Nəvəsini xilas etmək üçün başqasının canına qıydı

Nəvəsini xilas etmək üçün başqasının canına qıydı

2 Fevral 2013 15:23
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: “Binə” ticarət mərkəzində yük daşımaqla məşğul olan Ağdam sakini odlu silahla iş yoldaşını qətlə yetirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Bəşirov Arzuman Murtuza oğlunun məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, Arzuman Bəşirov qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz olaraq əldə etdiyi odlu silahı və on səkkiz ədəd odlu silahda istifadəsi nəzərdə tutulan döyüş sursatlarını özündə saxlayıb, daşıyıb, gəzdirib. Həmin silahdan istifadə etməklə qəsdən adam öldürüb. Belə ki, o, qabaqcadan əlbir olaraq planlaşdırdıqları cinayət əməlini həyata keçirmək məqsədilə hazırlıq işləri görüb. Sifətini gizlətmək üçün maska, əlcək götürüb, "Steçkin" tipli odlu silah, on səkkiz ədəd 9 mm kalibrli döyüş sursatı ilə silahlanaraq, 14 iyul 2011-ci ildə səhər saat 8:00 radələrində arabaçı (yükdaşıyan) işlədiyi "Binə" Ticarət Mərkəzindəki "Savalan" kafesinə gəlib. Orada spirtli içki qəbul etdikdən sonra özü ilə gətirdiyi bir cüt əlcəyi əllərinə taxıb, hazırladığı maskanı isə başına geyinib, tapançanı atəş vəziyyətinə gətirməklə Ticarət Mərkəzinin 5-ci sırasının 4-cü korpusunda yerləşən valyutadəyişmə məntəqəsinə basqın edib. Məntəqənin salonunda xidməti vəzifəsini yerinə yetirən Əliyev Əli Allahverdi oğluna atəş açaraq ona ağır dərəcəli bədən xəsarəti yetirib. Sonra isə masanın siyirməsindən 16 651 manat məbləğində pul vəsaitini götürərək oradan uzaqlaşıb. Yaralı Əli Əliyev Təcili-Tibbi Yardım avtomobilində xəstəxanaya aparılarkən aldığı güllə yarasından yolda keçinib. Arzuman Bəşirov qətl hadisəsini törətdikdən sonra, saat 13:00 radələrində onu Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndiyeva küçəsi, ev 68 ünvanında gözləyən digər şəxsin kirayədə yaşadığı evə gəlib. Taladığı pul vəsaitindən 4.000 ABŞ dollarını, cinayətdə istifadə etdiyi odlu silahı, döyüş sursatlarını və əlcəkləri həmin şəxsə verib yenidən ticarət mərkəzinə qayıdıb. Həmin gün saat 18:00 radələrində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Arzuman Bəşirov "Binə" Ticarət Mərkəzində yerləşən "Görüş" kafesinin yaxınlığında saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əynindəki şalvarın cibindən 1,168 qram heroin, sol ayağındakı corabının içərisindən 1 mm-lik boş şpris aşkar edilib.

Müttəhim haqda qısa arayış:

Bəşirov Arzuman Murtuza oğlu - 1961-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olub. Əvvəllər məhkum edilib. Orta təhsillidir. Ailəlidir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 "a", ev 42 -də yaşayır. AR CM-nin 120.2.1, 120.2.3, 120.2.11, 181.3.2, 181.3.3, 228.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Nəvəmi əməliyyat olunması üçün ya Rusiyaya, ya da Avropaya aparmalı idik"

Təqsirləndirilən şəxs qismində dindirilən Arzuman Bəşirov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində nəvəsinin cərrahi əməliyyat olunması üçün külli miqdarda pul lazım olduğunu, lakin bu məbləği tapa bilmədiklərini göstərib: "İlk dəfə 1982-ci ildə evlənmişəm. Həmin nikahdan bir qızım və bir oğlum var. Oğlum evlidir, nəvəm var. Yoldaşım 2004-cü ildə vəfat etdiyindən 2010-cu ildə ikinci dəfə ailə qurdum. Həmin nikahdan da bir oğlum oldu. 2009-cu ilin sonlarından Qaradağ rayonu ərazisindəki "Binə" Ticarət Mərkəzində arabaçı işləmişəm. Nəvəmin hər iki ayağı doğuş zamanı çıxdığından yeriyə bilmirdi. Onu ancaq Rusiyada, ya da Avropada əməliyyat etdirmək olardı.

"Külli miqdarda pul lazım idi"

Bunun üçün isə külli miqdarda pul lazım idi. Qərara gəldik ki, uşağı İrana aparaq. 1000 dollar oğlum Rusiyadan göndərdi, 1000 dollar da işlədiyim ticarət mərkəzində dost-tanışdan, hərədən bir az borc alıb yığdım. 24 aprel 2011-ci ildə İranda nəvəm sol omba nahiyəsindən əməliyyat olundu. Həkim dedi ki, ikinci omba nahiyəsinin də əməliyyat olunması üçün yenə Təbrizə aparmaq lazımdır. Əməliyyat üçün noyabr ayına kimi 4000 manat pul tapmalı idim.

"Valyutadəyişmə məntəqəsinin qapısı daim açıq idi"

Hadisəni törətməzdən bir neçə gün qabaq nəvəmin əməliyyat müddətinin keçəcəyini düşünüb, basqın etməyi qərara aldım. Üç-dörd gün bu haqda fikirləşdim, qərarımı dəqiqləşdirdikdən sonra işlədiyim "Binə" Ticarət Mərkəzinin 5-ci sırasının 4-cü korpusunda yerləşən valyutadəyişmə məntəqəsinə nəzər salmağa başladım. Gördüm ki, məntəqənin qapısı daima açıqdır. 13 iyul 2011-ci ildə saat 17:00 radələrində işdən çıxıb Lökbatan qəsəbəsinin "Kolxoz" bazarından mavi və ağ rənglərdə əlcək aldım. Tapançanı isə hələ 1994-cü ilin aprel ayında Ağdamda gedən döyüşlərdə qətlə yetirdiyim erməni zabitinin üstündən götürmüşdüm, amma heç vaxt istifadə etməmişdim. Arvad-uşağı Kürdəmirə, gəlinimlə nəvəmi isə Yevlaxa yola saldım. Evdə tək idim. Qara qadın "retuz"unun ayaq hissəsini kəsib özüm üçün maska düzəltdim.

"Oğlana tapançadan atəş açdım"

14 iyul 2011-ci ildə səhər saat 07:00 radələrində "Binə" Ticarət Mərkəzinə getdim. "Savalan" kafesində 100 qram araq içdikdən sonra valyutadəyişmə məntəqəsi olan cərgəyə tərəfə keçdim. Əlimdəki sellofan paketdə qabaqcadan hazırladığım maska, "futbolka" və əlcək var idi. Mağazaların arasına keçərək maskanı başıma, əlcəkləri əlimə geyindim, tapançanı şalvarımdan çıxardıb valyutadəyişmə məntəqəsinə tərəf getdim. Qapını açıb içəri girdim. İçəridə olan tanımadığım oğlan ayağa qalxıb üstümə hücum çəkdi. Mən də refleks olaraq tapançadan bir dəfə atəş açdım. Oğlan kreslonun üzərinə yıxıldı.

"Əlcəyi, maskanı və digər əşyaları tulladım"

Siyirtməni açıb orada olan pulları paketə yığdım. Bazarda hay-küyün qalxdığını görüb asta hərəkətlə "Əli süfrəsi" kafesinə tərəf getdim. Kafenin yanında maskanı və əlcəyi çıxarıb paketə, tapançanı isə cibimə qoyub bazardan çıxdım. Yolda bir taksiyə minib evə getdim. Pulu evə qoyduqdan sonra əlcəyi, maskanı və tapançanı götürüb taksi ilə Xırdalana - Zakirgilə gəldim. Yolda gedə-gedə maskanı və digər əşyaları atdım. Zakiri hələ birlikdə eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyimiz illərdən tanıyırdım. Bir az söhbət etdikdən sonra yerə düşmüş siqareti götürəndə Zakir belimə taxılmış tapançanı görüb, belimdən çıxartdı. Zakirdən nə qədər xahiş etsəm də, silahı qaytarmadı ki, gedib cinayət törədərsən, qalsın, gəlib sonra apararsan. Mən də onun sözünə qulaq asdım. Evə gəldim. Pulun üstündən 20 manatlıq əsginasların topasını götürüb, Lökbatan bazarına gələrək, bir valyutadəyişmə məntəqəsində 1600 ABŞ dollarına dəyişdim və evə qayıtdım. Evdə qalan pulları saydım, cəmi 13.000 manat qalmışdı. Onları 3.000 və 10.000 manata ayıraraq, sellofan paketə büküb, yataq otağındakı döşəyin altına qoydum. Ev sahibi Natiqə zəng vurdum ki, gəlib kirayə pulunu götürsün. Natiq qohumunu göndərdi. Gələn adama 200 ABŞ dolları və 9 manat pul verdim.

Saat təxminən 16:00 radələrində "Binə" Ticarət Mərkəzinə gedərək bazarda tanışlarıma olan borclarımı qaytardım. Polislər məni elə orda tutdular. Oğurladığım pul 16.651 manat olub, onun 1600 ABŞ dolları tutulan vaxt cibimdə olub, 3000 manata yaxın borclarımı qaytarmışam, qalan pulları isə kirayə qaldığım evdə döşəyin altında gizlətmişəm. Evdə axtarış mənim iştirakım olmadan aparılıb. Nəticə olaraq evdə olan pullar yoxa çıxıb.

"Onu öldürmək niyyətim olmayıb"

Cinayəti əvvəldən planlaşdırmışdım. Silahı isə sadəcə qorxutmaq məqsədi ilə götürmüşdüm. Əli Əliyevi öldürmək niyyətim olmayıb. Eyni zamanda törədilən cinayəti Zakirlə bir yerdə planlaşdırmağımızı, yəni başqa şəxslərlə əlbir olma ittihamını və CM-nin 234.1-ci maddəsi ilə olan ittihamı qəbul etmirəm. Mən Zakirlə sadəcə dostam, onunla həmişə oturub bir yerdə dərdləşirdik, silahı isə hər hansı cinayət törətməməyim üçün məndən götürüb. Tutulan zaman nəinki üzərimdə, heç evimdə də narkotik vasitə olmayıb. Tutduğum əməldən peşmanam".

"Qaynım Əli valyutadəyişmə məntəqəsində mənə köməklik edirdi"

Zərərçəkmiş Əliyev Əli Allahverdi oğlunun hüquqi varisi qismində dindirilən Əli Nəcəfov ifadəsində göstərib ki, o, Bakı şəhəri, R.Quliyev küçəsi, 20 ünvanında ailəsi ilə yaşayır və son 3 il ərzində "Binə" Ticarət Mərkəzində valyutadəyişmə məntəqəsində işləyir: "Həmin məntəqə iki puldəyişmə gözlükdən ibarət olmaqla, Ticarət Mərkəzinin 5-ci sırasının 4-cü korpusunda dəmir materiallardan quraşdırılıb. Valyutadəyişmə məntəqəsinin gözlüklərindən biri ümumi dəhlizə, digəri isə ara dəhlizə baxmaqla ümumi ölçüsü 1,5 x 2,3 metrdən ibarətdir. Həmin məntəqəni Ticarət Mərkəzinin rəhbərliyinin razılığı əsasında şərikim Rafiq adlı şəxslə birlikdə işlətmişik. Təxminən hadisədən 20 gün əvvəl Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad kəndində ata evində olarkən ağacdan ərik yığdığım zaman yıxılaraq sağ qolumu sındırmışdım, buna görə də işlədiyim valyutadəyişmə məntəqəsində mənə qaynım Əliyev Əli Allahverdi oğlu köməklik edirdi. Rafiqlə hər gün saat 08:00 radələrində işə gəlirdik, qaynım Əli Əliyev isə adətən təxminən saat 14:00 radələrində valyutadəyişmə məntəqəsinə gələrək bizə kömək edirdi. Hər gün işin sonunda pullar sayılaraq gündəlik hesabat aparılır, pulun bir hissəsi Ticarət Mərkəzində mağazada işləyən Murad adlı şəxsin mağazasındakı seyfə qoyulur, seyfin açarı isə valyutadəyişmə məntəqəsində saxlanılırdı. 13 iyul 2011-ci ildə qolum gipsdə olduğu üçün valyutadəyişmə məntəqəsində hesabatı Əli ilə şərikim Rafiq aparırdı.

"Əli ilə birlikdə işə gəlmişdik..."

Nəticədə 5.000 manat pulun olduğu məlum oldu. Həmin pulun çox hissəsini Əli apararaq Eminin mağazasına qoydu. Sonra Rafiq işi olduğu üçün işə gec gələcəyini bildirdi və hər kəs öz evinə getdi. Məntəqədə pul saxlamaq üçün dəmir seyf olub, həmin seyfin açarlarından biri məndə, digəri isə Rafiqdə olub. Sonralar isə açarların birini də Əliyə vermişdik. 14 iyul 2011-ci ildə Əli ilə birlikdə işə getdik. Təxminən saat 08:00 radələrində işə çatıb qapını açdım. Əli seyfdən pulları götürdü və məntəqədə olan masanın siyirməsinə qoydu. Mən divanda əyləşdim, Əli isə pul dəyişmək üçün yaxınlaşan müştəriləri yola saldı. Müştəriləri yola saldıqdan sonra Əli çay dəmlədi, mənsə məntəqənin yanından keçən şirniyyat satan oğlandan 3 ədəd şirin çörək aldım. Bir neçə dəqiqədən sonra geri qayıdarkən güclü səs eşitdim. Valyutadəyişmə məntəqəsində qaynım Əlinin kiminləsə dalaşdığını hiss etdim. Məntəqəyə çatanda qapının açıq olduğunu və içəridə Əlini kresloda əyləşərək əli ilə qarın nahiyəsindən tutduğunu gördüm.

"Qaynım yolda keçindi"

Üzündə qara rəngli maska olan şəxs əlindəki tapançanı mənə sarı tuşladı. Həmin şəxsdən pulları götürüb getməsini, lakin uşaqla işi olmamasını bildirdim. O, əl atıb siyirtmədəki pulları əlindəki sellofana yığaraq, məntəqədən çıxdı və sol tərəfə qaçaraq oradan uzaqlaşdı. Sağ əlim gipsdə olduğu üçün ona heç bir müqavimət göstərə bilməmişəm. Hadisə yerinə çoxsaylı şəxslər yığılmışdı. Qaynımı təcili yardım maşını ilə xəstəxanaya apararkən sonuncu yolda vəfat etdi. Valyutadəyişmə məntəqəsindən 17.000 manata yaxın pulun oğurlandığını bildirir, təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edirəm".

Qeyd: Məhkəmənin hökmü ilə Arzuman Bəşirov 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalan 10 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son söz əvəzi:

Həyat keşməkeşli bir yoldur. Bu yolda hər kəs çiyninə düşən yükü daşıyır. Bugünkü yazının "qəhrəman"ı "Binə" ticarət mərkəzində yükdaşıyan işləsə də, tale yükünü daşıya bilmədi. Belə ki, həyat yolunda azaraq, qaranlıq uçuruma yuvarlandı və həmişəlik vicdan yükünün altında qaldı.

İnarə Rafiqqızı

O.M.