"Xotda maşını..." deyən avtoxuliqanlar həbs oluna bilərlər

"Xotda maşını..." deyən avtoxuliqanlar həbs oluna bilərlər

7 Fevral 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda Cinayət Məcəlləsinə avtoxuliqanlıqla bağlı yeni maddə əlavə olunacaq. Milli Məclisdən verilən məlumata görə, bununla əlaqədar Cinayət Məcəlləsinin 221.1 maddəsinə əlavə olunması gözlənilir. Əlavədə avtoxuliqanlıq faktına görə 150 saatdan 200 saata qədər ictimai işlər və ya 6 aydan 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Layihənin parlamentin bu sessiyasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud həmin şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququ 1 ilə qədər müddətə məhdudlaşdırılmaqla, 10 günə qədər inzibati həbs tətbiq olunur. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ 1 ildən 2 ilə qədər müddətə məhdudlaşdırılmaqla, 600 manatdan 800 manatadək miqdarda cərimə edilir. Yaxud da nəqliyyat vasitələrini idarəetmə hüququ 1 ildən 2 ilə qədər müddətə məhdudlaşdırılmaqla, 15 günə qədər inzibati həbs tətbiq olunur.

O.M.