Lənkəran sakini yeznəsinin başını kəsdi

Lənkəran sakini yeznəsinin başını kəsdi

4 Fevral 2013 13:04
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Mərhum ölməmişdən əvvəl arvadından onu öldürməsini tələb edib”

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmədə bacısının ərini xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Əlövsət Müseyibovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. İttihama görə, Əlövsət Müseyibov Lənkəran rayonunun Şovu kəndində anadan olmuş, ötən ilin yanvarın 5-də saat 11:00 radələrində bacısı Sevinc Muradovanın əri, Lənkəran rayonunun Nərimanabad-1 qəsəbə sakini Elxan Muradov ilə Lənkəran şəhərində görüşüb. O, yeznəsindən bacısı Sevinc Muradovaya qarşı mütəmadi etdiyi məişət-zorakılıq hərəkətlərinə son qoyması, aralarında olan ailə münasibətlərindəki narazılığı aradan qaldırması üçün onunla söhbət etmək niyyətində olduğunu bildirib. Bu məqsədlə Əlövsət Elxan Muradovu özünə məxsus "VAZ-2106" markalı avtomaşına mindirərək Lerik rayonu istiqamətində hərəkət edib. Saat 13:00 radələrində Lənkəran-Lerik yolunun 25-ci kilometrliyində magistralın Lənkəran rayonu istiqamətində, sağ kənarda avtomaşını saxlayıb. Əlövsət orada bacısına zorakı hərəkətlər etməsinə son qoymasını Elxan Muradovdan tələb edib. Bu zaman Elxan ona Sevinc Muradovanın əxlaqsızlıqla məşğul olmasını bildirib və daha sonra Əlövsətin və bacısının ünvanına nalayiq sözlər işlətməklə, onları təhqir edib. Buna görə də qohumlar arasında mübahisə yaranıb və münaqişə zəminində Əlövsət Elxan Muradovu öldürmək qərarına gəlib. Bu məqsədlə o, avtomaşının salonunun saxlanc yerində saxladığı bıçağı götürərək Elxan Muradovu yerə yıxıb. Əvvəlcə Elxanın bədəninin müxtəlif yerlərinə çoxsaylı zərbələr vurub, daha sonra boğazını bıçaqla üzərək onu xüsusi amansızlıqla qətlə yetirib. Əlövsət Müseyibov törətdiyi ağır cinayətin izlərini gizlətmək məqsədi ilə Elxanı 55 metr yüksəklikdən Lənkəran çayına atıb.

"Bacımı döyüb-incidirdi"

Təqsirləndirilən şəxs qismində dindirilən Əlövsət Müseyibov qeyd edib ki, Elxan Muradov 2003-cü ildə bacısı Sevinclə ailə qurub. Onun sözlərinə görə, bacısının Elxanla olan nikahdan üç uşaqları olub: "Elxan bacımla evləndikdən sonra ailələrində həmişə münasibətlər pis olub, bacım mütəmadi olaraq onların ailəsində döyülüb-incidilib, işgəncələrə düçar olurdu. Elxan bacımdan mütəmadi olaraq məndən və qardaşlarımdan pul alaraq ona verməyi tələb edib".

"Bacım mənə "Elxana bir şey etmə" dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2011-ci il dekabrın 30-da səhər vaxtı bibisi qızı Kəmalə Əlövsətgilin evlərinə zəng vuraraq Sevincin onlarda olmasını bildirib. Əlövsət Müseyibov həmçinin qeyd edib ki, 2012-ci il yanvarın 3-də bacısının qayınatası Baloğlan onlara gələrək Sevinci evlərinə qaytarmaq istəyib, lakin həmin gün Sevinci onlara verməyiblər: "Bazarda Elxanla salamlaşdım. Ondan hara getdiyini soruşdum. O, Şovu kəndinə getdiyini bildirdi. Bu zaman Elxana maşına oturmasını təklif etdim. Elxanla söhbət edə-edə Lerik rayonu istiqamətində hərəkət etdim. Elxana bacım ilə mehriban yaşamasını, ailədə narazılığa son qoymağı məsləhət gördüm. Lakin Elxan nəsihətimə qulaq asmadı. Buna görə də onunla söhbətimiz alınmadı və aramızda söyüşmə başladı. Elxanla olan danışıqlarımız mənə çox pis təsir etdi. Maşını Lənkəran-Lerik yolunun təxminən 25-ci kilometrliyində saxladım. Hələ Elxanla birlikdə Şovu kəndində olarkən bacıma zəng etdim. Elxanı vurub-vurmamağımı və Elxana münasibətdə bacımın fikrini soruşdum. Bacım "Elxana bir şey etmə, onu burax" dedi. Qardaşım Cavid məqsədimi bilib mənə zəng etdi, harada olduğumu soruşdu. Cavidə Lerik ərazisində Elxanla birlikdə olduğumu bildirdim. Maşınla təxminən yolun 26-cı kilometrliyinə qədər hərəkət etdim. Lənkəran-Lerik yolunun 26-cı kilometrində avtomaşını döndərərək yenidən Lənkəran rayonu istiqamətinə, təxminən 1 kilometr geri qayıtdım. Burada maşını saxladım. Avtomaşından yerə düşərək Elxanla təzəcə mübahisə etməyə başladığım zaman Cavid qaynı Arifin "QAZ-31" markalı avtomaşını ilə gəldi. Bu zaman Elxan Sevincin əxlaqsız olması barədə təkrarən danışdı. Buna görə də onunla aramızda ciddi mübahisə başladı. Arif Cavidin qolundan tutaraq kənara dartdı. Cavidlə Arifə evə getmələrini, Elxanla birlikdə söhbət edəndən sonra evə gələcəyimi dedim. Bundan sonra Cavidlə Arif getdilər".

"Sənin başını kəsərəm"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Elxanın Sevinc haqqında danışdıqlarına və etdiyi hərəkətlərə görə onu öldürmək qərarına gəlib. Əlövsət Müseyibov qeyd edib ki, bu məqsədlə Elxanın qolundan tutaraq maşına tərəf aparıb:

"Maşının bardaçokundan bıçağı götürərək Elxanı avtomaşının arxa tərəfindən təxminən on metr məsafəyə apardım. Orda Elxana "Sənin başını kəsərəm" dedim. Elxan isə "kişisənsə, kəsə bilərsənsə, kəs" cavabını verdi. Onun bu sözündən daha da əsəbiləşdim. Buna görə də bıçaqla Elxanın boğaz nahiyəsinin hülqum hissəsindən bir dəfə çəkdim. Lakin yaxşı kəsilmədiyini, dərisinin azca kəsildiyini hiss etdiyim üçün həmin hissədən bıçağı ikinci dəfə çəkdim. Bu vaxt üstümə qan sıçradı. Elxan özünü müdafiə üçün heç bir müqavimət göstərmədi. Elxana başqa heç bir xəsarət yetirməmişəm, sonuncudan xırıltı səsi gəldiyini eşitmişəm. Sonra Elxanı dərədən aşağıya doğru itələdim. Elxan çaya düşəndən sonra boğazını kəsdiyim bıçağı da onun arxasınca çaya atdım. Bundan sonra evimizə gəldim. Evdə ailəmə törətdiyim əməli bildirdim, bir qədər araq içəndən sonra Lənkəran Rayon Polis Şöbəsinə getdim. Polis şöbəsində özümü təqdim edərək hadisəni danışdım və hadisə yerini göstərdim. Xalam oğlu və bacımın əri olan Elxan Muradovu öldürmək qərarına hadisə yerində gəlmişəm. Onu hadisə yerinə aparana kimi öldürmək fikrim olmayıb. Elxanı Lerik rayonu ərazisinə apararkən niyyətim onunla söhbət etmək, bacımı incitməyinə son qoymaq, ailələrinin dağılmasının qarşısını almaq olub". Həmçinin Əlövsət Müseyibov ifadəsində göstərib ki, yol boyu Elxanın onun bacısı Sevinci pozğunluqda ittiham etməsi, böyük qardaşı ilə yaxın münasibətdə olmasını deməsi və digər hərəkətləri onu bu cinayəti etməyə sövq edib. Hadisə zamanı çox əsəbi olduğunu söyləyən təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu qeyd edib.

"Oğlumun qatilləri azadlıqda gəzir"

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində mərhumun anası Yavər Muradova ifadə verib. O, ifadəsində oğlunun bir qrup şəxs tərəfindən qətlə yetirildiyini qeyd edib. Mərhumun anasının sözlərinə görə, iki nəfər cinayət törətmiş şəxs cəzadan yayınıb. Ananın sözlərinə görə, oğlunun qətli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əvvəlcədən hazırlanmış şəkildə törədilib. O qeyd edib ki, oğlu öldürülərkən köməksiz vəziyyətdə olmasına baxmayaraq, bu faktlara hüquqi qiymət verilməyib. Oğlu öldürülən ana işin ibtidai istintaqının obyektiv araşdırılmadığını göstərib. O, oğlunun digər qatillərinin də məsuliyyətə cəlb edilməsini istəyib.

"Dedi ki, Elxan indi mənim yanımdadır, axırıncı sözün nədir?"

Sevinc Muradova ifadəsində bildirib ki, 2011-ci ilin dekabrın 29-da səhər saat 8:00 radələrində həyat yoldaşı Elxan onu söyməyə, təhqir etməyə başlayıb. Sevinc Muradovanın sözlərinə görə, Elxan ona "artıq səni saxlaya bilmirəm, xəstəyəm" deyib: "Elxan mətbəxdən bıçağı götürüb yaşamaq istəmədiyini bildirdi, bıçaqla onu vurmağımı xahiş etdi. Onu sakitləşdirməyə çalışdım. Elxan "əgər sən evdən çıxmasan, səni öldürəcəyəm", - dedi. Ona görə qorxduğumdan uşaqları ona verib getməyi qərara aldım. Elxan vərəm xəstəsi olub. Elxanın anası Yavər, bacısı Natəvan, qardaşı Ceyhun mütəmadi olaraq məni nalayiq söyüşlərlə təhqir ediblər. Dekabrın 29-da Elxan məni döydü, nalayiq söyüşlər söydü və buna görə də evdən çıxaraq piyada Liman ərazisinə qədər gəldim. Yolda Elxanın anası Yavər məni gördü, ancaq heç nə demədi. Limanda avtobus dayanacağında avtobusa mindim və bibim qızı Kəmalənin evinə gəldim. Dekabrın 30-da Lənkəran Polis Şöbəsinin əməkdaşları izahatımı aldılar. İzahatımda Elxanın məni döyməsini, nalayiq söyüşlərlə təhqir etməsini, mənə bıçaq verərək onu öldürməyimi tələb etməsini göstərdim. Sonra qardaşlarım məni Şovu kəndində yerləşən ata evimizə apardılar. 2-3 gündən sonra qayınatam və qaynım dalımca gəldilər. Bir daha Elxanın evinə qayıtmayacağımı bildirdim. Yanvarın 5-də Elxan yolda kiçik qardaşım Əlövsəti görüb mənim haqqımda nalayiq sözlər deyib. Əlövsət Elxanı avtomaşınına mindirərək Lerik rayonunun ərazisinə aparıb, saat 13-14 radələrində mənə zəng edərək Elxanı maşa ilə vurub-vurmamağını, həmçinin "Elxan indi mənim yanımdadır, axırıncı sözün nədir?" deyə soruşdu. Qardaşıma Elxana heç nə etməməyini tapşırdım. Bu anda Əlövsət telefon danışığını kəsdi. Təxminən bir saatdan sonra Əlövsət evə gəldi və Elxanı öldürdüyünü dedi".

Qeyd

Məhkəmə prosesi hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə Əlövsət Müseyibov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi

Bəzən deyilməmiş sözlər deyilən sözlərdən daha kəsərli və mənalı olur!..

İnarə Rafiqqızı

O.M.