Maşın oğruları zərərsizləşdirildi

Maşın oğruları zərərsizləşdirildi

8 Aprel 2013 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda uzun müddət maşın oğurluğu ilə məşğul olan beş nəfərlik dəstə zərərsizləşdirilib. Bu barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Əliağa Hüseynov verib. Onun sözlərinə görə, Lənkəran şəhər sakinləri, 24 yaşlı Toğrul Nəriman oğlu Axundov, 23 yaşlı Səbuhi Şakir oğlu Şükürov, 16 yaşlı Məhəmməd Razi oğlu Nurullazadə, 17 yaşlı Məcid Umud oğlu Qasımzadə və Elçin Xuduş oğlu Tağıyev qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, aprelin 1-də rayonun Xolmili kənd sakini Əlizamin Əmrəli oğlu İbrahimova məxsus "VAZ-2106" markalı, 42 BC 511 dövlət nömrə nişanlı avtomobili rayonun Sütəmurdov kəndi ərazisində yerləşən çay fabrikinin qarşısından keçən şose yolun kənarından qanunsuz olaraq ələ keçirtməklə qaçırıblar. Qaçırılan avtomobili onlar Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi-18 ünvanında yaşayan qrup üzvlərindən olan Toğrul Axundovun yaşadığı evin həyətinə gətirərək, burada onu hissələrə bölüblər.
Müstəntiq avtomaşınların qaçırılması faktı ilə bağlı polis şöbəsində daha bir neçə cinayət işinin açıldığını, saxlanılan şəxslərin bu cinayətlərdə iştirakının istisna olunmadığını bildirib: "Hazırda bu istiqamətdə tərəfimizdən istintaq-əməliyyat tədbirləri davam etdirilir. İndiyə kimi avtomaşınların qaçırılması ilə bağlı 7 cinayət işinə başlanılıb. Şəhərin müxtəlif ərazilərindən, ayrı-ayrı ünvanlardan avtomaşınların oğurlanaraq hissələrə bölündükdən sonra atılıb gedilməsində bu dəstənin əməlləri şübhəlidir. Qaçırılan avtomobillərin hamısı keçmiş sovet maşınlarıdır". Saxlanılan şəxslərdən Toğrul Axundovun üzərində axtarış keçirilən zaman 10 qram marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, maşın qaçırmadan əlavə, həm də narkotik vasitələrin aludəçisi olduğunu etiraf edib.
Faktla bağlı Lənkəran ŞRPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4 maddələri ilə cinayət işinə başlanıb, araşdırma aparılır.

O.M.