Azərbaycanda 24 fevralın kriminal xronikası

Azərbaycanda 24 fevralın kriminal xronikası

25 Fevral 2013 13:26
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 42 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 19-u "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

24.02.2013

Fevralın 24-də saat 20.50 radələrində Xətai rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Ruslan Əliyev vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Ford-Tranzit" markalı avtomaşının sürücüsü şəhər sakini Vaqif Bakerov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Goranboy rayonunun Qızılhacılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

24.02.2013

Fevralın 24-də saat 23.00 radələrində Goranboy rayonunun Qızılhacılı kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla Naftalan şəhəri sakini Etibar Həsənov vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Bakı şəhər sakini Ağamirzə İslamovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir

24.02.2013

Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki saunaların birində, oranın icarədarı şəhər sakini Ağamirzə İslamovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir.

Quldurluq etmiş Bakı şəhər sakinləri Tural Quliyev, Natiq Əliyev və Elnur Məlikov tutulmuşlar

24.02.2013

Nizami RPİ 23-cü əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də İdris Muradovu bıçaqla hədələyib, ondan 36 manat almış şəhər sakinləri Tural Quliyev, Natiq Əliyev və Elnur Məlikov tutulmuşlar. Elnur Məlikovdan 0,255 qram heroin götürülmüşdür.

Şəmkir rayon sakini Arzuman Qurbanovdan 6,155 kq marixuana götürülmüşdür

24.02.2013

Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Arzuman Qurbanovdan 6 kiloqram 155,2 qram marixuana götürülmüşdür.

Sumqayıt şəhər sakinləri Elnurə Sadıqova və Aqşin Qocayev kimyəvi məhluldan zəhərlənmişlər

24.02.2013

Fevralın 24-də Sumqayıt şəhər sakinləri Elnurə Sadıqova və 1 yaşlı Aqşin Qocayev evlərindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Qardaşı Asifi bıçaqla qətlə yetirmiş Binəqədi rayonunda yaşayan Vasif Maqsudov tutulmuşdur

24.02.2013

Fevralın 24-də Binəqədi rayonunda yaşayan Vasif Maqsudov ailə münaqişəsi zəminində qardaşı Asifi bıçaqla qətlə yetirmişdir. V.Maqsudov Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.

Beyləqan rayonunun İmanverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi

24.02.2013

Fevralın 24-də saat 03.45 radələrində Beyləqan rayonunun İmanverdilər kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən kənd sakini Ceyhun Babayev vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

O.M.