Azərbaycanda 19 fevralın kriminal xronikası

Azərbaycanda 19 fevralın kriminal xronikası

20 Fevral 2013 13:41
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 53 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Mingəçevir şəhər sakini Samir Rundilə bıçaqla xəsarət yetirmiş Pənah Xəlilov tutulmuşdur

19.02.2013

Fevralın 19-da Mingəçevir şəhəri ərazisində, şəhər sakini Pənah Xəlilov münaqişə zəminində həmyerlisi Samir Rundilə bıçaqla xəsarət yetirmişdir. P.Xəlilov ŞPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi

19.02.2013

Fevralın 19-da saat 12.00 radələrində Səbail rayonu ərazisində, şəhər sakini Rahid Əliyev "BMW" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, xəsarət almış R.Əliyev və sərnişinləri, anası Gülçöhrə və bacısı Günay xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

İmişli rayon sakini Orxan Məhəmmədli əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılmışdır

19.02.2013

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonunun Köbürlü kəndi ərazisindəki "Cavidan" kafesində, orada işləyən İmişli rayon sakini Orxan Məhəmmədli əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılmışdır.

İlqar Nuriyevə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Sarvan Məmmədov tutulmuşdur

19.02.2013

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də İlqar Nuriyevə bıçaqla xəsarət yetirmiş şəhər sakini Sarvan Məmmədov tutulmuşdur.

Avtomaşınlardan təkərlərini sökərək oğurlamış Abşeron rayon sakini Pərviz Ağazadə və Bakı şəhər sakini Seymur Cabbarov tutulmuşlar

19.02.2013

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Mehman Rzayevə, fevralın 17-də Aqil Musayevə məxsus avtomaşınlardan təkərlərini sökərək oğurlamış Abşeron rayon sakini Pərviz Ağazadə və Bakı şəhər sakini Seymur Cabbarov tutulmuşlar.

Quldurluq etmiş Saatlı rayon sakini Murad Muradlı tutulmuşdur

19.02.2013

Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Neftçilər prospektindəki "Sahil" restoranının qarşısında, şəhər sakini Rəşad Qarayevi bıçaqla hədələyərək, mobil telefonunu ondan almış Saatlı rayon sakini Murad Muradlı tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun fevralın 18-də Fərhad Mehrəliyevə və Qubad Nuriyevə qarşı zor tətbiq edərək, mobil telefonlarını da alması müəyyən edilmişdir.

Asif Məmmədova bıçaqla xəsarət yetirmiş Sumqayıt şəhər sakini Mirfədail Mircəfərli tutulmuşdur

19.02.2013

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də Asif Məmmədova bıçaqla xəsarət yetirmiş şəhər sakini Mirfədail Mircəfərli tutulmuşdur.

Babək rayonunun Aşağı Buzqov kənd sakini İsa Kərimov tapdığı silah-sursatı təhvil vermişdir

19.02.2013

Babək rayonunun Aşağı Buzqov kənd sakini İsa Kərimov tapdığı 1 ədəd ov tüfəngini, 2 ədəd qumbaranı, 5 ədəd tüstüverici şaşkanı, 453 ədəd müxtəlif çaplı patronu və 5 ədəd patron darağını könüllü olaraq RPŞ-nə təhvil vermişdir.

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

19.02.2013

Fevralın 19-da saat 13.45 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində, Əli Nuriyev "Temsa" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Əşrəfli Məmmədovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Səbail rayonu ərazisində təbii qazın sızmasından ani partlayış baş vermişdir

19.02.2013

Fevralın 19-da saat 14.00 radələrində Səbail rayonu ərazisində, qaz istismar idarəsinin işçiləri Culfa rayon sakinləri Elşən Mikayılov və Əli Rəcəbov sayğac dəyişərkən, təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə ustalar yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Sirkə turşusu və dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

19.02.2013

Fevralın 19-da Sumqayıt şəhər sakinləri Aygün Səfərova, Gülsabah Əlibəyli və Gəncə şəhər sakini Pərvanə İsmayılova evlərindən sirkə turşusu və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.