Azərbaycanda 10 fevralın kriminal xronikası

Azərbaycanda 10 fevralın kriminal xronikası

11 Fevral 2013 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
Bazar günü ərzində 54 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

Gədəbəy rayon sakini Z.Əsədovu bıçaqla hədələyərək mobil telefonunu ondan almış şəxslər tutulmuşlar

10.02.2013

Fevralın 10-da Bakının Nizami rayonu ərazisində, 3 naməlum şəxs Gədəbəy rayon sakini Zaur Əsədovu bıçaqla hədələyərək, mobil telefonunu ondan almışlar. Nizmai RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər sakini Rəşadət Məmmədov və Mingəçevir şəhər sakini Xalis Cəfərov tutulmuşlar.

Bakı şəhər sakini Y.Əhmədovu bıçaqla hədələyərək pul verməsini tələb etmiş şəxslər tutulmuşlar

10.02.2013

Fevralın 10-da saat 03.30 radələrində Xətai rayonu ərazisində, 2 naməlum şəxs Bakı şəhər sakini Yadigar Əhmədovu bıçaqla hədələyərək, pul verməsini tələb etmişlər. Hadisəni törətmiş Qazax rayon sakinləri Elvin Əhmədov və onun qardaşı Elgün yaxınlıqda xidmət aparan Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulmuşdur.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.02.2013

Fevralın 10-da saat 07.00 radələrində Yasamal rayonu ərazisində, Siyəzən rayon sakini Nurəhməd Qasımov "Opel" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı dəmir səddə vurmuşdur. Nəticədə, sərnişin - sürücünün arvadı Nazirə hadisə yerində ölmüşdür.

Narkotik vasitə ilə tutulmuş Ş.Abbasovun mənzil oğurluğu törətməsi də müəyyən edilmişdir

10.02.2013

Fevralın 9-da Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Şakir Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun Qadir Məmmədovun mənzilindən 1 ədəd televizor və 1 ədəd radiator oğurlaması da müəyyən edilmişdir.

Yanvarın 25-də S.Vəliyevanın çantasından oğurluq etmiş Sumqayıt şəhər sakini M.Şamilova tutulmuşdur

10.02.2013

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Sevil Vəliyevaya məxsus 250 manat pulu, şəxsi sənədi və bankomat kartını çantasından oğurlamış Sumqayıt şəhər sakini Məleykə Şamilova tutulmuşdur.

Fevralın 6-da "Start" İdman Kompleksində A.İsmayılova məxsus pul və mobil telefonu oğurlamış Z.Rəhimov tutulmuşdur

10.02.2013

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Start İdman Kompleksinin yardımçı otağında, şəhər sakini Aydın İsmayılova məxsus 24 manat pul və mobil telefonu oğurlamış şəhər sakini Zaur Rəhimov tutulmuş və ondan 0,255 qram heroin götürülmüşdür.

Fevralın 9-da R.Hüseynova bıçaqla xəsarət yetirib ondan pul və mobil telefonunu almış Bakı şəhər sakini N.Tağıyev tutulmuşdur

10.02.2013

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Ramin Hüseynova bıçaqla xəsarət yetirib, ondan 3500 manat pul və mobil telefonunu almış Bakı şəhər sakini Nurlan Tağıyev tutulmuşdur.

Fevralın 8-də İ.Şəfiyevə məxsus avtomaşından oğurluq etmiş rayon sakini T.Yusifli tutulmuşdur

10.02.2013

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də İlkin Şəfiyevə məxsus "VAZ-2101" markalı avtomaşından 100 manat pul və sənədlər oğurlamış rayon sakini Təbriz Yusifli tutulmuşdur.

Şəmkir rayonu ərazisində silah-sursat tapılmışdır

10.02.2013

Şəmkir RPŞ əməkdaşları tərəfindən Yeni Həyat kəndi ərazisində, 2 ədəd "TOZ-8" tüfəngi, 2 ədəd qumbara, 163 ədəd müxtəlif çaplı patron tapılmışdır.

Bakı şəhər sakini N.Məmmədova bıçaqla xəsarət yetirmiş Sabunçu qəsəbə sakini V.Məmmədov tutulmuşdur

10.02.2013

Fevralın 9-da Sabunçu Dəmir Yolu Stansiyasının ərazisindən, Bakı şəhər sakini Nazir Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində, hadisəni törətmiş Sabunçu qəsəbə sakini Vüsal Məmmədov tutulmuşdur.

Xətai rayonu ərazisində Cəlilabad rayon sakini Ş.Fərəcov tikintisində işlədiyi binanın 14-cü mərtəbəsindən yıxılaraq ölmüşdür

10.02.2013

Fevralın 10-da Xətai rayonu ərazisindəki tikilməkdə olan binaların birinin 14-cü mərtəbəsindən, orada işləyən Cəlilabad rayon sakini Şöhlət Fərəcov yıxılaraq ölmüşdür.

İki nəfər Gəncə şəhər sakinləri dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

10.02.2013

Fevralın 10-da Gəncə şəhər sakinləri Səidə Abbasova və Təranə Musayeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.