Dayısının nazir olduğunu deyən “mavi” Nabranda qətlə yetirildi

Dayısının nazir olduğunu deyən “mavi” Nabranda qətlə yetirildi

13 Fevral 2013 19:00
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Xüsusi amansızlıqla qətlə yetirilən şəxs maddi cəhətdən imkanlı idi

Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələ şəhər sakini Fərzəliyev Sərxan Ceyhun oğlunun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ittiham olunurdu. Məhkəmə yolu ilə müəyyən edilib ki, Sərxan Fərzəliyev əvvəllər tanıdığı Ceyhun Xudaverdiyevi (Ad dəyişdirilib - red.) qarət məqsədilə xüsusi amansızlıqla maddi cəhətdən imkanlı, eləcə də "uşaqbazlıq"la məşğul olduğunu bilərək, 30 iyul 2011-ci il tarixdə, saat 23:00 radələrində sonuncunun Xaçmaz rayonu, Nabran kəndi ərazisində idarə etdiyi "Hyundai Santa-Fe" markalı avtomaşınla keçdiyini görüb. O, Ceyhun Xudaverdiyevin avtomaşınını və üstündəki pullarını ələ keçirmək niyyəti ilə qardaşı Orxan Fərzəliyevin işlətdiyi "Qafqaz" istirahət mərkəzinin mətbəxindən bıçaq götürüb. Adıçəkilən şəxsi öldürməyi planlaşdıran S.Fərzəliyev bir neçə dəfə zəng vuraraq uşaqbazlıqla əlaqədar söhbət etmək üçün C.Xudaverdiyevi "Qafqaz" istirahət mərkəzinin qarşısına çağırıb. İyul ayının 31-də gecə saat 02:00 radələrində C.Xudaverdiyev avtomaşınla həmin yerə gəlib. S.Fərzəliyev avtomaşına minərək xəlvəti yerə getmək adı ilə onu Xaçmaz rayonu, Tel kəndi ərazisindəki meşə kənarına aparıb. Hər ikisi avtomaşından yerə düşərkən gözlənilmədən S.Fərzəliyev C.Xudaverdiyevə basqın edib. Əvvəlcə yumruqla, sonra isə bıçaqla onun boynuna, döş qəfəsinə ardıcıl zərbələr endirib. Yaralını yolun kənarındakı meşəyə atıb və sonuncuya məxsus avtomaşına minərək hadisə yerindən uzaqlaşıb. 200 metr aralandıqdan sonra avtomaşın sahibinin ölməsinə tam əmin olmaq üçün geri qayıdıb. C.Xudaverdiyevin ağır vəziyyətdə inildəyərək can verdiyini gördükdə, ona təkrar zərbələr endirib. S.Fərzəliyev C.Xudaverdiyevi xüsusi amansızlıqla qətlə yetirdikdən sonra ona məxsus 23 manat pulu, "Nokia" markalı mobil telefonu, 23.000 manat məbləğində "Hyundai Santa-Fe" markalı avtomaşını ələ keçirərək hadisə yerindən qaçıb.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Fərzəliyev Sərxan Ceyhun oğlu - 1988-ci ildə Qəbələ şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Subaydır. Orta təhsillidir. Qəbələ rayon Nohurqışlaq kəndində yaşayır. AR CM-nin 120.2.4, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Kişiyə belə söhbət yaraşmaz"

Təqsirləndirilən şəxs qismində dindirilən Sərxan Fərzəliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində qətlə yetirdiyi şəxsi əvvəllər tanıdığını göstərib: "Qardaşım Orxan Nabran qəsəbəsində yerləşən "Qafqaz" istirahət mərkəzini başqa şəxslərlə şərikli olaraq icarəyə götürmüşdü. Ötən ilin iyul ayında qardaşıma kömək məqsədilə həmin istirahət mərkəzinə getmişdim. Qardaşımın yerinə inzibati işlərini yerinə yetirirdim. Məhz həmin vaxt ilk dəfə Ceyhun Xudaverdiyevi görmüşəm. Dəqiq tarixi yadımda qalmayıb, 2011-ci ilin iyul ayında gecə saat 24:00 radələrində Ceyhun öz maşını ilə istirahət mərkəzinə gəldi. Yaxın günlərdə tək və yaxud dostları ilə birlikdə gəlib dincəlmək istədiyini, lakin qiymətlərin onu qane etmədiyini dedi. Dedim ki, mövsüm təzə başlayıb, qiymətdə güzəşt edə bilərik. O da dostu ilə bir həftə gəlib qalacağını deyərək, 20 manat beh verdi. Pulu istirahət mərkəzinin əməkdaşı Sərxana verdim. Bu vaxt dostlarım məni Nabrana "Sun-Set" istirahət mərkəzinə çağırdılar. Ceyhun "Həmin istiqamətə gedirəm, səni də apara bilərəm", - dedi. Razılaşıb avtomaşınına əyləşdim, yola düşdük. Əslində, "Qafqaz"dan "Sun-Set"ə qədər məsafə təxminən 400 metrdir. Kaş o yolu piyada gedəydim. Maşında Ceyhun mənə qəbələlilər haqda bir söz dedi (etik normaları nəzərə alaraq bu ifadəni dərc etmirik -red.). Ceyhunun belə danışığından əsəbiləşdim, dedim: "kişiyə belə söhbət yaramaz". Hətta onun danışığını məcazi mənada başa düşdüm. Elə bildim ki, Ceyhun qəbələlilərin imkanlı olmasına işarə edir.

"Söhbət zamanı onun "mavi" olmasına tam əmin oldum"

Bir qədər sonra "Sun-Set"-dən çıxıb "Qafqaz"a qayıtmaq istədim. Bu zaman Ceyhunun maşınının "Sun-Set"in qarşısında dayandığını, özünün də maşının yanında olmasını gördüm. O, mənə dostunu gözlədiyini, lakin gözlədiyi adamın gəlib çıxmadığını söylədi. Ceyhuna "Qafqaz"a qayıtmaq istədiyimi dedim. Ceyhun da maşınla aparmağı təklif etdi. Yolboyu Ceyhun yaxşı işdə işləməsindən, yaxşı qohumları olmasından danışdıqda, bunların mənə heç bir dəxli olmadığını dedim.

"Qafqaz"a qayıtdıqdan sonra mərkəzin işçiləri Zahir və Seymurla, həmçinin Ceyhunla birlikdə çörək yedim, spirtli içki qəbul etdim. Ceyhun mədəsinin xəstə olmasını bildirərək cəmi bir qədəh araq içdi. Söhbət zamanı Ceyhunun "mavi" olmasına tam əmin oldum. Seymura da Ceyhunun "mavi" olduğunu açıqladım. Dedim ki, əgər burada istirahət etsə, diqqət yetirmək lazımdır ki, biabırçılıq olmasın. Həmin vaxt istirahət mərkəzində istirahət edən bir xanım mənə Nabran qəsəbəsinə getmək üçün taksi tutmağı xahiş etdi. Ceyhun təklif etdi ki, xanımı birlikdə qəsəbəyə aparıb qayıdaq. Xanımı qoyub qayıdandan sonra məlum oldu ki, qadının dəniz kənarında, istirahət etdiyi yerdə şalı qalıb. Həmin şalı tapıb qadına qaytardıq.

"Cinsi əlaqədə olmağı təklif etdi"

Birinci görüşümüzdən təxminən bir həftə sonra Ceyhun mənə zəng vurub istirahət mərkəzində qalmaq istədiyini bildirdi. Dedim ki, nə vaxt istəyirsənsə gəl qal. Lakin Ceyhun gəlmədi. Bir qədər sonra yenidən zəng vurub dedi ki, yolun kənarına çıx.

Qardaşım çolpa almışdı, çolpaların ayaqları iplə bir-birinə bağlanmışdı. Mətbəxdən dedilər ki, çolpalardan müştərilər üçün nahar hazırlamaq istəyirlər. Mən də çolpaları kəsmək üçün bıçaq götürdüm. Elə bu zaman Ceyhun öz avtomaşını ilə yanıma gələrək mənə sözü olduğunu dedi və yanında oturmağımı istədi. Ceyhunun maşınına əyləşəndə o, dayısının nazir işlədiyini dedi. Mən də cavabımda bunun mənə dəxli olmadığını söylədim. Bu zaman o, mənə cinsi əlaqədə olmağı təklif etdi. İmtina edərək, onu yaxşı bir oğlan kimi tanıdığımı dedim. "Bir daha gözümə görsənmə, əks təqdirdə səni vuracağam", - dedim. Cavabında Ceyhun məni təhqir etdi.

"Hər dəqiqə nazir dayısından söz salırdı"

Ceyhuna avtomobilini idarə etməyi təklif etsəm də, o, yenə nazirdən söz saldı. Maşında söhbət edə-edə gedən zaman onun niyyətinin yaxşı olmadığını görüb "Geri qayıt, mənə problem yaratma", - dedim. Söhbətarası məndən indiyə qədər kiminləsə yaxınlıq edib-etmədiyimi soruşduqda, ona qadınla olduğumu, kişiylə heç vaxt cinsi əlaqədə olmadığımı bildirdim. O, "meşəliyə çatanda kefini açacağam", - dedi. Ceyhuna maşından düşüb dərindən nəfəs almağı məsləhət gördüm. Maşından düşən kimi ona bir yumruq vurdum. Zərbənin təsirindən yerə yıxıldı.

"Neçə zərbə vurmağımı xatırlamıram"

Bıçağı çıxarıb ilk zərbəni sinəsinə, ikinci zərbəni isə böyrəyinə vurdum. Bundan sonra neçə zərbə və harasından vurmağımı xatırlamıram. Huşsuz vəziyyətdə yerdə uzandığını görüb onu 3-4 metr kənara sürüyüb atdım. Maşına əyləşib sürüb getdim. Yolda olarkən Ceyhunun sağ olmasını və ona kömək lazım olmasını düşünərək geri qayıtdım. Geri qayıtdıqda onun dizi üstə çömbəldiyini gördüm. Yaxınlaşanda ayağımdan yapışdı. Bıçaqla boğaz nahiyəsinə daha bir zərbə endirdim, sonra "Qafqaz" istirahət mərkəzinə qayıtdım.

"Xırıltısı gözümün qabağından getmir"

"Qafqaz"a qayıdıb, Seymuru yuxudan oyadaraq, Ceyhunu öldürdüyümü söylədim. Seymur mənə, "Balalarım var, məni zibilə salma", - dedi. Həmin gün Qəbələdən olan dostum Ramin yanıma istirahət etməyə gəlmişdi. Ramin mənə zəng vurub Xudata çatdığını bildirdi. Mən də Ceyhunun maşını ilə Xudata gedərək Raminlə görüşdüm. Ramin gəldiyi taksidən enib mənim idarə etdiyim maşına əyləşdi. Raminin yanında yol çantası vardı. Həmin çantanı maşının arxa oturacağına qoymuşdu. Yolda Raminə maşının dostuma məxsus olduğunu, müvəqqəti sürməyə götürdüyümü dedim. Yolda olarkən "Ramin, xırıltısı gözümün qabağından getmir", - dedim. Ramin nə olduğunu soruşanda, adam vurduğumu bildirdim. Əvvəl inanmadı, lakin Raminə izah etdim ki, maşın öldürdüyüm adamındır, həmin adam "mavi" olduğu üçün onu meşədə bıçaqla vurub öldürmüşəm.

"Hadisə barədə heç kimə heç nə demədik"

Ramin məni danladı, nə düşündüyümü soruşdu. Dedim ki, Qəbələyə gedib qardaşım Orxanla məsləhətləşməliyəm. Xudatın çıxacağında Ceyhuna məxsus mobil telefonu hissələrə ayıraraq çölə tulladım. Yolda olarkən Ramin maşının bardaçokunda gördüyü mətbəx bıçağını yolun kənarına atdı. Birbaş Raminin anasıgilin Balaxanı qəsəbəsində yerləşən evlərinə gəldik. Baş verənlər barədə evdəkilərə heç nə demədik. Raminin evindən "10-VO" rəqəmləri ilə başlayan başqa avtomaşının nömrəsini götürdük ki, Ceyhunun avtomaşınına taxaq. Bundan başqa Ramin həyətdə özünə məxsus rəngləmək üçün olan avadanlığını da götürüb avtomaşının yük yerinə qoydu. Raminlə mən Ceyhunun maşını ilə Qəbələyə yola düşdük. İsmayıllı rayonuna çatanda Raminə avtomaşına öz nömrələrini vurmasını məsləhət gördüm. İstəmirdim ki, avtomaşının əsl nömrəsini rayonda görsünlər.

"Öldürmüsən, get təslim ol"

Səhər tezdən Qəbələ şəhərinə çatmağa bir qədər qalmış qardaşıma zəng vurub onunla işim olduğunu söylədim, çölə çıxmasını xahiş etdim. Orxanla Tüntül və Yengicə kəndləri arasındakı yolda görüşdük. Qardaşıma bir nəfər "mavi"ni öldürdüyümü, içərisində olduğumuz maşının öldürülən adama aid olduğunu, maşını yandırmaq və onunla məsləhətləşmək istədiyimi bildirdim. Ağır cinayət törətdiyimə görə qardaşım əsəbiləşdi, mənə irad tutdu, hətta üzümə bir sillə də vurdu. Orxan gedib könüllü təslim olmağı, maşını yandırmağın lazımsız olmasını məsləhət görərək "Öldürmüsən, maşını yandırma, get təslim ol," - dedi. Onsuz da bu hadisənin üstünün açılacağını deyən qardaşım "Təslim olmaqdan qorxursansa mənimlə gedək," - dedi. Ona təslim olacağıma söz verdim.

"Səni ondan da pis günə salaram"

Nabrana gəldim, burada Seymuru gördüm. Maşın isə Ramində qaldı. Söhbət zamanı Seymur məndən şikayət edəcəyini bildirdi. "Özümə və ailəmə görə narahatam, get hadisə barədə polisə xəbər ver, mənim adımı hallandırma, yoxsa özüm gedib polisə xəbər verəcəyəm ki, sonradan problem yaranmasın". Ona "Özüm təslim olacam, sən məndən şikayət etsən, səni Ceyhundan da pis günə salaram," - dedim. 2011-ci ilin avqust ayının 4-də polis əməkdaşları məni həmin mərkəzdə tutdular. Əvvəlcə Seymur tərəfindən satıldığımı düşündüm, lakin sonradan məni Seymurun satmadığını, əksinə, dostluq etdiyim Raminin polisə xəbər verdiyini başa düşdüm. Etdiyim əməldən peşmanam"

"Bir nəfər "mavini" öldürmüşəm, maşın da onundur"

Şahid qismində dindirilən Ramin İbrahimov ifadəsində təqsirləndirilən şəxslə yaxın dost olduqlarını göstərib: "Evimin tikintisi ilə məşğul olarkən Qəbələ şəhər sakini Sərxan Fərzəliyevlə tanış olaraq onunla dostluq etməyə başlamışam. Arada mobil telefonla danışıb hal-əhval tutarkən Sərxan məni yanına, Nabrana istirahət etməyə çağırırdı. 31 iyul 2011-ci ildə özümlə paltar, noutbuk və kamera olan idman çantası da götürərək Nabrana yola düşdüm. Gecə saat 03:00 radələrində Sərxan telefonla zəng vurub harada olduğumu soruşdu. Dedi ki, Xudat şəhərində at heykəlinin yanında taksidən düş, orada səni qarşılayacağam. Gecə saat 03:30 radələrində həmin yerdə taksidən düşdüm, gördüm ki, Sərxan "Hyundai Santa Fe" markalı, ağ rəngli avtomaşınla orada dayanıb gözləyir. Sərxanla görüşüb öz idman çantamı onun avtomaşınına qoyub nə məsələ olduğunu soruşdum, Sərxan dedi ki, Bakıya getmək lazımdır, yolda danışarıq. Avtomaşının kimə məxsus olduğunu soruşduqda isə Sərxan dedi ki, dostu olan yaxşı oğlanlardan birinindir. Sərxanın sərxoş olduğunu görüb sükan arxasına oturdum, Sərxan da yanında əyləşdi. Bakı şəhəri istiqamətində hərəkət edərkən Sərxan avtomaşındakı hansısa mobil telefonu pəncərədən çölə atdı. Xızı rayonu ərazisində dedi ki, avtomaşını saxla, ürəyim bulanır. Avtomaşını saxladıqda Sərxan yerə düşüb öyüyüb qusmağa başladı. Dedi ki, bir nəfər "mavi"ni öldürüb, avtomaşın da öldürülən adamındır.

"Qorxdum ki, birdən məni də öldürər"

Əvvəlcə onun sözlərinə inanmadım, lakin Sərxanın maşınla olması məni bərk qorxutdu. Həmin adamı niyə öldürdüyünü soruşduqda, Bakıda hər şeyi danışacağını bildirdi. Sonra başa düşdüm ki, Sərxan məni işə salıb. Sərxanın məni də öldürə biləcəyindən qorxduğum üçün maşını Balaxanı qəsəbəsində yaşayan anamgilə sürdüm. Səhər saatlarında Balaxanıya çatdıq. Hadisə barədə evdəkilərə heç bir söz deməyib özümə məxsus olan "Fiat" markalı avtomaşının bir cüt uzun 10-VO-573 dövlət qeydiyyat nişanlarını götürüb avtomaşına qoydum ki, nömrəni avtomaşının üstünə taxaq, yolda polis saxlamasın. İxtisasca rəssam-heykəltəraş olduğum üçün bəzi əmək alətlərini və Rusiyadan gətirdiyim pulverizatoru götürüb avtomaşına qoydum. Sərxanla Qəbələ rayonuna yola düşdüm, İsmayıllı ərazisində maşının hər iki nömrələrini açıb qarşıya 10-VO-573 dövlət qeydiyyat nişanlarından birini bərkitdim, arxadakı nömrə yeri kvadrat olduğundan ikinci uzun nömrəni oraya bərkidə bilmədim. Səhər saat 08:00 radələrində Sərxan qardaşı Orxana zəng vurub bir nəfəri vurduğunu və onun avtomaşını ilə gəldiyini dedi. Orxan ona Tüntül kəndində qayınatasının evində olduğunu və RLS tərəfə gedən ara yolda bizi gözləyəcəyini bildirdi. Tüntül kəndinə çatdıqda Sərxan maşına əyləşdi. Orxan qardaşını belə bir ağır cinayət törətdiyi üçün danlayaraq sillə ilə vurdu, niyə belə iş gördüyünü soruşdu. Sərxan da "söyüş söydü, mən də vurdum" dedi. O da Sərxana gedib təslim olmağı məsləhət gördü. Sərxan Nabranda təslim olacağını dedi.

QEYD: Məhkəmənin hökmü ilə Sərxan Fərzəliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son söz əvəzi:

İnsanlar dərilərinin rənginə görə müxtəlif irqlərə bölünürlər. Cinayətin isə cəmi bir rəngi olur: QARA!

İnarə Rafiqqızı

O.M.