Moskvada 42 yaşlı Azərbaycan vətəndaşı yol polislərini yaraladı

Moskvada 42 yaşlı Azərbaycan vətəndaşı yol polislərini yaraladı

13 Fevral 2013 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtında Azərbaycan vətəndaşı idarə etdiyi avtomobili 3 yol polisinin üzərinə sürərək onları ağır yaralayıb. Rusiya mətbuatının bu gün yaydığı məlumata görə, hadisə 10 fevral günü yerli vaxtla səhər saat 06:00 radələrində Moskvanın Kutuzov prospektində baş verib. Təhlükəsizlik kameralarının görüntülərindən bəlli olub ki, yol polisləri başqa bir sürücü haqda protokol tərtib etdikləri zaman BMW markalı maşın orta sürətlə onların üzərinə şütüyüb. Nəticədə 2 polis müxtəlif dərəcəli xəsarətlə Sklifosofskiy adına xəstəxanaya yerləşdirilib. Üçüncü polis isə axsayaraq ayağa durub. Hadisə zamanı barəsində protokol tərtib olunan Denis adlı sürücü şahid qismində verdiyi ifadədə gördüklərini bu cür təsvir edib: "Mən dostum Sergeylə onun maşınının yanında durub pivə içirdim. Bu vaxt 3 yol polisi bizə yaxınlaşaraq "maşını oğurlamaq istəyirsiniz" sualını verdilər. Dostum maşınını açıb sənədləri göstərdi. Onda polislər içkili olduğumuz üçün barəmizdə protokol tərtib etməyə başladılar. Halbuki həmin vaxt nə mən, nə də dostum sükan arxasında deyildik. Elə bu zaman gözlənilmədən hardansa maşın çıxaraq onları əzdi".

Xatırladaq ki, yol qəzasını törətmiş 42 yaşlı Azərbaycan vətəndaşı Elman Abdullayev polislər tərəfindən yaxalanarkən onun Rusiya ərazisində qeyri-qanuni yaşadığı bəlli olub.

O.M.