Bakıda çoxuşaqlı ana qısqanclığın qurbanı oldu

Bakıda çoxuşaqlı ana qısqanclığın qurbanı oldu

5 Fevral 2013 15:24
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: “Ailəsini dolandırmaqda çətinlik çəkən Şəki sakini arvadı yuxuda olarkən ona 3 bıçaq zərbəsi endirdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçən məhkəmə iclasında qısqanclıq zəminində ağır qətl hadisəsi törətməkdə təqsirli bilinən Şəki rayonunun Baş Zəyzid kənd sakini, 1967-ci il təvəllüdlü Malik Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Malik Abdullayev 2012-ci ilin iyun ayının təxminən 15-16 tarixlərində Tofiq Rüstəmov Ağdam şəhərindən onun arvadı Təranə Abdullayevaya meyvə və 100 manat pul göndərdiyi üçün onların cinsi yaxınlıq etməsindən şübhələnib. O, qısqanclıq zəminində Tofiq Rüstəmovu öldürməklə qisas almaq qərarına gəlib.

"Mənə xəyanət etməsindən şübhələnmişdim"

Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Malik Abdullayev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, Təranə rayondan onlara meyvə-tərəvəz göndərildiyini bildirib: "Mən də Təranənin deməsindən sonra avtobusu qarşıladım. Həmin avtobusda rayondan gələn zənbilləri evə gətirdim və açarkən içərisində meyvə və alışqan qutusunun içində 100 manat pul olduğunu gördüm. Təranədən bunun kimin göndərməsini soruşdum. Təranə zənbillərin yaşadıqları məhəllədə ayaqqabı təmiri üzrə usta işləmiş Tofiq Rüstəmov tərəfindən göndərdiyini bildirdi. Bu zaman Təranənin mənə xəyanət etməsini fikirləşdim. Nəyə görə Tofiq Rüstəmovun ona meyvə və pul göndərməsinin səbəbini soruşdum. Təranə Tofiqin məhəllədə kiməsə borcu olduğunu dedi".

"Onun üzündən məhəlləyə çıxmağa utanırdım"

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, dəfələrlə arvadından Tofiqlə əlaqəni kəsməyi tələb edib: "Lakin Təranə Tofiq Rüstəmovla əlaqəni kəsmək barədə tələblərimdən imtina edib. Bu barədə Təranənin bacısına və anasına demişəm, əks-təqdirdə onu öldürəcəyimi də bildirmişəm. Təranənin Tofiqlə əlaqəsi mənə pis təsir etmişdi, hətta bu səbəbdən məhəlləyə çıxmağa da utanırdım. Tofiq Rüstəmov əvvəllər də bir neçə dəfə meyvə və pul göndərmişdi, Təranə özü qarşılayaraq meyvə və pulu götürmüşdü.

"Yatdığı yerdə zərbələr endirdim"

Axır vaxtlar Təranənin Tofiq Rüstəmovla yaxınlıq etməsindən daha da şübhələnmişdim. Təranə artıq mənimlə hesablaşmırdı, hətta ayağımın çıxmasına baxmayaraq, məni xəstəxanaya aparmırdı. İyunun 18-də Təranənin bacısı Ramilə bizə gəldi. Həmin gün saat 01:00 radələrində Ramilə getdi. O vaxt oğlum Racu evdə yox idi. Azyaşlı uşaqlarım - Röyal və Xəyal isə yatmışdı. Saat 01:30 radələrində çölə çıxdım, siqaret çəkdikdən sonra evə qayıtdım. Stolun üstündə olan mətbəx bıçağı ilə yatılı vəziyyətdə olan Təranəyə çoxsaylı zərbələr vurdum. Onun öldüyünə əmin olandan sonra oğlum Racuya zəng edərək anası Təranəni öldürdüyümü, tez evə gəlməsini tapşırdım. Bundan sonra polisə gedərək törətdiyim cinayət barədə məlumat verdim və təslim oldum".

"Dörd uşaq anası olan bacımın maddi vəziyyəti ağır idi"

Mərhumun bacısı Ramilə Nuriyeva ifadəsində göstərib ki, bacısı Təranə 1989-cu ildə Şəki rayonu, Baş Zəyzid kənd sakini Malik Abdullayevlə ailə qurub. Onun sözlərinə görə, bacısı ilə Malik Abdullayevin birgə nikahlarından 4 uşaqları olub. Zərərçəkmiş qeyd edib ki, Malik Şəkidə özünə iş tapa bilmədiyi üçün ailəsi ilə birlikdə Bakı şəhərinə gəlib və Yasamal rayonu, Yeni Yasamal-2 ünvanında yerləşən yarımçıq məktəb binasının həyətində olan evdə kirayə yaşayıb: "Maliklə Təranənin əvvəllər münasibətləri normal olub, mehriban yaşayıblar. Maddi vəziyyətləri ağır olduğuna görə Təranə yaşadığı evin yaxınlığındakı çörək sexində işləməyə başlayıb.

"Niyə belə edirsən, kənardan baxan bizə gülür"

İyunun 18-də Şəkidən Bakı şəhərinə gəldim. Həmin gün saat 14:00 radələrində Təranənin kirayə yaşadığı evə getdim, evdə Malik tək idi. Daha sonra bacımın işlədiyi çörək sexinə getdim. Ora çatarkən bacımın mağazanı təmizlədiyini gördüm. Bacımın kiçik oğlu Röyal da onun yanında idi. Birlikdə evə gedərək nahar etdik, sonra özüm kirayə yaşadığım evə qayıtdım".

Mərhumun bacısının sözlərinə görə, bir neçə saatdan sonra bacısının yaşadığı evə qayıdıb və evin yaxınlığında qadınların olmasını görüb. Onun ifadəsinə görə, orada toplaşan qadınlarla söhbət etməyə başlayıb: "Təxminən yarım saatdan sonra Təranənin gəldiyini gördüm, birlikdə onun kirayə yaşadığı evə daxil olduq. Həmin vaxt Təranə yorğun olduğunu bildirdi, mən isə yemək hazırlamağa başladım. Axşam Təranənin 11 yaşlı oğlu Xəyal da evə gəldi, birlikdə xörək yedik. Bacımın kiçik oğlu Röyal isə yatmışdı. Biz şam edən zaman Malik evə daxil oldu, onu süfrəyə dəvət etsək də, yemək istəmədiyini bildirdi. Sonra isə qışqıra-qışqıra Təranəyə, "mənə niyə zəng vurursan ki, evə gəlim, qoymayacaqsan çöldə-bayırda gəzim," - deyə bildirdi. Təranə isə ağlaya-ağlaya, "niyə evə tez gəlmədin, Röyal ac yatıb," - deyərək Malikə cavab verdi. Lakin Malik qışqıraraq danışmaqda davam etdi. Təranə isə ona, "niyə belə edirsən, kənardan baxan bizə gülür," - deyə bildirdi".

"Uşaq dedi ki, atam anamı bıçaqlayıb"

Ramilə Nuriyeva daha sonra ifadəsində qeyd edib ki, bacısıgildə bir neçə saat olduqdan sonra öz evinə qayıdıb. Onun sözlərinə görə, yaşadığı evə qayıdandan bir qədər sonra evin qapısının döyüldüyünü görüb: "Qapını açanda Təranənin oğlu Xəyalı gördüm. Xəyal tez onlara getməyi, atasının anası Təranəni bıçaqladığını dedi. Lakin Xəyalın sözlərinə inanmadım, ona sillə vurdum. Xəyal "anam ölür, tez onun yanına getmək lazımdır," - deyəndən sonra kirayədə yaşadığım evin sahibi Həqiqət və qonşu Azadla birlikdə Təranənin yaşadığı evə gəldik.

"Daha nə edim, öldürmüşəm, təslim olacağam"

Malik evdə deyildi, bacım qan içində idi. Təranənin qarın nahiyəsində üç bıçaq xəsarəti gördüm. Təranə qan içində mənə tərəf baxaraq gülümsədi. Bacımı təcili yardım maşını ilə xəstəxanaya göndərdik. Xəyal və Röyalı götürərək taksi saxlatmaq üçün gedərkən yolda Malikə zəng vurdum və ona "bacımı öldürmüsən" dedim. Bu zaman Malikin parkda əyləşdiyini gördüm, ona yaxınlaşaraq dedim ki, səsiniz çıxmasın. Malik isə "səsimiz çıxmadı" cavabını verdi. Sonra Malikdən "polisə özün zəng vuraraq təslim olacaqsan, yoxsa mən zəng vurum," deyərək soruşdum. Malikdə cavab verdi ki, daha nə edim, öldürmüşəm, təslim olacağam. Biz daha sonra xəstəxanaya getdik, ora çatanda Təranənin dünyasını dəyişdiyini bildirdilər".

"Atam anama 3 bıçaq vurdu"

Daha sonra məhkəmə iclasında azyaşlı şahid Xəyal Abdullayev ifadə verib. Hadisənin tək şahidi olan Xəyal Abdullayev atasının anasını bıçaqladığını məhkəməyə danışıb: "Atamın anama 3 bıçaq zərbəsi vurduğunu gördüm. Atam anamı bıçaqlayandan sonra evdən getdi. Bir neçə dəqiqədən sonra qardaşım Racu gəldi. Racu qonşuluqda yaşayan Sevda xalanı çağırmağı dedi. Mən isə əvvəlcə Sevda xalanı, sonra isə Ramilə xalanı çağırdım".

Hakim Ənvər Seyidovun sədrlik etdiyi kollegiyada bütün şahidlərin ifadəsi dinlədikdən, sübutlar araşdırıldıqdan sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə Malik Abdullayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi:

Malik bu cinayəti törətməzdən əvvəl fikirləşə bilərdi: uşaqları kimin ümidinə qalacaq, onların onsuz da ağır olan maddi vəziyyətləri necə olacaq, mənəvi travmalarını sağaltmaq mümkün olacaqmı, bir sözlə, sonrakı peşmançılıq kiməsə fayda veribmi? Ancaq o, fikirləşmədi. İndi isə buna nə az, nə çox, düz 14 il vaxtı olacaq...

O.M.