materiallar toplanıb. Ekspertizanın rəyindən sonra materiallar məhkəməyə göndəriləcək.
Müstəntiqin sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma (263.1-ci) maddəsi ilə cinayət işi başlanıb: "Tural Alışova ağır xəsarət yetirilib, ayağı amputasiya olunub. Hadisənin onun yolun kənarında dayandığı zaman baş verməsi də göstərir ki, hadisə Bəxtiyarın günahından baş verib. Amma ekspertizanın rəyi olmalıdır. Hadisə hətta avtoxuliqanlıq nəticəsində baş versə də, tövsif üçün Cinayət Məcəlləsində belə bir maddə yoxdur. Bu işə məhkəmə hüquqi qiymət verəcək".
B.Babayevin zərərçəkmişə ziyanın ödəməməsi ilə bağlı məsələyə isə müstəntiq qeyd etdi ki, istintaq bu işdə təqsirkar şəxsə təzyiq göstərə bilməz. Həmin şəxsə işi yüngülləşdirən hal kimi zərərçəkmişə dəymiş ziyanın ödənilməsini yalnız təklif və tövsiyə edə bilər.

O.M.