“Elit” Ticarət Mərkəzində baş vermiş kütləvi dava ilə bağlı Baş Prokurorluq məlumat yayıb

“Elit” Ticarət Mərkəzində baş vermiş kütləvi dava ilə bağlı Baş Prokurorluq məlumat yayıb

14 Fevral 2013 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda "Elit" Ticarət Mərkəzində baş vermiş kütləvi dava ilə bağlı Baş Prokurorluq məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hadisə fevralın 10-da saat 23:00 radələrində baş verib. Belə ki, Bakı şəhər sakini Vasif Vaqif oğlu Həsənov "Elit" Ticarət Mərkəzinin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq mərkəzin əməkdaşları ilə mübahisə edib. Mübahisə daha da şiddətlənib. V.Həsənov üstündə gəzdirdiyi bıçaqla orada işləyən Məftun Qasımov, Əli Mirzəyev və İlqar İbrahimova müxtəlif dərəcəli xəsarətlər yetirib. Mərkəzin əməkdaşları aldıqları xəsarətlərlə bağlı xəstəxanaya yerləşdiriliblər. Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. V.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

O.M.