Bakıda fahişəliklə məşğul olan Lerik sakini qan tökdü

Bakıda fahişəliklə məşğul olan Lerik sakini qan tökdü

9 Fevral 2013 14:33
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: "Zərərçəkmiş şəxs Xırdalanda fahişəliklə məşğul olan qadınlardan haqq yığırdı"

Təqsirləndirilən şəxs: "Üstümdə olan pulu ona verməkdən imtina etdim. Bu vaxt Daməd qolumdan tutdu və sürüyə-sürüyə məni bayıra çıxartdı. Kafenin qarşısında olan küçədə saçlarımdan tutaraq məni sürüdü... Yerdən qalxaraq çantamda olan bıçağı çıxartdım və ona..." Bu sözlər təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadədən götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa qəsdən xəsarət yetirməkdə ittiham olunan Lerik rayon sakini Seyranə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İstintaqın gəldiyi nəticəyə görə, Binəqədi rayonu, Xırdalan dairəsi ərazisində yerləşən "Arzular" kafesində ofisiant işləyən Seyranə İmanova 2012-ci il oktyabrın 8-də kafeyə gələn müştəri Daməd Mirzəyevlə mübahisə edib. Daməd Mirzəyev ofisiant qadının ünvanına nalayiq ifadələr işlədib. Mübahisə zəminində Daməd Mirzəyev Seyranə İmanovanı döyməyə başlayıb. Sərxoş müştərinin əlindən birtəhər canını qurtaran ofisiant qadın bıçaqla Daməd Mirzəyevə bir zərbə vurub. Vaxtında tibbi yardım göstərildiyindən yaralının həyatını xilas etmək mümkün olub. Seyranə İmanovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Təsadüfən düşən müştərilərlə görüşə çıxmışam"

Təqsirləndirilən şəxs qismində dindirilən Seyranə İmanova ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Lerik rayonunun Piran kənd sakini olsa da, işləyib pul qazanmaq məqsədilə Bakı şəhərinə gəlib: "Bakı şəhərində müxtəlif kafelərdə ofisiant işləmişəm. Ofisiant işlədiyim kafelərdə təsadüfən düşən müştəri kişilərlə görüşə çıxmışam. Məqsədim pul qazanıb, dolanmaq olub".

"Bu ərazidə kişilərlə cinsi əlaqəyə girən qızlardan pul yığıram, ona görə də mənə pul verməlisən"

Təqsirləndirilən şəxsin sözlərinə görə, hamının "Seyid" kimi çağırdığı Damədi təxminən 2012-ci il oktyabr ayının əvvəllərindən tanıyıb. Onun ifadəsinə görə, Damədlə tanışlığı Xırdalan dairəsinin yaxınlığında yerləşən "Arzular" kafesində yaranıb: "Daməd Xırdalan dairəsinin yaxınlığında mənə yaxınlaşaraq dedi ki, sən kişilərlə pul müqabilində görüşürsən, mən bu ərazidə kişilərlə cinsi əlaqəyə girən qızlardan pul yığıram, ona görə də mənə pul verməlisən.

"Buraların qaydası belədir"

Ondan pul yığmaqda məqsədinin nə olduğunu soruşdum. Daməd bir daha dedi ki, bu ərazidə çoxdandır qızlardan pul yığır. Həmçinin bildirdi ki, buraların qaydası belədir. Həmin vaxt üstümdə 20 manat var idi. Həmin 20 manatı ona verdim ki, aramızda mübahisə və münaqişə yaranmasın. Daməd məndən 20 manat aldı. Pul alanda mənə qarşı heç bir güc tətbiq etmədi".

"Pul verməyən qızları incidib, lazım gələndə döyüb də"

Seyranə İmanovanın bildirdiyinə görə, sonradan Daməd Mirzəyevlə bağlı məlumatlarla maraqlanıb. O, ifadəsində qeyd edib ki, Daməd həqiqətən də həmin ərazidə işləyən qızlardan pul yığır: "Öyrəndim ki, Daməd pul verməyən qızları incidib, lazım gələndə də döyüb. Damədlə bağlı məlumat toplayandan sonra anladım ki, yenə mənə yaxınlaşacaq və pul istəyəcək.

"Hadisədən əvvəl özümə bıçaq almışdım"

Məndə həmişə pul az olur. Buna görə də Daməd pul istəyəndə verə bilməyəcəyimi bilirdim. Aramızda münaqişə yaranacağını da başa düşmüşdüm. Qərara aldım ki, özümə bir bıçaq alım. Məqsədim isə Daməd nə vaxt mənə yaxınlaşsa, məni incitdiyi halda onu bıçaqla qorxutmaq olub. Bu səbəbdən də hadisədən bir neçə gün əvvəl özümə bir ədəd cib bıçağı aldım.

"Məndən pul tələb etdi"

Oktyabrın 8-də saat 00:30 radələrində "Arzular" kafesində tək idim. Kafedə çay içdiyim zaman Daməd Mirzəyev ora gəldi. Evə getmək məqsədilə bayıra çıxdım. Daməd mənə yaxınlaşıb dedi ki, neçə gündür işləyirsən, amma pul vermirsən. Məndən 20 manat pul tələb etdi. Dedim ki, üstümdə cəmi 4 manat var. Həmin məbləğdə pula özümün də ehtiyacım olduğunu bildirdim və dedim ki, həmin pulu ona verə bilmərəm. Daməd bir neçə dəfə pul verməyimi tələb etdi.

"Saçlarımdan tutub küçədə sürüdü"

Buna baxmayaraq, üstümdə olan pulu ona verməkdən imtina etdim. Bu vaxt Daməd qolumdan tutdu və sürüyə-sürüyə məni bayıra çıxartdı. Kafenin qarşısında olan küçədə saçlarımdan tutaraq məni sürüdü. Buna görə də yerə yıxıldım və xəsarət aldım. Damədin hərəkəti məni əsəbiləşdirdi. Yerdən qalxaraq çantamda olan bıçağı çıxartdım və ona bir zərbə vurdum. Daha sonra hadisə yerindən uzaqlaşdım. Təxminən bir neçə saatdan sonra polis əməkdaşları məni yaxaladılar. Damədi öldürmək və ya xəsarət yetirmək niyyətim olmayıb. Məqsədim yalnız onu qorxutmaq olub".

"Təhqiredici ifadələrlə üzləşdim"

Zərərçəkmiş şəxs qismində ifadə verən Daməd Mirzəyev bildirib ki, Seyranə İmanova ilə "Arzular" kafesində tanış olub. Onun sözlərinə görə, bir neçə dəfə kafeyə gəlib-getdiyi üçün Seyranəni tanıyıb: "Hadisə baş verən gün "Arzular" kafesinə gəldim. Kafenin qarşısında Seyranə ilə rastlaşdım. Ondan soruşdum ki, kafedə tanış uşaqlardan kim var. Həmin vaxt hiss etdim ki, Seyranə çox əsəbidir. Mən ondan söz soruşanda təhqiredici ifadələrlə üzləşdim. Seyranə mənə "cındır oğlu, cındır" dedi. Ona dedim ki, cındır qızı özünsən. Bu zaman Seyranə məni daha ədəbsiz sözlərlə təhqir etməyə başladı. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zəminində Seyranə məni bıçaqla vurdu".

"Mən heç bir qadından-qızdan pul tələb etməmişəm"

Daməd Mirzəyev həmçinin ifadəsində qeyd edib ki, nə təqsirləndirilən şəxsdən, nə də ərazidə olan kafelərdə işləyən digər qadınlardan pul tələb etməyib. Onun bildirdiyinə görə, Seyranə İmanova belə ifadə verməklə məsuliyyətini azaltmağa çalışır: "Seyranəyə "sən kişilərlə pul müqabilində görüşürsən, mən bu ərazidə kişilərlə cinsi əlaqədə olan qadınlardan pul yığıram, ona görə də sən də mənə pul verməlisən, buraların qaydası belədir" sözlərini deməmişəm.

"Ərazidə fahişəlik edən qadınlarla əlaqəm yoxdur"

"Seyranədən pul istəməmişəm, pul tələb etməmişəm. Həmin ərazidə fahişəliklə məşğul olan qadınlarla heç bir əlaqəm yoxdur. Seyranəni də kafenin qarşısında döyməmişəm, aramızda mübahisə baş verib. Nəticədə də qanlı cinayət törədilib".

Dövlət ittihamçısı

Məhkəmə şahid ifadələrini dinləyəndən və sübutları araşdırandan sonra ittiham nitqi ilə çıxış etməsi üçün prokurora söz verilib. Prokuror Seyranə İmanovanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil bildirib ki, müvəkkili cinayəti özünü müdafiə edərkən törətdiyi üçün ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəza təyin edilməlidir.

QEYD: Məhkəmə prosesi davam edir. Məhkəmənin gəldiyi nəticə ilə Sizləri yaxın günlərdə tanış edəcəyik.

İnarə Rafiqqızı

O.M.