Azərbaycanda 13 fevralın kriminal xronikası

Azərbaycanda 13 fevralın kriminal xronikası

14 Fevral 2013 13:37
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 65 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 65 cinayət faktı qeydə alınmış, onların da 55-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 11 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 54 nəfər tutulmuşdur.

Qaradağ rayonundakı "Dərya" kafesində naməlum şəxs rayon sakini Ş.Rəhimova bıçaqla xəsarət yetirmişdir

13.02.2013

Fevralın 14-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Dərya" kafesində, naməlum şəxs həmin qəsəbə sakini Şaiq Rəhimova bıçaqla xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya gətirilmiş Ş.Rəhimov orada ölmüşdür. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Qaradağ RPİ tərəfindən aparılır.

Göytəpə şəhər sakini M.Həsənovdan 5 kiloqramdan artıq tiryək götürülmüşdür

13.02.2013

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Mirməmməd Həsənovdan 5 kiloqram 15 qram tiryək götürülmüşdür. M.Həsənovun həyətyanı sahəsinə baxış zamanı 13 kiloqram 310 qram tiryək və 1 kiloqram 710 qram həşiş aşkar edilərək götürülmüşdür.

Lənkəran şəhər sakini Ş.Məmmədovun evində tiryəkxana təşkil etməsi müəyyən edilmişdir

13.02.2013

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Şaiq Məmmədovun evində tiryəkxana təşkil etməsi müəyyən edilmişdir. Evdə onun özünün, rayon sakinləri Əliağa Əliyev, Azər Qurbanov, Fərhad Nuriyevin və Lerik rayon sakini Vüsal Həbibullayevin inyeksiya yol ilə heroin məhlulu qəbul etmələri aşkar edilmiş və onlar saxlanılmışlar. Evə baxış amanı 452,709 qram heroin, 50 ədəd istifadə edilmiş, 30 ədəd istifadə edilməmiş birdəfəlik şpris və narkotik məhlul hazırlamaq üçün qablar aşkar edilərək götürülmüşdür.

Biləsuvar rayonu ərazisində qanunsuz ov etdiyinə görə S.Orucov saxlanılmışdır

13.02.2013

Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Biləsuvar rayonu ərazisində, qanunsuz ov etdiyinə görə Seymur Orucovu saxlamışlar. Ondan 1 ədəd "Altay" markalı ov tüfəngi, 4 ədəd patron və 40 ədəd çöl quşu götürülmüşdür.

Metronun "Memar Əcəmi" stansiyasının yeraltı keçidində mağazadan oğurluğa cəhd göstərmiş N.Rəsulov tutulmuşdur

13.02.2013

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində fevralın 13-də "Memar Əcəmi" stansiyasının yeraltı keçidində, şəhər sakini Səid Mövsümova məxsus mağazadan oğurluğa cəhd göstərmiş Şirvan şəhər sakini Nurələm Rəsulov tutulmuşdur.

Fevralın 12-də T.Hümmətova bıçaqla xəsarət yetirmiş C.Cahangirov tutulmuşdur

13.02.2013

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Tacəddin Hümmətova bıçaqla xəsarət yetirmiş Gəncə şəhər sakini Cahangir Cahangirov tutulmuşdur.

Fevralın 5-də "Vedi Şiraz" MMC-nə məxsus dəmir boruları oğurlamış şəxslər tutulmuşlar

13.02.2013

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də "Vedi Şiraz" MMC-nə məxsus 132 metr uzunluğunda dəmir borunu oğurlamış şəhər sakinləri Arif Qasımov və Fərman Məmmədov tutulmuşlar.

Fevralın 10-da Bakı şəhər sakini V.Baxşıyevə bıçaqla xəsarət yetirmiş M.Abbasov tutulmuşdur

13.02.2013

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Vasif Baxşıyevə bıçaqla xəsarət yetirmiş şəhər sakini Murad Abbasov tutulmuşdur.

Fevralın 10-da Bakı şəhər sakini D.Məmmədovun evindən oğurluq etmiş şəxslər tutulmuşlar

13.02.2013

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Davud Məmmədovun evindən oğurluq etmiş şəhər sakinləri Əsgər Bədirov, Abdulla Abasquliyev və Anar Həsənov tutulmuşlar.

Bakı şəhər sakini K.Mirzəyevə məxsus çay evindən oğurluq etmiş şəxslər tutulmuşlar

13.02.2013

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-nə keçən gecə Bakı şəhər sakini Kamil Mirzəyevə məxsus "Vilvan" çay evindən 1 ədəd televizor oğurlamış şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tural Əliyev və Əli Məmmədov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin yanvar və fevral ayları ərzində Orxan Qəhrəmanova, İslam Yusifova məxsus mağazalardan, Elşən Əkbərova və Bəhruz Həsənova məxsus çay evlərindən oğurluq etmələri də müəyyən edilmişdir.

Vətəndaş İ.Abbasova məxsus avtomaşından oğurluğa cəhd göstərmiş E.Əliyev tutulmuşdur

13.02.2013

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Novxanı bağlar sahəsindəki evlərdən birində yaşayan İlkin Abbasova məxsus "VAZ-2106" markalı avtomaşından oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini Etibar Əliyev tutulmuşdur.

Gəncə şəhər sakini İ.Əliyevə qızıl adı ilə qızıl suyuna salınmış metaldan hazırlanmış boyunbağıları satmış Tərtər rayon sakini T.Həsənov saxlanılmışdır

13.02.2013

Fevralın 12-də Gəncə şəhər sakini İsgəndər Əliyev Gəncə BPİ-nə müraciət edərək, 2012-ci ilin iyun ayında 54,6 qram qızıl suyuna salınmış metaldan hazırlanmış 3 ədəd boyunbağını qızıl adı ilə 1600 manata ona satmış şəxsi "Tofaş" markalı avtomaşında görməsini bildirmişdir. Qeyd edilən avtomaşını idarə edən Tərtər rayon sakini Təvəkkül Həsənov saxlanılmış, avtomaşına baxış zamanı qızıl suyuna salınmış 5 ədəd metaldan hazırlanmış 5 ədəd boyunbağı və 1 ədəd tərəzi götürülmüşdür.

Fevralın 12-də M.Məmmədova məxsus avtomaşını qaçırmış İ.Bağırov saxlanılmışdır

13.02.2013

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Mənsur Məmmədova məxsus "TOFAŞ" markalı avtomaşını qaçırmış Kürdəxanı kənd sakini İlham Bağırov saxlanılmış, avtomaşın sahibinə qaytarılmışdır.

Beyləqan rayonu ərazisindən hərbi sursat tapılmışlar

13.02.2013

Beyləqan RPŞ əməkdaşları rayon ərazisindəki məişət tullantıları atılan sahədən, 1 ədəd "AK-74" markalı avtomat, 21 ədəd avtomat patronu və 1 ədəd patron darağı tapılmışlar.

Fevralın 11-də Qax rayon sakini H.Qasayevin evindən oğurluq etmiş M.Həsənov tutulmuşdur

13.02.2013

Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Hacı Qasayevin evindən 4 ədəd mobil telefon oğurlamış Ağsu rayon sakini Müşfiq Həsənov tutulmuşdur.

Fevralın 12-də Hacıqabul rayon sakini A.Tapdıqova məxsus qoyunları oğurlamış şəxslər tutulmuşlar

13.02.2013

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Nəvahi kəndinin otlaq sahəsindən, kənd sakini Arif Tapdıqova məxsus 2 baş qoyunu oğurlamış həmyerliləri Əhəd Tapdıqov və Fərrux Tapdıqov tutulmuşlar.

Oğurluq etdiyinə görə tutulmuş Z.Məmmədalıyevin digər şəxslə birgə mal-qara oğurluqları törətmələri müəyyən edilmişdir

13.02.2013

Oğurluq etdiyinə görə fevralın 12-də İmişli RPŞ əməkdaşları tərəfindən tutulmuş Ziya Məmmədalıyevin ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində onun 2012-ci il dekabrın 25-də Biləsuvar rayonunda yaşayan Cəbrayıl rayon sakini Bayram Talıbov ilə birgə, Cəbrayıl Rəhimova məxsus yardımçı təsərrüfatdan 17 baş, habelə cari ilin yanvar ayının 28-də, Mirsalı Uğurluyevin həyətindən 2 baş qoyun oğurlamaları da müəyyən edilmişdir. B.Talıbov tutulmuşdur.

Cəlilabad rayon sakini M.Seyfullayevin evindən silah-sursat götürülmüşdür

13.02.2013

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məmməd Seyfullayevin evindən 2 ədəd "TOZ-8" tüfəngi, 24 ədəd müxtəlif çaplı patron, kustar üsulla hazırlanmış 2 ədəd silah və digər hərbi sursatlar götürülmüşdür.

6 nəfər zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

13.02.2013

Fevralın 13-də Sumqayıt şəhər sakinləri Kəmalə Teymurova, Esmira Əliyeva, Gəncə şəhər sakini Səkinə Bağırova, Abşeron rayon sakini Əli Qəmbərov və Ağdam rayon sakinləri Mirağa Əsədov və bacısı İradə Məmmədova evlərindən qidadan (pomidor turşusundan), dəm qazından və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.