Azərbaycanda 01 fevralın kriminal xronikası

Azərbaycanda 01 fevralın kriminal xronikası

2 Fevral 2013 12:37
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 42 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 19-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 8 nəfər yaralanmışdır.

7 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.

Yasamal rayonu ərazisində Bakı şəhər sakini R.Talıbova bıçaqla xəsarət yetirmiş E.Qurbanov tutulmuşdur

01.02.2013

Fevralın 2-də saat 00.10 radələrində Yasamal rayonu ərazisindən şəhər sakini Rəsul Talıbov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Yasamal RPİ və DİN ÇPA əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni qısqanclıq zəminində törətmiş şəhər sakini Emil Qurbanov tutulmuşdur.

Hacıqabul Dəmir Yol Stansiyasının ərazisindən oğurluğa cəhd göstərmiş rayon sakinləri B.Qoçəliyev və F.Hacıyev tutulmuşlar

01.02.2013

DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Hacıqabul şəhəri Dəmir Yol Stansiyasının ərazisindən 10 ədəd şpalı oğurlamağa cəhd göstərmiş rayon sakinləri Bəylər Qoçəliyev və Fikrət Hacıyev tutulmuşlar.

Şəmkir rayonu ərazisində silah-sursat tapılmışdır

01.02.2013

Şəmkir RPŞ əməkdaşları tərəfindən Şiştəpə yolunun kənarından 1 ədəd "AKM" silahı, 1 qumbara, 1 patron darağı və 434 ədəd müxtəlif çaplı avtomat patronu tapılmışdır.

Qax rayonu ərazisində Bakı şəhəri Kabel Magistral Telefon qovşağına məxsus kabelin 30 metrlik hissəsini kəsərək oğurlamış rayon sakini E.Daşdəmirov tutulmuşdur

01.02.2013

Cari ilin yanvar ayının 28-dən fevralın 1-dək olan müddət ərzində Qax rayonunun Cəlayır kəndinin ərazisində Bakı şəhəri Kabel Magistral Telefon qovşağına məxsus işlək vəziyyətdə olan yeraltı kabelin 30 metrlik hissəsi kəsilərək oğurlanmışdır.
Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Almalı kənd sakini Elxan Daşdəmirov tutulmuşdur.

İdarə etdiyi avtomaşınla piyadanı vuraraq hadisə yerindən qaçmağa cəhd göstərmiş Bakı şəhər sakini E.Mahmudov saxlanılmışdır

01.02.2013

Fevralın 1-də Bakı şəhər sakini Elçin Mahmudov idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla Xırdalan şəhər sakini Elnarə Abdulrəhmanovanı vuraraq hadisə yerindən qaçmağa cəhd göstərərkən DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılmış və araşdırmalar aparılması üçün Nəsimi RPİ 21-ci PB-nə təhvil verilmişdir.

Binəqədi şosesində "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini G.Tağıyeva vurulmuşdur

01.02.2013

Fevralın 1-də saat 08.00 radələrində Binəqədi şosesində Abşeron rayon sakini Azər Həsənli idarə etdiyi "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini Gülyaz Tağıyevanı vurmuşdur. Nəticədə xəsarət almış G.Tağıyeva xəstəxanaya aparılarkən yolda ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Şəmkir rayonu ərazisində Tovuz rayon sakini C.Şəfiyev idarə etdiyi avtomaşını aşırmışdır

01.02.2013

Fevralın 1-də saat 15.50 radələrində Şəmkir rayonunun Yeniabad kəndi ərazisində Tovuz rayon sakini Cavid Şəfiyev idarə etdiyi "VAZ-21015" markalı avtomaşını aşırmışdır. Nəticədə C.Şəfiyevin sərnişini - Tovuz rayon sakini Elçin Rzayev hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmişdir.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Salyan rayonu ərazisində Şirvan şəhər sakini R.Yusifov idarə etdiyi "İnfiniti" markalı avtomaşını kanala aşırmışdır

01.02.2013

Fevralın 1-də saat 00.10 radələrində Salyan rayonunun Kürsəngi kəndi ərazisində Şirvan şəhər sakini Rəşad Yusifov idarə etdiyi "İnfiniti" markalı avtomaşını kanala aşırmışdır. Avtomaşın və suda boğulmuş R.Yusifovun meyiti kanaldan çıxarılmışdır.
Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Yanvarın 30-da M.Quliyevə məxsus avtomaşını qaçırmış Bakı şəhər sakini N.Babayev saxlanılmış və Binəqədi RPİ-nə təhvil verilmişdir

01.02.2013

Yanvarın 30-da Bakı şəhər sakini Mikayıl Quliyevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış şəhər sakini Namiq Babayev fevralın 2-də Bakı-Quba yolunun 83-cü km-dəki DİN BDYPİ-nin daimi postunda saxlanılmış və araşdırmalar aparılması üçün Binəqədi RPİ-nə təhvil verilmişdir.

Bakı şəhər sakini A.Muradlı dəm qazından zəhərlənərək ölmüşdür

01.02.2013

Fevralın 1-də Bakı şəhər sakini Anar Muradlı mənzilində dəm qazından zəhərlənərək ölmüşdür.

Sumqayıt şəhərinin 4 sakini dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

01.02.2013

Fevralın 2-də Sumqayıt şəhər sakini Nuranə Bayramova, Seymur Şahbazov, Sevinc Atakişili, Rəna Cəbrayılova mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Gəncə şəhəri 20 Yanvar küçəsində yeni doğulmuş qız uşağı tapılmışdır

01.02.2013

Fevralın 1-də Gəncə şəhəri 20 Yanvar küçəsində yeni doğulmuş (1-2 günlük) qız uşağı tapılmış və şəhər 2 saylı Uşaq Xəstəxanasına təhvil verilmişdir.

Yanvarın 29-da idarə etdiyi avtomaşını ağaca vurmuş Samux rayon sakini A.Bayramov xəstəxanada ölmüşdür

01.02.2013

Yanvarın 29-da Samux rayonunun Qırmızı Samux kənd sakini Amid Bayramov idarə etdiyi "VAZ-21011" markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Bayramov fevralın 1-də orada ölmüşdür.
Samux RPŞ tərəfindən araşdırma aparılır.

Üstünə qaynar su tökülmüş Xırdalan şəhər sakini Simuzər Həsənova xəstəxanaya yerləşdirilmişdir

01.02.2013

Fevralın 1-də saat 04.00 radələrində Xırdalan şəhər sakini Simuzər Həsənovanın evində ehtiyatsızlığı nəticəsində üstünə qaynar su tökülmüşdür. S.Həsənova xəstəxanaya yerləşdirilmişdir.

O.M.