Azərbaycanda 03 aprelin kriminal xronikası

Azərbaycanda 03 aprelin kriminal xronikası

4 Aprel 2013 15:41
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 41 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmış, onların da 20-si "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 5 nəfər yaralanmışdır.
  • 6 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

Münaqişə zəminində Ucar rayon sakini R.Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış M.Abbasov tutulmuşdur

03.04.2013

Aprelin 3-də Ucar rayon avtovağzalının yaxınlığında Alpout kənd sakini Mircəlal Abbasov münaqişə zəminində rayon sakini Rüfət Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Əliyev orada ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abbasov tutulmuşdur.

Binəqədi rayonu ərazisində yaşayan E.Əmrahova bıçaqla xəsarət yetirmiş, V.Heydərovdan mobil telefonunu almış şəxslər tutulmuşlar

03.04.2013

Aprelin 3-də saat 02.00 radələrində Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində 5 naməlum şəxs kirayədə yaşayan Şabran rayon sakini Elvin Əmrahova bıçaqla xəsarət yetirib gözətçi işlədiyi avtodayanacaqdan getməsini tələb etmiş, onunla birgə yaşayan Salyan rayon sakini Vadər Heydərovdan isə mobil telefonunu almışlar.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Adəm Osmanov, Saleh Əliyev, Ramazan Həsənov və Xaçmaz rayon sakini Rəşad Quliyev tutulmuşlar.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Sabunçu rayonu ərazisində Bakı şəhər sakini P.Abdullayevaya qarşı zor tətbiq edərək çantasını ondan almış E.Şıxıyev tutulmuşdur

03.04.2013

Aprelin 3-də Sabunçu rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Pərvanə Abdullayevaya qarşı zor tətbiq edərək içərisində 11 manat pul, açarlar və yaddaş kartı olan çantasını ondan almışdır.
Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən hadisəni törətmiş Elnur Şıxıyev tutulmuş və Sabunçu RPİ 13-cü PB-yə təhvil verilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

03.04.2013

Aprelin 3-də saat 03.20 radələrində Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Ağabala Ağayev idarə etdiyi "VAZ-2106" markalı avtomaşını yolun kənarında saxlanılmış asfalt hamarlayan maşına vurmuşdur. Nəticədə A.Ağayev hadisə yerində ölmüş, xəsarət almış sərnişini - Bakı şəhər sakini Aqşin Məmmədov isə xəstəxanaya yerləşdirilmişdir.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Abşeron rayonu ərazisində "TOFAŞ" markalı avtomaşın aşmışdır

03.04.2013

Aprelin 3-də saat 12.00 radələrində Abşeron rayonunun Yenikənd kəndi ərazisində Göyçay rayon sakini Elvin Yusifov idarə etdiyi "TOFAŞ" markalı avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış E.Yusifov və sərnişini - Şəki şəhər sakini Tüncay Qafarlı xəstəxanaya yerləşdirilmişlər. T.Qafarlı orada ölmüş, E.Yusifova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
BDYPİ tərəfindən araşdırma aparılır.

Gəncə şəhəri ərazisindən hərbi sursat tapılmışdır

03.04.2013

Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsi əməkdaşları şəhər ərazisindən tapdıqları 1 ədəd "AK-74" markalı silahı, 8 ədəd qumbaranı, 20 ədəd dinamiti, 12 ədəd fişəngi, 641 ədəd müxtəlif çaplı patronu və 16 ədəd güllə darağını Gəncə ŞBPİ-yə təhvil vermişlər.

Bakı şəhər sakini Ü.Zərbəliyeva qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar tutulmuşdur

03.04.2013

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ülviyyə Zərbəliyeva gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar tutulmuşdur.

Aprelin 2-də Ş.Həsənova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini B.Təhməzov tutulmuşdur

03.04.2013

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Şahin Həsənova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Bəgiş Təhməzov tutulmuşdur.

Martın 25-də İ.İbrahimovanın çantasından pul və şəxsiyyət vəsiqəsini oğurlamış şəxs tutulmuşdur

03.04.2013

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də İradə İbrahimovanın çantasından 550 manat pul və şəxsiyyət vəsiqəsini oğurlamış Zaqatala rayon sakini Surayə Balayeva tutulmuşdur.

Axtarışda olan Zaur Nəsirov tutulmuşdur

03.04.2013

Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Zaur Nəsirov tutulmuşdur.

İki vətəndaş tapdıqları tapançaları könüllü olaraq polisə təhvil vermişlər

03.04.2013

Naxçıvan MR Kəngərli rayonunun Yurtçu kənd sakini Etibar Əliyev tapdığı xaricdə istehsal olunmuş 1 ədəd qaz tapançasını, Babək rayon sakini Pərvin Hüseynov tapdığı 1 ədəd "Makarov" markalı tapançanı könüllü olaraq RPŞ-yə təhvil vermişlər.

Aprelin 2-də T.Əmirxanova bıçaqla xəsarət yetirmiş Quba rayon sakini K.Məcidov tutulmuşdur

03.04.2013

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Tofiq Əmirxanova bıçaqla xəsarət yetirmiş Davidoba kənd sakini Koroğlu Məcidov tutulmuşdur.

Aprelin 2-də G.Şərifovun ölümü ilə nəticələnən YNH-ni törətmiş sürücü S.Binalıyev tutulmuşdur

03.04.2013

Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Gündüz Şərifovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Opel" markalı avtomaşının sürücüsü - Qazançı kənd sakini Sərvancan Binalıyev tutulmuşdur.

Martın 26-da Ş.Qarayevə məxsus avtomaşından oğurluq etmiş Göyçay rayon sakini R.Rəhimov saxlanılmışdır

03.04.2013

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Şahin Qarayevə məxsus avtomaşından 2 ədəd mobil telefonu oğurlamış rayon sakini Rəşad Rəhimov saxlanılmışdır.

Martın 31-də S.Zeynalova bıçaqla xəsarət yetirmiş Samux rayon sakini E.Əsədov tutulmuşdur

03.04.2013

Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də Samir Zeynalova bıçaqla xəsarət yetirmiş rayon sakini Etibar Əsədov tutulmuşdur.

İmişli rayonunun Çahar kəndi ərazisində yol-nəqliyyat hadisəsi

03.04.2013

Aprelin 3-də saat 13.00 radələrində İmişli rayonunun Çahar kəndi ərazisində Gürcüstan vətəndaşı Rauf Əliyevin idarə etdiyi "HOVO" markalı yük avtomaşını ilə İmişli rayon sakini Emin Babayevin idarə etdiyi "Mercedes" markalı avtomaşın toqquşmuşdur. Nəticədə E.Babayev və sərnişinlərindən arvadı Günel, qızı Ayan hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri - oğlanları Novruz və Fehruz isə xəstəxanaya yerləşdirilmişlər.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Mingəçevir şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla RF vətəndaşı E.Məmmədova məxsus avtomaşın vurulmuşdur

03.04.2013

Aprelin 2-də Mingəçevir şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla Rusiya Federasiyası vətəndaşı Elşən Məmmədova məxsus "Mercedes" markalı avtomaşın vurulmuşdur. Nəticədə xəsarət alan olmamış, avtomaşına qismən ziyan dəymişdir.
Mingəçevir ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəzər rayonu ərazisindəki daş karxanasında işləyən Lerik rayon sakini T.Abışov daş kəsən kombayna düşərək ölmüşdür

03.04.2013

Aprelin 3-də Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisindəki daş karxanasında, orada işləyən Lerik rayon sakini Tərlan Abışov daş kəsən kombayna düşərək ölmüşdür.
Araşdırma aparılır.

Martın 27-də Nəsimi rayonu ərazisində avtomaşınla vurulmuş Tovuz rayon sakini S.Bayramova aprelin 3-də xəstəxanada ölmüşdür

03.04.2013

Cari il mart ayının 27-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Əli Mikayılov idarə etdiyi "Nissan" markalı avtomaşınla Tovuz rayon sakini Sudabə Bayramovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Bayramova aprelin 3-də orada ölmüşdür.

Sumqayıt şəhər sakini E.Əsgərova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

03.04.2013

Aprelin 3-də Sumqayıt şəhər sakini Esmira Əsgərova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Xırdalan şəhər sakini Ş.İbrahimova yanıq xəsarəti ilə xəstəxanaya gətirilmişdir

03.04.2013

Aprelin 3-də Xırdalan şəhər sakini Şəlalə İbrahimova evindən termiki yanıq xəsarəti ilə xəstəxanaya gətirilmişdir.

Abşeron rayon sakini Ə.Əsgərov zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

03.04.2013

Aprelin 3-də Abşeron rayonu Novxanı kənd sakini Ələmdar Əsgərov evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Cəlilabad rayonundakı "Rizvan" ticarət mərkəzində mağazanın tavanının uçması nəticəsində 1 nəfər ölmüşdür

03.04.2013

Aprelin 3-də Cəlilabad rayonu ərazisindəki "Rizvan" ticarət mərkəzində Ocaqlı kənd sakini Gülsümə Zeynalova özünə məxsus mağazada təmir işləri apararkən tavanın uçması nəticəsində ölmüşdür.
Araşdırma aparılır.

Cəlilabad rayon sakini F.İmanova zəhərlənmə ilə xəstəxanaya gətirlmişdir

03.04.2013

Aprelin 3-də Cəlilabad rayonunun Göytəpə şəhər sakini Fəxriyyə İmanova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Cəlilabad rayon sakini N.Nəzərova zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

03.04.2013

Aprelin 3-də Cəlilabad rayonunun Təzəkənd kənd sakini Nailə Nəzərova kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Gədəbəy rayonunda "HOVO" markalı avtomaşın dərəyə aşmışdır

03.04.2013

Martın 3-də Gədəbəy rayonundakı Beynəlxalq Mədən Əməliyyat Şirkətinin ərazisində Söyüdlü kənd sakini Ayaz Abdullayev "HOVO" markalı avtomaşından yükü boşaldarkən avtomaşın dərəyə aşmışdır. Nəticədə A.Abdullayev hadisə yerində ölmüşdür.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Şərur rayon sakini İ.Fərzəliyev su quyusunda işləyərkən hava çatışmazlığından ölmüşdür

03.04.2013

Aprelin 1-də Şərur rayonunun Gümüşlü kəndində kənd sakini İdris Fərzəliyev həyətindəki su quyusunda işləyərkən hava çatışmazlığından ölmüşdür. Araşdırma aparılır.

Xaçmaz rayon sakini R.Adıgözəlov göldə çimərkən boğulmuşdur

03.04.2013

Aprelin 3-də Xaçmaz rayonunun Sərkərli kəndindəki göldə Padar kənd sakini Rafiq Adıgözəlov çimərkən suda boğulmuşdur. R.Adıgözəlovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.
Araşdırma aparılır.

O.M.