Atasını qətlə yetirmiş narkoman oğul etiraf etdi

Atasını qətlə yetirmiş narkoman oğul etiraf etdi

5 Aprel 2013 11:30
Bəyəndim (0) Bəyənmədim (0)
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır

Ağcabədi rayonunda amansız cinayət törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, oğul qoca atasını insanlığa sığmayan formada öldürüb. Ötən gecə şəhər ərazisində kasıb bir daxmada yaşayan 46 yaşlı Vaqif Hüseynov 73 yaşlı atası Seyidəli Hüseynovu elə həmin uçuq evdə qətlə yetirib. "Anam iki ay əvvəl rəhmətə gedib. Atama deyirdim ki, qoca kişisən, bu gün-sabah öləcəksən, evi mənim adıma keçir. Amma o, etiraz edirdi. Mən bilirdim ki, buna böyük qardaşım mane olur. Elə buna görə də kişini öldürdüm", - deyə Vaqif istintaqa törətdiyi cinayət əməlini belə etiraf edib. Hadisədən sonra V.Hüseynov cinayətdən yayınmağa da cəhd göstərib. O, atasını öldürəndən sonra təcili yardıma və polisə gedərək atasının evdə qətlə yetirildiyini deyib. Lakin polis bölməsinə gətirilən Vaqifin ata qatili olması üzə çıxıb. Yalanını gizlədə bilməyən oğul atasını necə öldürdüyünü də olduğu kimi danışıb: "Mübahisə etdik. Çini qənd qabını götürüb başına çırpdım. Sifəti partladı, yerə yıxıldı. Sonra yerdə bir az süpürüşdük. Bıçağı götürüb boğazına soxdum, sonra isə ürəyinə sancdım. Beş bıçaq vurdum ona".
Ruhi xəstə olan V.Hüseynov deyib ki, bir müddət əvvəl müalicə olunub. Lakin sonra Ruhi-əsəb dispanserindən yarımçıq qaçıb. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Onu da əlavə edək ki, Vaqifgil ailədə 3 bacı, 4 qardaş olublar. Bütün bacı-qardaşları ailə həyatı qursalar da, o, subay olub.

10.21

*** Aprelin 5-nə keçən gecə Ağcabədi rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, M.Aranlı küçəsi 110 saylı evdə yaşayan Vaqif Hüseynov gecə saatlarında Ağcabədi rayon Polis Şöbəsinə gələrək atası Seyidəli Hüseynovun naməlum şəraitdə qətlə yetirildiyini deyib. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, S.Hüseynovu elə doğma oğlu Vaqif öldürüb. V.Hüseynov ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib. Məlumata görə, V.Hüseynov narkotik maddə aludəçisi olub. Atasını qətlə yetirmiş oğul saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

O.M.