İş adamlarının cinayət işinin gizli məqamları

İş adamlarının cinayət işinin gizli məqamları

18 Fevral 2013 13:27
Bəyəndim (0) Bəyənmədim (0)
05.06.2012-ci ildə Bakıda baş vermiş cinayət işinin İstintaq materialından

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Türkel Əsədullazadənin cinayət işi üzrə məhkəmə istintaqı başlanıb. Xəbər verdiyimiz kimi, sözügedən cinayət hadisəsi bu ilin iyun ayının 5-də baş verib. İstintaq yolu ilə müəyyən edilib ki, həmin gün saat 15:00 radələrində Bakının Suraxanı rayonunda "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel Yeni Günəşlidəki "Badü-Kubə" mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb. Sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə ağır yaralayıb. Ədalət Qəmbərov vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub. İstintaq yolu ilə müəyyən edilib ki, 2003-cü ildən təsis edilən "Badü-Kubə" mənzil-tikinti kooperativi alqı-satqı müqaviləsi əsasında 2007-ci ildə Ədalət Qəmbərov tərəfindən alınıb. Ədalət Qəmbərov kooperativ tərəfindən Yeni Günəşlidə 0.40 ha torpaq sahəsindəki yaşayış binasının inşasını davam etdirib. Bu torpaq sahəsinin, eyni zamanda qonşuluqda yerləşən "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadə "Badü-Kubə"-nin təsisçisi Ədalət Qəmbərova müraciət edərək MTK-nın əvvəlki sahibi ilə aralarında olan şifahi razılaşmanı xatırladaraq, bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kv.m yaşayış sahəsi verilməli olduğunu bildirib. Ədalət Qəmbərov kooperativin yeni sahibi kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdirib. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün Asif Əsədullazadə tərəfindən əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından Ədalət Qəmbərovla aralarında mübahisə yaranıb. Ədalət Qəmbərov binanın tikintisi ilə bağlı sənədləri tələb etdikdə, Asif Əsədullazadə həmin sənədləri toplamağı boynundan atıb. Bundan sonra, Ədalət Qəmbərov binanın tikintisi üçün müvafiq sənədləri toplayıb və ümumi sahəsi 2.000 kv.m-lik 13 mənzilin sənədlərini Asif Əsədullazadəyə təqdim edib. O vaxtdan bəri Asif Əsədullazadə ona verilməli olan payın qalan hissəsini həm məhkəmə yolu ilə, həm də qeyri-qanuni üsullarla tələb edib. Müəyyən olunub ki, Asif Əsədullazadə və Ədalət Qəmbərov arasında olan mübahisə ilə əlaqədar Suraxanı Rayon Prokurorluğunda CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə) və 186.1-ci (əmlakı qəsdən məhv etmə) maddələri ilə ibtidai istintaq aparılaraq icraatı dayandırılmış, Nərimanov polisi İstintaq şöbəsinin icraatında olan 1 iyun 2012-ci il tarixdə CM-nin "xuliqanlıq" maddəsi ilə başlanmış cinayət işləri mövcuddur. Eyni zamanda, "Badu-Kübə"-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılır. İstintaq müəyyən edib ki, "Badu-Kübə" MTK-nın təsisçilərindən olan Nəsib Əliyev və Zaur Cabbarov müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə MTK tərəfindən tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətəndaşa təkrarən sataraq 3.883.332 manat məbləğində pulu, o cümlədən "A.R.&Ko" MMC-nin direktoru Asif Əsədullazadə "Badu-Kübə" MTK-nın inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətəndaşa təkrarən sataraq 632.538 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər. Nəsib Əliyev, Zaur Cabbarov, Asif Əsədullazadə barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin dələduzluq və digər cinayətləri üzrə istintaq davam edir. Bu qalmaqallı dələduzluq olayında əli qana batan Türkel Əsədullzadənin cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Əsədullazadə Türkel Asif oğlu- 1987-ci ildə Bakı şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Ailəlidir. Ali təhsillidir. Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi ev 24, mənzil 10-da yaşayır. AR CM-nin 120.2.4, 120.2.5, 29,120.2.4, 29,120.2.5 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinir.

İSTİNTAQ MATERİALLARINDAN:

"Məni və fəhləni daş-qalaq etməyə başladılar"

Təqsirləndirilən şəxs qismində dindirilən Türkel Əsədullazadə ona elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilib. O, ibtidai istintaq zamanı özünü müdafiə xarakterli ifadələr verərək göstərib ki, hadisə baş verən gün "Altun" istirahət mərkəzinə gəlib, fəhlələrdən birini çağıraraq qonşuluqda tikilən hündür mərtəbəli bina ilə istirahət mərkəzinin arasında olan divarı sökməyi tapşırıb: "Həmin binanı tikən şəxslər qəsdən ailəmə məxsus istirahət mərkəzinin torpağını zəbt edib özlərindən hasar çəkmişdi. Fəhlə gedib hasarı sökmək istəyərkən ailə üzvlərimə məxsus "A.R. & Ko" MMC ilə aramızda mülki mübahisəsi olan "Badu-Kübə" MTK-nın müdiri Ədalət Qəmbərov işçiləri ilə birlikdə məni və fəhləni daş-qalaq etməyə başladılar.

"Əllərində armatur parçaları var idi"

Ədalət Qəmbərov və digərlərinin əllərində armatur parçaları var idi. Bu şəxslərin arasında yalnız Ədaləti, Firudini və mühafizəçi Kamranı tanımışam, qalan şəxslər binanın tikintisində iştirak edən fəhlələr olublar. Ədalətgilin bizə tərəf atdığı daşları görüb məcburi şəkildə istirahət mərkəzinin ofisinə qaçaraq, qapını qırıb, içəri girdim. Oradakı tüfəngi və 7-8 ədəd patronu götürüb çölə çıxdım, patronlardan beşini tüfəngə doldurub hasara tərəf qaçdım. Hasara çatarkən hamının dağılışmasını təmin etmək üçün göyə bir dəfə atəş açdım.

"Atəş bir oğlana dəydi"

Ədalət, Firudin və digərləri üstünə hücum çəkdilər, Ədalətgillə birlikdə olan tanımadığım qırmızı köynəkli oğlan əlindəki armatur parçası ilə məni vurmaq istəyərkən tüfəngdən atəş açıldı. Açılan atəş həmin oğlana dəydi. Özümü itirdim, nə etdiyimi bilmədim. Ümumiyyətlə, heç bir şey yadımda qalmadı. Yalnız təcili tibbi yardım maşını gəldikdən sonra ayıldım. Əlimdəki tüfəngi ora gələn polislərə təhvil verdim".

"Atəş səsləri eşitdim"

Zərərçəkmiş şəxs qismində dindirilən "Badü-Kubə" MTK-nın mühasibi Naibə Rzayeva ibtidai istintaqa verdiyi ifadələrində göstərib ki, işdə olarkən Ədalət Qəmbərovun qudası və xalası oğlu Samid Məmmədov oraya gəlib: "Hasil adlı usta mənə zəng vuraraq Asifgilin yenidən hasarı sökmələrini bildirdi. Mən də bu barədə Ədalət Qəmbərova məlumat verdim. Ədalət Qəmbərov məsələni aydınlaşdırmaq üçün aşağı düşdü. Binanın gözətçisi Kamrana zəng vurub baş verənlər barədə Firudin Əliyevə məlumat verməsini xahiş etdim. Həyətə baxanda Firudin Əliyevlə Samid Məmmədovun sökülən hasara tərəf getdiklərini gördüm. Ofisi bağlayıb Xuraman adlı xadimə qadınla birlikdə orada baş verənləri izləməyə başladıq. Bu vaxt ərzində Firudin Əliyevlə Samid Məmmədov artıq Ədalətin yanına çatmışdılar. Ədalət Qəmbərov iş icraçısı Ramiz Mirzəyevə sökülmüş hasarın daşlarını yenidən üst-üstə yığmaları barədə göstəriş verdi. Elə bu zaman Asif Əsədullazadəyə məxsus "Altun" şadlıq evinin ərazisindən atəş səsi eşidildi. Atəş açılandan sonra Samid Məmmədov qarnını tutub əyilərək yerə yıxıldı. Birinci atəşdən təxminən 1 saniyə sonra ikinci atəş açılanda Ədalət Qəmbərovun aşağı əyilməyinin şahidi oldum.

"33-cü polis bölməsinə məlumat verdim"

Mobil telefonumdan 102 xidmətinə zəng vurub baş verənlərlə bağlı məlumat vermək istədim. Yanımda olan Xuraman qışqıraraq Ədalətə kömək etmək məqsədi ilə aşağı düşməyə başladı. 102 xidməti gec cavab verdiyi üçün, ofisə gedib telefon kitabçasından Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisinə zəng vurub məlumat verdim. Aşağı düşmək istəyəndə Firudin Əliyevin qaça-qaça ofisə gəlməsini gördüm. Tez ofisə girib qapını bağlamağı tapşırdı. Firudinin dediklərindən atəşin Türkel tərəfindən açıldığını, hal-hazırda Türkelin Firudini öldürmək üçün sonuncunun arxası ilə gəlməkdə olduğunu bildim. Ofisə girən Firudinin arxasınca qapını bağlamaq istəyəndə Ədalətin xadimə Xuramanla birlikdə əyilə-əyilə gəldiyini gördüm. Köməkləşib Ədaləti öz xidməti otağındakı stula oturtduqdan sonra ona tibbi köməklik göstərdim.

"Həkimlər binaya daxil ola bilmirdilər"

Gözətçi Kamrana zəng vurub polis və ya təcili tibbi yardımın gəlib-gəlməməsi ilə maraqlandıqda, o, təcili tibbi yardım maşınının gəldiyini, ancaq binanın həyətində silahlı şəxs olduğu üçün həkimlərin binaya daxil ola bilmədiklərini söylədi. Xadimə Xuraman Samid Məmmədova tibbi köməklik göstərməsi üçün qapını açdırıb həyətə düşdü. Bir neçə saniyə sonra Firudin də Türkelin harada olmasını aydınlaşdırmaq məqsədi ilə bayıra çıxdı. Ofisdən çıxdıqdan 30-40 saniyə sonra Firudin qaça-qaça gəlib ofisə girərək, əlində silah olan Türkelin ora gəldiyini deyərək, tez qapını bağlamağı tələb etdi. Dərhal ofisin qapısını yenidən bağladım. Sonradan Firudin ofisdən çıxanda binanın birinci blokunda Türkellə rastlaşdığını və sonuncunun yenidən Firudinin üstünə bir dəfə atəş açdığını dedi. Firudin içəri girib mətbəx otağına keçərək həyətə baxanda binanın həyətindən atəş səsi eşidildi. O, əlini başına tutmuş vəziyyətdə mətbəxdən dəhlizə tərəf gələrək Türkelin həyətdən ona atəş açdığını bildirdi. Bu hadisədən təxminən 30 saniyə sonra ofisin qapısı bərk döyüldü. İlk öncə qapını açmaq istəsəm də, Firudin qapını açmağa qoymadı. Sakitlik yaranandan sonra polislər gəlib Türkel Əsədullazadəni artıq polis bölməsinə apardıqlarını söylədilər. Ədalət Qəmbərovu 3 saylı şəhər klinik xəstəxanasına çatdırmaq mümkün oldu".

"Mənə təsadüfən güllə dəyməyib"

Naibə Rzayeva əlavə olaraq göstərib ki, Türkelin onun olduğu ofisin giriş qapısına atəş açmasına baxmayaraq, təsadüf nəticəsində ona güllə dəyməyib. Türkel Əsədullazadənin hadisə baş verən yerdə guya Firudin Əliyev, Ədalət Qəmbərov, mərhum Samid Məmmədov və orada olan fəhlələrin Türkeli daş qalaq edərək nalayiq söyüşlərlə təhqir etməyi, qırmızı köynəkdə olan Samid Məmmədovun armaturla Türkeli vurmaq istəyərkən sonuncunun əlindəki tüfəngdən atəş açılması barədə verdiyi ifadələrin yalan olduğunu və həqiqəti əks etdirmədiyini bildirib.

"Mənə atamın silahla vurulduğunu dedilər"

Zərərçəkmiş şəxs qismində dindirilən Aslan Məmmədzadə (mərhum Samid Məmmədovun oğlu) ifadəsindən:

- "Badü-Kubə" Mənzil tikinti kooperativi tərəfindən inşa edilən binanın yaxınlığındakı mənzilimizdə olarkən MTK tərəfindən tikilən binanın həyətyanı sahəsinə çoxlu sayda insanın toplaşdığını gördüm. Nəyin baş verdiyini öyrənmək məqsədilə həyətə düşərək insanların toplaşdığı yerə getdim. Orada olan tanımadığım şəxslərdən yeni tikilən binanın həyətində odlu silahdan atəşlər açıldığını, yaralananların və ölənlərin olduğunu öyrəndim. Tikilən binanın həyətyanı sahəsinin giriş darvazasının önündə dayanmış tikintidə usta işləyən əmim oğlu Fəxranı görüb hadisə barədə soruşduqda, o, ağlaya-ağlaya atam Samidin "Altun" şadlıq evinin sahibi Asifin oğlu tərəfindən tüfənglə vurulduğunu bildirdi. Bunu eşidən kimi atamın səhhəti ilə maraqlanmağa başladım. Lakin heç bir dəqiq məlumat əldə edə bilmədim. Yalnız bir saatdan sonra mənə atam Samid Məmmədovun Asifin oğlu Türkel Əsədullazadənin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilməsi məlum oldu.

"Türkel divarı sökəcəyini dedi"

Zərərçəkmiş şəxs qismində dindirilən "Badü-Kubə" MTK-nın sədr müavini Firudin Əliyev ibtidai istintaqa verdiyi ifadələrində göstərib ki, Samid Məmmədovla birlikdə nahar edərkən şirkətin mühasibi Naibə xanım zəng vurub qonşuluqda yerləşən "Altun" restoranının sahibi Asif Əsədullazadənin göstərişi ilə oranın işçilərinin binanın həyətindəki işıq transformatorunu sökdüklərini bildirib: "Samidlə qalxıb binanın həyətinə çəkilmiş hasara tərəf gedərkən Ədalətin də gəlib özünü yetirdiyini gördüm. "Altun" restoranı tərəfdən divarı sökmək istəyən fəhləyə iradlarımı bildirəndə orada olan Asifin oğlu Türkel divarı sökəcəyini söylədi. Ədalət Qəmbərov həmin divarın sökülməyəcəyini və bunu heç kimin edə bilməyəcəyini bildirdikdə Türkel "gör indi kimi gətirirəm" deyib restorana girdi.

"Samidi güllə ilə vurdu"

Bir neçə dəqiqədən sonra Türkel "Altun" restoranının binasından əlindəki beşaçılan ov tüfəngi ilə çıxaraq bizə tərəf gəlməyə başladı. Əvvəlcə Türkelin qorxutmaq məqsədilə üstümüzə gəldiyini fikirləşdim. Amma Türkel tikintinin həyətinə daxil olaraq bizim yanımızdan ötüb üzü Ədalət Qəmbərov tərəfə getdi. Samid Türkel istiqamətində irəlilədi. Qaçarkən ayağı transformatorun yerə düzülmüş armaturlarına ilişdiyindən yıxıldı. Amma Samid Türkelə çata bilmədi. Samidlə Türkelin arasında təxminən bir metr, bəlkə də az məsafə qalanda, Samid Ədaləti vura bilməməsi üçün Türkelin əlindəki beşaçılanı tutduqda, Türkel atəş açaraq onu yaraladı. Atəşin təsirindən Samid transformatorun yarımçıq tikilisinin üzərinə yıxıldı.

"Ədaləti də yaraladı, mənə də atəş açdı"

Ardınca Türkel Ədalətə tərəf dönəndə Ədalət qaçmağa başladı. Türkel Ədaləti nişan alaraq atəş açıb onu da yaraladı. Atəşin təsirindən Ədalət yerə yıxıldı. Türkelin yenə də tüfəngi Ədalətə tərəf tuşladığını görüb yerdəki armaturlardan birini ona tərəf atdım. Ona görə Türkel çönərək əlindəki tüfəngi mənə tuşlayıb atəş açdı. Atəş açılmamışdan əvvəl özümü yarımçıq tikilinin üzərindən yerə atdım, sonra yaxınlıqda olan tikinti kranının yanında gizləndim. Türkel mən kranın yanında olarkən yenidən atəş açdı. İkinci dəfə də güllələr daşa-divara dəydi. Kranın yanından qalxıb binaya tərəf qaçanda Türkel transformatorun yarımçıq tikilisinin üzərinə qalxıb yenidən mənə tərəf atəş açdı, lakin bu dəfə də atılan güllə yan keçdiyindən mənə dəymədi. Canımı qurtarmaq üçün qaçıb binanın ikinci blokuna girəndə gələn səsdən tüfəngin patronlarının qurtardığını hiss etdim. Çünki Türkel atəş açmaq istəyəndə tüfəngin çaxmağı boşa çıxmışdı. Arxaya dönəndə Ədalətin qaçıb birinci bloka girdiyini gördüm.

"Geri çəkildiyimə görə güllə mənə dəymədi"

Ədalət tərəfə getməməsi üçün səs-küy saldım. Türkeli mənə tərəf gəlməyə məcbur etdim. Tüfəngini patronla yenidən doldurandan sonra Türkel mənim arxamca ikinci bloka girdi. Ofisin qapısının ağzına gələn Türkel mənim hansı qapıya girdiyimi bilmədi. Ofisdə olan Naibə və Ədalətlə "102" xidmətinə zəng etməyə çalışdım. Mobil telefon qulağımda ikən pəncərəyə tərəf boylananda düz balkonun altında Türkeli gördüm. Məni görən kimi əlindəki tüfəngi yuxarı tuşlayıb bir dəfə atəş açdı. Tez geri çəkildiyimə görə güllə mənə dəymədi.

Türkel Əsədullazadənin göstərdiyi xüsusatlar həqiqəti əks elətdirmir. Hadisə baş verən vaxt mən, Ədalət Qəmbərov, mərhum Samid Məmmədov, Arif adlı fəhlə, iş icraçısı Ramiz və adını bilmədiyim başqa bir fəhlə Türkeli daş qalaq etməmişik, nalayiq söyüşlərlə söyməmişik. Samid Məmmədov Türkeli armaturla vurmaq istəməyib. Axı heç onun əlində armatur olmayıb".

Qeyd: Məhkəmə prosesi davam edir...

İnarə Rafiqqızı

O.M.