Azərbaycanda 07 fevralın kriminal xronikası

Azərbaycanda 07 fevralın kriminal xronikası

8 Fevral 2013 13:08
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 60 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmış, onların da 42-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.

Bakı şəhər sakini Müzəffər Rüstəmzadənin küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır

07.02.2013

Fevralın 7-də Yevlax rayonu ərazisində, "Fərid" inşaat tikinti şirkəti tərəfindən tikintisi aparılan xəstəxananın yardımçı otağında, şirkətin kadrlar şöbəsinin rəisi Bakı şəhər sakini Müzəffər Rüstəmzadənin küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yevlax RPŞ tərəfindən aparılır.

Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.02.2013

Fevralın 7-də saat 22.00 radələrində, Zaqatala rayonu ərazisində, rayon sakini Elvin Həsənzadə "VAZ-2107" markalı avtomaşını idarə edərkən, yolu keçən 35-40 yaşlı kişini vurmuşdur. Nəticədə, həmin kişi aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Şəki rayon sakini Türkan Aslanovanın qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir

07.02.2013

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayon sakini Türkan Aslanovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir.

Avtomaşından qızıl əşyaları oğurlamış Mingəçevir şəhər sakini Rövşən Qurbanov tutulmuşdur

07.02.2013

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Emin Babayevə məxsus "Lexus" markalı avtomaşından qızıl əşyaları oğurlamış Mingəçevir şəhər sakini Rövşən Qurbanov tutulmuşdur.

Oğurluq etmiş Bakı şəhər sakini Fərid Nəsirli saxlanılmışdır

07.02.2013

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Nicat Səfərova məxsus çay evindən 300 manat pul və 5 ədəd qəlyan oğurlamış şəhər sakini Fərid Nəsirli saxlanılmışdır.

Bakı şəhər sakini Bəhruz Şükürovdan 1 ədəd əldə düzəltmə tapança və 3 ədəd patron götürülmüşdür

07.02.2013

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Bəhruz Şükürovdan 1 ədəd əldə düzəltmə tapança və 3 ədəd patron götürülmüşdür.

Mobil telefon oğurlamış Mingəçevir şəhər sakini Məzahir Qasımov tutulmuşdur

07.02.2013

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Pişəvari küçəsindəki "Sürücü" kafesində, şəhər sakini Rəhman Hüseynova məxsus mobil telefonu oğurlamış Mingəçevir şəhər sakini Məzahir Qasımov tutulmuşdur.

Buzovna qəsəbəsində yaşayan Nicat Qurbanovun həyətində istifadəyə yarasız 1 ədəd qumbara tapılmışdır

07.02.2013

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Buzovna qəsəbəsində yaşayan Nicat Qurbanovun həyətində istifadəyə yarasız 1 ədəd qumbara tapılmışdır.

Oğurluq etmiş Sumqayıt şəhər sakinləri Zümrüd Adilova və Elbrus Cavadov tutulmuşlar

07.02.2013

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Lalə Mehdiyevaya məxsus 400 manat pulu, qızıl əşyasını və təqaüd kartını oğurlamış şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zümrüd Adilova və Elbrus Cavadov tutulmuşlar. E.Cavadovdan 0,203 qram heroin götürülmüşdür.

Pul oğurlamış Gəncə şəhər Sadıllı qəsəbə sakini Məhərrəm Talıbov saxlanılmışdır

07.02.2013

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-na keçən gecə Gəncə şəhəri ərazisindəki "Ruslan Petrol" yanacaqdoldurma məntəqəsindən 409 manat pul oğurlamış Sadıllı qəsəbə sakini Məhərrəm Talıbov saxlanılmışdır.

Uzunluğu 44 metr olan dəmir borunu kəsərək oğurlamış Lənkəran rayon Girdəni kənd sakinləri Seyran Hüseynov, Çingiz Şəfiyev və onun qardaşı Samir tutulmuşlar

07.02.2013

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Girdəni kəndi ərazisindən keçən Lənkəran-Xanbulançay su kanalına məxsus uzunluğu 44 metr olan dəmir borunu kəsərək oğurlamış kənd sakinləri Seyran Hüseynov, Çingiz Şəfiyev və onun qardaşı Samir tutulmuşlar.

Şabran rayonunun Sincanboyad kəndi ərazisində yol-nəqliyyat hadisəsi

07.02.2013

Fevralın 7-də saat 07.00 radələrində Şabran rayonunun Sincanboyad kəndi ərazisində, Quba şəhər sakini Elxan Əmirovun idarə etdiyi "Mercedes C-200" markalı və Siyəzən rayon sakini Sərxan Hüseynovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Əmirov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Axtarışda olan Gürcüstan vətəndaşı Vidadi Məmmədov tutulmuşdur

07.02.2013

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Gürcüstan vətəndaşı Vidadi Məmmədov tutulmuşdur.

Beyləqan rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.02.2013

Fevralın 7-də saat 22.00 radələrində Beyləqan rayonu ərazisində, Vidadi Abbasov "Mercedes C-180" markalı avtomaşınını idarə edərkən, onu aşırmışdır. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Dərmandan və dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

07.02.2013

Fevralın 7-də Abşeron rayonunun Novxanı qəsəbə sakini Xatirə Cavanşirova, Sumqayıt şəhər sakinləri Gülnar Vəliyeva və Pərvanə Xələfova evindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Saatlı rayonunda yaşayan 5 yaşlı Peyman Hüseynov su kanalına düşürək boğulmuşdur

07.02.2013

Fevralın 6-da Saatlı rayonunda yaşayan 5 yaşlı Peyman Hüseynov evinin yaxınlığındakı su kanalına düşürək boğulmuşdur.

O.M.