Öldürülən bank işçisi Şəkidə dəfn edildi

Öldürülən bank işçisi Şəkidə dəfn edildi

7 Fevral 2013 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Oğurlanaraq qətlə yetirilən bank işçisi Seymur Səmədovun meyiti Şəkidə torpağa tapşırılıb. Bu barədə onun yaxınlarından biri məlumat verib. O, hadisənin təfərrüatları haqda hələlik danışmaq istəmədiyini bildirib. Qeyd edək ki, S.Səmədovun meyiti fevralın 5-də Bakı Beynəlxalq Ticarət Limanının 7-ci körpüsünün yaxınlığında, dənizdə tapılıb. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının apardıqları araşdırmalar zamanı onun Bakı şəhər sakini Seymur Səmədov olması müəyyən edilib. Meyitin ilkin müayinəsi zamanı üzərində gözlə görünən hər hansı bir zorakılıq izi müəyyən olunmayıb.
Meyitin kəskin çürüməyə məruz qalmadığı haqda da məlumat var. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, S.Səmədovun cəsədi itkin düşdüyü gün - ötən il dekabrın 18-dən suda olmayıb. S.Səmədovun bu müddət ərzində harada olması bu günə kimi ictimaiyyətə açıqlanmayıb. O, itkin düşdüyü gün yaşadığı Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi, ev 41 B ünvanından çıxıb və çalışdığı bankın baş ofisinə hansısa sənədi imzalamağa gedib. Amma bir daha geri qayıtmayıb. Ortada qətl versiyası var.
Xətai Rayon Polis İdarəsi 34-cü polis bölməsində təhqiqat aparıldıqdan sonra axtarış elan edilib. Bu il yanvarın 28-də isə S.Səmədovun itməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. S.Səmədovun cəsədi tapılmazdan iki gün əvvəl isə cinayət işi Bakı Şəhər Prokurorluğuna aparılıb. Xətai Rayon Prokurorluğunun fakta görə adam oğurluğu maddəsi ilə cinayət işinin başlanmasına əsas verən isə hüquq-mühafizə orqanlarına daxil olan əməliyyat məlumatı olub. Bu məlumatın nədən ibarət olması açıqlanmır.

O.M.