İstintaq materialından: “Hərraca qoyulmuş namus!”

İstintaq materialından: “Hərraca qoyulmuş namus!”

12 Fevral 2013 14:47
Bəyəndim (0) Bəyənmədim (0)
Göyçayda iş adamını yatağa salıb, şantaj yolu ilə ondan 50 min manat tələb edən dəstə üzvləri cəzalarına çatdılar

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə hədə-qorxu yolu ilə tələbetmə, quldurluq və narkotik vasitələrdən istifadə etmə cinayətlərində ittiham olunan Göyçay rayon sakinləri - İldırım Rəhimov, Elbrus Rəhimov, Fərqanə Zeynalova, Elbrus Zeynalov və Fədayə Əzizovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, təqsirləndirilən şəxslər ötən il martın 2-də Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulublar. Göyçay rayonunda "peşəkar" quldurluq və digər ağır cinayətlər törədən dəstənin üzvləri - Göyçay sakinləri İldırım və Elbrus Rəhimov qardaşları, onların tanışları Fərqanə Zeynalova və qardaşı Elbrus Zeynalov, həmçinin Fədayə Əzizova özgə əmlakını quldurluq və hədə-qorxu yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olublar.

Məkrli plan

Mütəşəkkil dəstənin üzvləri fevralın 23-də saat 16:00 radələrində Fərqanə Zeynalovanın tanışı, Mingəçevir şəhər sakini Ağabala Heydərova qarşı xüsusi tələ qurublar. Plana əsasən, Fərqanə Ağabala Heydərovu yaşadığı Göyçay şəhəri Natəvan küçəsi, bina 7, mənzil 4-ə çağırmalı, əvvəlcədən razılaşdırdıqları kimi, onunla cinsi əlaqədə olmaq istədiyini bildirərək soyundurub, yatağa salmalı, bu zaman İldırım Rəhimov qəfildən evə daxil olmalı imiş.

Əvvəlcədən qurulmuş plan həyata keçirilir, ancaq tam yox... Fərqanə Ağabala Heydərovu həmin mənzilə çağırır, cinsi əlaqədə olmaq üçün onu soyundurur.

Bu zaman İldırım Rəhimov içəri daxil olaraq silah qismində istifadə etdiyi bıçağı Ağababanın boğazına dirəyib, zor tətbiq edəcəyi ilə hədələyərək cibində olan 209 manat pulu alır. Onlar bununla kifayətlənməyərək Ağabala Heydərovu yaxın qohumları ilə şantaj edərək külli miqdarda - 50.000 manat pul tələb edirlər. Paltarlarını geyinməyə qoymayaraq həyat yoldaşını çağırıb, onu bu vəziyyətdə göstərəcəkləri, həmçinin Fərqanənin qardaşı Elbrus Zeynalova deyəcəkləri ilə hədələyirlər.

Polisə şikayət

Ağabala Heydərov onlara 30.000 manat verəcəyini vəd edərək cinayətkarları ailə üzvlərini məsələyə qatmamağa razı salır. Fevralın 24-də saat 13:00-dək 30.000 manatın veriləcəyi barədə vəd aldıqdan sonra onu pulu gətirmək üçün yola salırlar. Ağabala isə pul gətirmək əvəzinə birbaşa polisə üz tutur.

Mütəşəkkil dəstə məhkəmə önündə

Keçirilən əməliyyat tədbirləri nəticəsində dəstənin üzvləri – İldırım Rəhimov, onun tanışı Fərqanə Zeynalova həbs ediliblər. Fərqanənin qardaşı Elbrus Zeynalov isə axtarışa verilib. Və bir neçə aydan sonra o da həbs edilib. İstintaq dövründə mütəşəkkil dəstənin üzvlərinin sayı artıb. Məlum olub ki, iş adamına qurulan tələni planlaşdıran daha bir neçə nəfər var. Saxlanılan şəxslərin ifadəsi əsasında Elbrus Rəhimov və Fədayə Əzizova da məsuliyyətə cəlb ediliblər.

"Əvvəllər aramızda yaxın münasibət olub"

Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Fərqanə Zeynalova bildirib ki, Ağabala Heydərovla aralarında yaxın münasibətləri olub. Lakin sonralar ayrılsalar da, Ağabala onu rahat buraxmayıb. Onun sözlərinə görə, Ağabala Heydərovun onu rahat buraxmaması ilə bağlı Fərqanə tanışı İldırıma məlumat verib. İldırım isə Ağabalanı cəzalandırmaq üçün bu planı qurub. Fərqanə külli miqdarda pul tələb etmək üçün heç bir danışıqlarının olmadığını deyib. O bildirib ki, İldırım içəri girən kimi onu başqa otağa keçirib. İldırımın Ağabaladan pul tələb etməsini isə elə qapı arxasından eşidib.

"Dedim ki, onu yatağa sal..."

Təqsirləndirilən şəxs qismində dindirilən İldırım Rəhimov da Fərqanənin dediklərini qismən təsdiq edib. O deyib ki, Ağabalanı cəzalandırmaq üçün belə bir addım atıb: "Fərqanəyə dedim ki, onu yatağa sal, mən gəlib ona bir-iki şillə vuraram".

Məhkəmədə ifadə verən digər təqsirləndirilən şəxslər də oxşar ifadələr veriblər. Onlar iş adamına qarşı qurulan tələdən danışıblar. Təqsirləndirilən şəxslər məhkəmə ifadələrində günahlarını etiraf ediblər.

Məhkəmənin hökmü...

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldəetmə və ya saxlamaq), 181.2.1, 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmək) maddələri ilə ittiham ediliblər.

QEYD: Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə İldırım Rəhimov 12 il 20 gün, Elbrus Rəhimov 11 il 6 ay, Fərqanə Zeynalova 3 il, Elbrus Zeynalov 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə digər təqsirləndirilən şəxs - Fədayə Əzizova barəsində hökm çıxararkən Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. Məhkəmə Fədayə Əzizovaya 3 il şərti cəza verib və məhkəmə zalından azadlığa buraxıb.

Son söz əvəzi:

Rüsvayçılıq ömürdən uzun olur...

İnarə Rafiqqızı

O.M.