Azərbaycanda 02 fevralın kriminal xronikası

Azərbaycanda 02 fevralın kriminal xronikası

4 Fevral 2013 11:51
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə günü ərzində 46 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 16-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.

Gəncə şəhər sakini Elnur Məmmədovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır

02.02.2013

Fevralın 2-də Gəncə şəhəri ərazisindəki "Neon" Un Məmulatı Fabrikinin qarşısında, şəhər sakini Elnur Məmmədovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. Faktla əlaqədar cinayət işi başlanmışdır. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədənin şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Həsənov olması müəyyən edilmişdir.

Avtomaşın qaçırmış Yevlax rayon sakini Anar Kərimoğlu tutulmuşdur

02.02.2013

Yanvarın 2-nə keçən gecə Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisindən, Sədi Mehralıyevə məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün Quşçu kəndi ərazisində tapılmış və avtomaşını qaçırmış rayon sakini Anar Kərimoğlu tutulmuşdur.

Şirvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

02.02.2013

Fevralın 2-də saat 07.50 radələrində Şirvan şəhəri ərazisində, şəhər sakini Elxan Abdulov "Mercedes" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Sabunçu rayonunun Kürdaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

02.02.2013

Fevralın 2-də saat 21.05 radələrində Sabunçu rayonunun Kürdaxanı qəsəbəsi ərazisində, qəsəbə sakini Əhməd Mirzəyev "TOFAŞ" markalı avtomaşını idarə edərkən, yolu keçən həmyerlisi Eldar Məmmədovu vurmuşdur. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Qəbələ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.02.2013

Fevralın 2-də saat 17.00 radələrində Qəbələ rayon sakini Tariyel Ağammədov "QAZ-24" markalı avtomaşını idarə edərkən, yolu keçən rayon sakini İmaməddin Gəncimovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi

02.02.2013

Fevralın 2-də saat 21.00 radələrində Lənkəran şəhərində, şəhər sakini Nurlan Mirzəyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən, yolu keçən həmyerlisi Şəfiqə Fərzullayevanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş qadın orada ölmüşdür.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.02.2013

Fevralın 2-də saat 02.35 radələrində Nəsimi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Əlibala Abbasov vurulmuşdur. Nəticədə, xəsarət almış Ə.Abbasov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

02.02.2013

Fevralın 1-də saat 23.30 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Rauf Yusifov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Zaqatala rayon sakini Nəriman Qurbanəliyevdən narkotik vasitə götürülmüşdür

02.02.2013

Baş Cinayət-Axtarış İdarəsi və Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nəriman Qurbanəliyevdən 1,6 qram marixuana götürülmüşdür. N.Qurbanəliyevin idarə etdiyi "JEEP Patriot" markalı avtomaşına baxış zamanı 5 qram marixuana, 1 ədəd tapança, evinə baxış zamanı isə 21,8 qram marixuana, 2 ədəd avtomobil dövlət nömrə nişanları, başqa vətəndaşlara məxsus 2 ədəd avtomaşının texniki pasportları aşkar edilərək götürülmüşdür.

Mobil telefon oğurlamış şəhər sakini Elman Məmmədov tutulmuşdur

02.02.2013

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvarın 27-də Binəqədi qəsəbəsi ərazisindəki evlərdən birində yaşayan Zeynəb Xəlilovanın mobil telefonunu oğurlamış şəhər sakini Elman Məmmədov tutulmuşdur.

Türkiyə vətəndaşı Ulucay Zəkiyə qarşı quldurluq etmiş İsa Əzizov tutulmuşdur

02.02.2013

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Türkiyə vətəndaşı Ulucay Zəkiyə qarşı quldurluq etmiş İsa Əzizov tutulmuşdur.

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.02.2013

Fevralın 2-də saat 13.20 radələrində Quba rayonu ərazisində, rayon sakini Nazif İsgəndərov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, yolu keçən həmyerlisi Gülşən Qarayevanı vurmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Araşdırmalar zamanı, avtomaşının Ələkbər Nəbifəriyə məxsus olması və onun evinin qarşısından qaçırılması müəyyən edilmişdir. N.İsgəndərov Quba RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Eduard Xudadatov ölmüşdür

02.02.2013

Cari ilin yanvarın 30-da Xətai rayonu ərazisində, şəhər sakini Əhəd Abbasov "KamAZ" markalı avtomaşını idarə edərkən, yolu keçən həmyerlisi Eduard Xudadatovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 2-də orada ölmüşdür.

Dərmandan və dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

02.02.2013

Fevralın 2-də Sumqayıt şəhər sakinləri 2 yaşlı Zəhra Əlizadə, Samirə Orucova, Abşeron rayon sakini Aytac Malik, Ağcabədi rayon sakini Əfsanə Həsənova evlərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.