Lənkəranda tiryəkxana aşkarlanıb

Lənkəranda tiryəkxana aşkarlanıb

14 Fevral 2013 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının birgə iştirakı ilə iki əməliyyat keçirilib. Məlumata görə, ilk əməliyyat Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində reallaşıb. Əməliyyat nəticəsində Gərmətük qəsəbə sakini, 54 yaşlı Vaqif Xeyrulla oğlu Babayevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən 2,5 kq çəkidə ağ sellofan torbada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Vaqif Babayevin üzərinə baxış keçirilən zaman isə ondan 2 bükümdə 1,73 qram marixuana aşkar edilib.
Digər əməliyyat zamanı isə Lənkəran şəhəri, Vaqif küçəsi, ev 10 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş 42 yaşlı Şaiq Məmməd oğlu Məmmədovun yaşadığı evdə qanunsuz fəaliyyət göstərən tiryəkxananın təşkil edildiyi müəyyənləşdirilib. Məlum olub ki, Ş. Məmmədov müəmmalı narkotik vasitələrinin inyeksiya yolu ilə qəbulu üçün müəyyən şəxsləri evinə yığaraq onlara şərait yaradıb. Bu yolla o, həm gəlir əldə edib, həm də hər gün narkotik vasitələrdən asılı olan onlarla şəxsə "yardımçı" olub. Əməliyyat zamanı evdə toplaşmış narkomanlar yaxalanıb, buradakı müxtəlif adda narkotik vasitələr və narkotiklərin qəbulu üçün istifadə olunan vasitələr isə maddi sübut kimi götürülüb. Hər iki faktla bağlı hazırda araşdırma aparılır.

O.M.