Bakıda restoranda atışma olub, iki nəfər güllələnib

Bakıda restoranda atışma olub, iki nəfər güllələnib

6 Fevral 2013 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonundakı paytaxtın Zahid Xəlilov küçəsində yerləşən "Elbaro" restoranında qeydə alınmış güllələnmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Əraziyə polis qüvvələri cəlb edilib. Təhlükəsizlik məqsədi ilə restoran polis tərəfindən mühasirəyə alınıb. Müxbirimizin öyrəndiyi məlumatlara görə, restoranda Aydın Məmmədzadənin anasının ad günü qeyd edilirmiş. Mərasimin başa çatmasına az qalmış hələlik şəxsiyyəti açıqlanmayan şəxs restorana daxil olub və banket zalına qalxıb. O, ata və oğul Məmmədzadələri nişan alaraq, avtomat silahla onları ayağından güllələyib. Hadisə yerində olan digər şəxslər zərər çəkməyib. Məlumata görə, Aydın Məmmədzadə Bakının tanınmış və stajlı zərgərlərindən biridir. Onun oğlu Emin Məmmədzadə də hazırda zərgər kimi fəaliyyət göstərir.

***
00:41
Bakıda atışma olub. Bu barədə Yasamal rayon Polis İdarəsindən bildirilib. Hadisə saat 00.00 radələrində paytaxtın Zahid Xəlilov küçəsində yerləşən "Elbaro" restoranında qeydə alınıb. Adıçəkilən restoranda baş verən silahlı insident nəticəsində iki nəfər güllələnib. Onlar – 45 yaşlı Aydın Məmmədzadə və onun oğlu, 20 yaşlı Emin Məmmədzadədir. Güllə yarası alan hər iki şəxs xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerinə Daxili İşlər Nazirliyinin, Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Hadisənin motivi hələlik açıqlanmır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

O.M.