Dünən Peterburqda 40 azərbaycanlı bir-biri ilə dalaşdı

Dünən Peterburqda 40 azərbaycanlı bir-biri ilə dalaşdı

20 Fevral 2013 09:35
Bəyəndim (0) Bəyənmədim (0)
Silahlı münaqişədə 4 nəfər ağır xəsarətlə xəstəxanaya yerləşdirildi, 15 nəfər tutuldu

Dünən axşam saatlarında Rusiyanın Peterburq şəhərinin Frunze rayonunda kütləvi dava faktı qeydə alınıb. Nəticədə 4 nəfər odlu silahdan aldığı ağır yaralarla xəstəxanaya yerləşdirilib. Novayagazeta.ru-nun Rusiya DİN İstintaq İdarəsinə istinadən yaydığı məlumata görə, münaqişə yerli vaxtla saat 19:30 radələrində Dimitrov küçəsində yerləşən "Çistıye prudı" kafesində baş verib. Kütləvi davada təxminən 40 nəfər Azərbaycan vətəndaşı iştirak edib. Maraqlıdır ki, onlar bir-biri ilə dava ediblər. Şahidlərin ifadələrinə əsasən hüquq-mühafizə orqanlarının gəldikləri ilkin nəticəyə görə, əvvəlcə kafenin ətrafında bahalı avtomobillərin kütləvi özbaşınalığı müşahidə olunub. Belə ki, naməlum maşınlar bir-birini qovmaqla, vurmaqla yanaşı park edilmiş digər maşınları da əziblər. Bu azmış kimi etiraz edən təsadüfi sürücüləri də döyüblər. Daha sonra dava küçədə davam edib. Silahlı atışma və əlbəyaxa münaqişə başlayıb.

Şahidlər bildirirlər ki, hadisə yerinə polis və təcili yardım maşınları yalnız 45 dəqiqədən sonra yetişiblər. Keçirilmiş xüsusi əməliyyat nəticəsində münaqişə sona çatıb, 15 nəfər yaxalanıb. Qalanlarının axtarışı davam etdirilir. Hadisə yerindən bir neçə kəsici alət, beysbol ağacları, iki travmatik tapança və ov tüfənginin mərmiləri müsadirə edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

O.M.