Bıçaq gəncin qaraciyərini zədələdi

Bıçaq gəncin qaraciyərini zədələdi

27 Fevral 2013 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonunda qan tökülüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Masallı rayon sakini, 32 yaşlı Rəsul Quliyev "Laçın" ticarət mərkəzinin qarşısında bıçaqlanıb. Naməlum şəraitdə bıçaqlanan yaralı Su Tikinti Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirildi ki, yaralının vəziyyəti ağırdır. Naməlum şəxsin vurduğu bıçaq zərbəsi onun qaraciyərini zədələyib. Ağır cərrahiyyə əməliyyatından çıxan R.Quliyev ayılandan sonra həkimlərə tanımadığı şəxs tərəfindən vurulduğunu deyib.
İşi araşdıran müstəntiq Abdulla Cəlilli bildirdi ki, hadisə ilə bağlı tutulan yoxdur. Müstəntiqin sözlərinə görə, gecə saatlarında naməlum şəxs R.Quliyevə bir bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb.

O.M.