Sən demə, qatil qurbanına "sevgi" etirafları edirmiş!

Sən demə, qatil qurbanına "sevgi" etirafları edirmiş!

2 Aprel 2013 21:51
Bəyəndim (0) Bəyənmədim (0)
VİDEO:Cəlilabadda 2 azyaşlı uşağı və 1 qadını xüsusi amansızlıqla qətlə yetirmiş qatilin istintaqı yeni faktları üzə çıxardı

Bir neçə gün əvvəl Cəlilabadda dəhşətli qətl törətmiş şəxs danışıb. Onun verdiyi ilkin ifadəyə görə, hadisəyə səbəb intiqam hissi olub. Guya Musa Mirzəkişi oğlu Quliyev həyat yoldaşı Gülşəndən boşanarkən qayını Məzahirin ailəsi ona qarşı olub. Bu da onu cinayət törətməyə təhrik edib.

Hadisə baş verən vaxt Məzahir işdə olub. İnternet-klubda işləyən Məzahir ən tez halda evə gecə saat 12-də gəlirmiş. Həmin gün də istisna deyildi. Qəfildən onun telefonuna zəng gəlir. Zəng vuran həyat yoldaşı Nahidə olur. Amma qismətdən Məzahir telefona cavab vermir. Bir qədər sonra özü təkrar həyat yoldaşına zəng vurur. Ancaq xanımı telefona cavab vermir. Sən demə, bu zaman 28 yaşlı qadın sağ qalmaq üçün mücadilə edirmiş. Bu ailənin qatili Məzahirin bacısı Gülşənin həyat yoldaşı Musa olub.

4-5 il əvvəl Gülşənlə Musa dini nikahla evləniblər. Bu evlilikdən bir oğulları olub. Qohumlarının dediyinə görə, aralarında narazılıq yarananda hələ körpələri dünyaya gəlməyibmiş. Bir müddət ayrı yaşayıblar. Amma sonradan Məzahir onları barışdırmaq üçün öz evinə gətirib. Həyat yoldaşı Nahidə gələcək qatilinin aylarla qulluğunda durub. Amma sonradan yenə də baldızı Gülşən əri Musa ilə ayrılmalı olub. Qohumları deyirlər ki, buna səbəb Musa Quliyevin narkotik aludəçisi olması idi.

Düz bir il idi ayrı yaşayırdılar. Musa 5 yaşlı oğlundan imtina etmək istəyirmiş. Zərərçəkmişlərin sözlərinə görə, Musa hətta ilaxır çərşənbədə oğlunun beşiyini həyətdə yandıraraq hər kəsdən intiqam alacağını bildirib. Hədəfi isə 4-5 ay evində yaşadığı qaynı Məzahir, Məzahirin həyat yoldaşı və 2 azyaşlı qızı olub.

Hadisə günü o, Nahidənin evinə yollanıb. 28 yaşlı qadın ondan getməsini tələb edərək, özünümüdafiə məqsədilə mətbəx bıçağından və qaynar su ilə dolu çaydandan istifadə edib. Lakin Musa tələbi yerinə yetirməkdən imtina edib. Əlbəyaxa münaqişə zamanı Nahidə onun qolunu yaralayıb. O da Nahidəyə çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra qadının və onun 4 yaşlı körpəsinin başını kəsərək hər ikisini xüsusi amansızlıqla qətlə yetirib. Bununla qane olmayıb qonşu otaqda yuxulu vəziyyətdə olan 2 yaşlı körpənin də başını kəsib.

Hadisədən ilk xəbər tutan qətli törədən Musa Quliyevin bacanağı Siyavuş Təhməzov olub. O, "Məzahirin evi yanır" xəbərinə qaçıb gəlib və belə bir hadisə ilə qarşılaşıb. Qətli törədən Musa Quliyev istintaqa ifadəsində bildirib ki, qaynı Məzahirgilə bayramlaşmaq üçün gedib. Lakin evin xanımı onun üstünə qaynar su ataraq evdən çıxmasını tələb edib.

Oxumeni.az-ın istintaqa yaxın etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, cinayəti törətmiş Musa Quliyev 2-ci qrup əlil statusuna malik olsa da, hadisə zamanı anlaqlı olub. Onun uzun müddətdən bəri psixoloji müalicə almaması, həmçinin istintaqa verdiyi səlis ifadələr bunu deməyə əsas verir. Bundan başqa, Musa Quliyevin cinayəti qisas məqsədilə törətməsi versiyası da əsassız sayılır. Belə ki, o, boşanma məsələsində qaynının ailəsini deyil, ilk növbədə öz həyat yoldaşını günahkar bilib, ondan qisas ala bilərdi. Odur ki, Musa Quliyevin cinayəti törətməsinə səbəb kimi onun qurbanına etdiyi təkliflərə aldığı rədd cavabı ehtimal olunur. Belə ki, cani cinayət törədəcəyi təqdirdə, əqli cəhətdən əlil sayıldığı üçün məsuliyyətdən yaxa qurtaracağını zənn edib. Buna görə də gələcək qurbanına mənəvi cəhətdən təzyiqlər edib. Lakin istəklərinə qəti şəkildə rədd cavabı aldıqda, fiziki cəhətdən müqavimətlə qarşılaşdıqda, cinayətə əl atıb.

Xatırladaq ki, Musa Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.7 maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.

O.M.