Azərbaycanda 11 fevralın kriminal xronikası

Azərbaycanda 11 fevralın kriminal xronikası

12 Fevral 2013 13:27
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 58 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Şəmkir rayon sakini E.Xudiyevi bıçaqla qətlə yetirmiş S.Qafarova tutulmuşdur

11.02.2013

Fevralın 11-də Şəmkir rayonu ərazisindəki Mahmudlu kəndi ərazisində, kənd sakini Elmar Xudiyevin bıçaqla qətlə yetirilmiş meyiti ona məxsus "QAZel" markalı avtomaşında tapılmışdır. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Yeniabad kənd sakini Sədaqət Qafarova tutulmuşdur.

Dərnəgül qəsəbəsindəki "Elit" əyləncə mərkəzinin həyətində bir qrup şəxs arasında baş vermiş münaqişə nəticəsində iki nəfərə bıçaqla xəsarət yetirilmiş, bir nəfər döyülmüşdür

11.02.2013

Fevralın 11-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki "Elit" əyləncə mərkəzinin həyətində, Bakı şəhər sakinləri Vahid Həsənov, onun qardaşı Vasif, Ağdaş rayon sakini Elvin Rəşidov, Ucar rayon sakini Bahadur Həsənov və Şabran rayon sakini Elnur Sədiyev ilə ticarət mərkəzinin işçiləri İlqar İbrahimov, Əli Mirzəyev və Məftun Qasımov arasında münaqişə baş vermişdir. Bu zaman Vasif Həsənov bıçaqla Ə.Mirzəyevə və M.Qasımova xəsarət yetirmiş, İ.İbrahimov isə döyülmüşdür. V.Həsənov Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən tutulmuş, Vahid Həsənovun, E.Rəşidovun, B.Həsənovun və E.Sadiyevin izahatları alındıqdan sonra buraxılmışlar.

Münaqişə zəminində əmisinə bıçaqla xəsarət yetirmiş Masallı rayon sakini R.Rzayev tutulmuşdur

11.02.2013

Fevralın 11-də Masallı rayonunun Musaküçə kəndi ərazisində, kənd sakini əvvəllər məhkum olunmuş Rahid Rzayev münaqişə zəminində əmisi Maqsud Rzayevə bıçaqla xəsarət yetirmişdir. R.Rzayev Masallı RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.02.2013

Fevralın 12-də saat 02.30 radələrində Xətai rayonu ərazisində, şəhər sakini Anar Məmmədov "Opel" markalı avtomaşını idarə edərkən, onu divara çırpmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.

Suraxanı rayonu ərazisində "Moskviç" markalı avtomaşınla 25-30 yaşlı kişi vurulmuşdur

11.02.2013

Fevralın 12-də saat 02.00 radələrində Suraxanı rayonu ərazisində, şəhər sakini Rasim Qadirov "Moskviç" markalı avtomaşını idarə edərkən, 25-30 yaşlı kişini vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Xəzər rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla rayon sakini İ.İsmayılova vurulmuşdur

11.02.2013

Fevralın 11-də saat 11.30 radələrində Xəzər rayonunun Pirallahı qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini İlhamə İsmayılova vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Axtarışda olan Müşfiq Xəlilov saxlanılmışdır

11.02.2013

Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının Penza vilayəti Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 127 və 163-cü maddələri (qanunsuz azadlıqdan məhrum etmə və hədə-qorxu ilə tələb etmə) ilə axtarışda olan Müşfiq Xəlilov saxlanılmışdır.

2012-ci il noyabrın 17-də M.Rzayevaya məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini A.Əbdürrəhimova tutulmuşdur

11.02.2013

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il noyabrın 17-də Məlahət Rzayevaya məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini Aygün Əbdürrəhimova tutulmuşdur.

Saatlı şəhər sakini R.Mövsümovdan 1 kiloqram 515 qram marixuana götürülmüşdür

11.02.2013

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı şəhər sakini Rövşən Mövsümovdan 1 kiloqram 515 qram marixuana götürülmüşdür.

Fevralın 10-da İ.Xaçarayevi bıçaqla hədələyib mobil telefonunu ondan almış şəxslər tutulmuşlar

11.02.2013

Səbail RPİ 39-cu PB və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da İman Xaçarayevi bıçaqla hədələyib, mobil telefonunu ondan almış Bakı şəhər sakinləri Fərid Səfərli, Asif Əliyev, Ümid Hüseynzadə və Salyan rayon sakini Ümid Qurbanov tutulmuşlar.

Fevralın 4-də R.Fərəcova məxsus köşkdən oğurluq etmiş Xudat şəhər sakini F.Xəlilov tutulmuşdur

11.02.2013

Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Rüfət Fərəcova məxsus köşkdən 4300 manat pul və 300 manat dəyərində elektron siqaret oğurlamış Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Xəlilov tutulmuşdur.

Gəncə şəhər sakini Ə.Əliyevin saxta sənəd düzəldərək başqa şəxslərə məxsus avtomaşınları satması müəyyən edilmişdir

11.02.2013

Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2012-ci ilin dekabr ayında şəhər sakini Əli Əliyevin, həmyerliləri Elçin Məmmədova məxsus "Daimler" və Azər Axundova məxsus "Mercedes" markalı avtomaşınları sürmək üçün etibarnamə alması və saxta sənəd düzəldərək həmin avtomaşınları satması müəyyən edilmişdir.

Göyçay rayon sakini M.Babayev qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır

11.02.2013

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müsgürlü kənd sakini Məhbus Babayev gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır.

Şəki rayonu ərazisində odlu silahdan havaya atəş açmış Y.Əsgərzadə və A.Şəfiyevdən silah-sursat götürülmüşdür

11.02.2013

Fevralın 10-da Şəki ŞRPŞ-nə rayonun "Daşqaya" adlandırılan ərazisində naməlum şəxslərin odlu silahdan havaya atəş açmaları barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar şübhəli şəxs qismində şəhər sakini Yalçın Əsgərzadə və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Şəfiyev ŞRPŞ-nə gətirilmişlər. Y.Əsgərzadənin idarə etdiyi "Toyota Prado" markalı avtomaşına baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 12 ədəd tapança patronu və 1 ədəd patron darağı, A.Şəfiyevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşına baxış zamanı isə 4 ədəd tapança patronu aşkar edilərək götürülmüşdür.

Salyan rayonu ərazisində Biləsuvar rayon sakini N.Əsədov avtomaşını idarə edərkən yolu keçən F.Bəxtiyarovu vurmuşdur

11.02.2013

Fevralın 10-da saat 19.10 radələrində Salyan rayonu ərazisində, Biləsuvar rayon sakini Nadir Əsədov "Ford Tranzit" markalı avtomaşını idarə edərkən, yolu keçən Neftçala rayon sakini Fərhad Bəxtiyarovu vurmuşdur. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş F.Bəxtiyarov fevralın 11-də orada ölmüşdür.

O.M.