Azərbaycanda 14 aprelin kriminal xronikası

Azərbaycanda 14 aprelin kriminal xronikası

15 Aprel 2013 15:18
Bəyəndim (0) Bəyənmədim (0)
Bazar günü ərzində 38 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 26-sı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər yaralanmışdır.
  • 5 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.

Xaçmaz şəhər sakini Akif Əliyev 6,4 kq "metalik civə"ni 2.000 dollara satarkən tutulmuşdur

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Akif Əliyev 6 kiloqram 400 qram "metalik civə"ni 2.000 dollara satarkən tutulmuşdur.

Quldurluq etmiş Azər Şalıyev tutulmuşdur

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Akif Həmzəyevə qarşı quldurluq edib hadisə yerindən qaçmış Azər Şalıyev tutulmuş və ondan 0,65 qram tiryək götürülmüşdür.

Oğurluq etmiş Ucar rayon sakini Ramil Mirzəliyev tutulmuşdur

Aprelin 8-dən 13-dək olan müddət ərzində Zərdab rayonunun Məmmədqasımlı kənd sakini Şəlalə İbrahimovanın evindən pəncərədən girmək yolu ilə 1 ədəd televizor və 1 ədəd kondisioner oğurlanmışdır. Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Mirzəliyev tutulmuşdur.

Avtomaşın qaçırmış Zabrat qəsəbə sakinləri Səfər Dadaşov, Şəhriyar Heydərov və Elbəyi Abbasquliyev tutulmuşlar

Aprelin 14-nə keçən gecə Sabunçu rayonu Zabrat qəsəbəsindən Məğrur Qasımova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmışdır. Avtomaşın həmin gün saat 16.00 radələrində qəsəbə ərazisində hissələri sökülərək oğurlanmış vəziyyətdə tapılmışdır. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış qəsəbə sakinləri Səfər Dadaşov, Şəhriyar Heydərov və Elbəyi Abbasquliyev tutulmuşlar.

Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi

Aprelin 14-də saat 17.30 radələrində Ağstafa rayonu ərazisində rayon sakini Cabbar Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomaşını yolun kənarındakı arxa aşırmışdır. Nəticədə C.Cəfərov və sərnişini, oğlu Elman hadisə yerində ölmüşlər.
BDYPİ tərəfindən araşdırma aparılır.

Nizami rayonu Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi

Aprelin 14-də saat 20.50 radələrində Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Yaşar Fəttayev vurulmuşdur. Nəticədə xəsarət almış Y.Fəttayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Salyan rayon sakini Mübariz Abbasovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır

Aprelin 14-də saat 11.00 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki avtomobillərin təmiri sexində İmişli rayon sakini Fariz Quliyevə məxsus "VAZ-2107" markalı avtomaşında, həmin sexdə rəngsaz işləyən Salyan rayon sakini Mübariz Abbasovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Oğurluq etmiş Kürdəmir rayon sakini Elsevər Şükürov tutulmuşdur

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Elmira Əvəbəvəzinin evindən 500 manatını və qızıl əşyalarını oğurlamış Kürdəmir rayon sakini Elsevər Şükürov tutulmuşdur.

Gəncə şəhər sakini Mehparə Xəlilova dərmandan zəhərlənmişdir

Aprelin 14-də Gəncə şəhər sakini Mehparə Xəlilova evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Avtomaşının dövlət qeydiyyat nişanını oğurlayan Bakı şəhər sakini Səməd Həmidov tutulmuşdur

Aprelin 14-də saat 04.00 radələrində H.B.Zərdabi küçəsində Bakı şəhər sakini Səadət Şərifovaya məxsus "İnfiniti" markalı avtomaşının dövlət qeydiyyat nişanını (arxa) oğurlayan Bakı şəhər sakini Səməd Həmidov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulmuş və Yasamal RPİ 29-cu PB-yə təhvil verilmişdir.

O.M.