Gəncədə dələduz iş adamına hökm oxundu

Gəncədə dələduz iş adamına hökm oxundu

9 Fevral 2013 15:00
Bəyəndim (0) Bəyənmədim (0)
Məhkəmə vətəndaşları külli miqdarda aldadan şəxsə 9 il 3 ay cəza kəsdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan fərdi sahibkar, Daşkəsən rayon sakini Adil Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb. İttihama görə, Adil Əliyev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2010-cu ilin yanvar ayından 2011-ci ilin fevral ayına kimi olan dövrdə ayrı-ayrı vaxtlarda Nizami Əsgərova və Asif İbrahimova qarşı dələduzluq edib. O, Gəncə şəhər Atatürk prospekti, 130 ünvanında yerləşən spirtli içkilərin topdansatışı mağazasından Nizami Əsgərova məxsus olan cəmi 53340 manat dəyərində spirtli içkiləri götürüb. Götürdüyü spirtli içkiləri ayrı-ayrı yerlərdə sataraq, pulunu Nizami Əsgərova ödəməyərək, həmin məbləğdə pulu mənimsəyib.

Bundan başqa, Adil Əliyev Asif İbrahimovun müdir işlədiyi Gəncə şəhəri, 3-cü mikrorayon, 25a ünvanında yerləşən spirtli içkilərin topdansatışı mağazasından 27898 manat dəyərində spirtli içkiləri götürüb. O, həmin dəyərdə olan spirtli içkiləri sataraq, pulunu geri qaytarmayıb. Bununla da Adil Əliyev mağaza müdirinə qarşı dələduzluq edib.

İttiham aktında daha sonra qeyd edilib ki, Adil Əliyev "Parabank"ın Gəncə filialında girovda olan, özünə məxsus Gəncə şəhəri, Mehdi Hüseyn küçəsi 8 ünvanında yerləşən evini Gəncə şəhər sakinləri Nizami Əsgərov və Asif İbrahimova qarşı etdiyi dələduzluq müqabilində, mənimsədiyi pulları ödəmək üçün onlara verəcəyini vəd edib. O, evin girovdan çıxarılmasından ötrü Nizami Əsgərovun verdiyi 8000 manat, Asif İbrahimovun verdiyi 19402 manat, cəmi 27402 manat pulu 9 və 10 mart 2011-ci il tarixlərdə "Parabanka"a ödəyib. O, həmin məbləğdə olan pulu ödəyəndən sonra evi girovdan çıxardıb. Sonra isə həmin evi mayın 3-də bağışlama müqaviləsi əsasında qayınanası Səadət Mustafayevaya bağışlayıb. Bununla da Adil Əliyev Nizami Əsgərova və Asif İbrahimova külli miqdarda ziyan vurub.

Daha sonra Adil Əliyev özünə məxsus evdə, anası Təzəgül Əliyeva və qardaşı Anar Əliyev qeydiyyatda olduğu halda, heç kəsin qeydiyyatda olmaması barədə Gəncə şəhər 67 nömrəli evlər üçlüyündən 29 aprel 2011-ci il tarixli saxta arayış alıb. O, evin bağışlanması barədə müqavilənin təsdiq olunması üçün 3 may 2011-ci il tarixdə Gəncə şəhər xüsusi notariusuna təqdim edərək, bilə-bilə hüquqverən saxta rəsmi sənəddən istifadə edib.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Adil Əliyev 9 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

İnarə Rafiqqızı

O.M.