Bakı sakini 74 yaşlı qonşusunu diri-diri yandırdı

Bakı sakini 74 yaşlı qonşusunu diri-diri yandırdı

1 Fevral 2013 18:10
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Xüsusi amansızlıqla öldürülən qadın qatilinin 35 illik qonşusu, həm də bağçada tərbiyəçisi olub

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Hümbətov Natiq Əli oğlunun məhkəmə istintaqı başa çatıb. Təqsirləndirilən şəxs 74 yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunurdu. İttihama görə, ötən il fevralın 17-də saat 19:00 radələrində paytaxtın Binəqədi rayon sakini 74 yaşlı Elmira İsmayılova yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə qəsdən öldürülüb və mənzilin mətbəxi yandırılıb. Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 23 yaşlı Natiq Hümbətov müəyyən edilərək tutulub.

Tamah güc gələndə...

İstintaq zamanı müəyyən edilib ki, Natiq Hümbətov qonşuluqda yaşayan Qubad kişigilin maddi cəhətcə imkanlı olduqlarını bildiyindən, evdə külli miqdarda pul saxladıqlarını ehtimal edib. Odur ki, qonşusuna məxsus əmlakı ələ keçirmək məqsədi ilə 17 fevral 2012-ci ildə, saat 18:00 radələrində mənzilə basqın edib. Həmin vaxt evdə Qubad Hüseynovun arvadı, 1938-ci il təvəllüdlü Elmira İsmayılova tək olub. O, içəri daxil olaraq qadına çoxsaylı zərbələr endirib. Bundan sonra mənzildə axtarış aparıb. Lakin pul tapa bilməyib. Törətdiyi cinayətin izlərini itirmək üçün özü ilə gətirdiyi benzini ətrafa səpib. Elmira İsmayılovanın ölmədiyini bilə-bilə mənzilə od vurub. Sonra isə heç nə olmayıbmış kimi evdən çıxaraq qapını bağlayıb.

Müttəhim haqda qısa arayış:

Hümbətov Natiq Əli oğlu - 1988-ci ildə Bakı şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Subaydır. Orta təhsillidir. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 189, mənzil 38-də yaşayır. AR CM-nin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Onları uşaqlıqdan tanıyırdım"

Təqsirləndirilən şəxs qismində dindirilən Natiq Hümbətov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində ata, ana, bacı və 2 qardaşı ilə Azadlıq prospekti, ev 189, mənzil 38-də yaşadığını, əvvəllər restoranda ofisiant, sonuncu dəfə isə "Ayla" restoranında xidmətçi işlədiyini göstərib: "Son 2-3 ayda işsiz idim. Pula çox ehtiyacım vardı. Qonşuluqda yaşayan Qubad kişi və onun arvadı Elmiranı uşaq vaxtlarımdan tanıyıram. Biz 8-ci, onlar isə 3-cü mərtəbədə yaşayırdılar. Elmiranı həyətdə hamı Sveta kimi tanıyırdı. Onlarla normal münasibətlərimiz olub. Qubad kişi ilə onun arvadının evdə tək qaldıqlarını bilirdim.

"Bıçaq və benzin götürüb aşağı düşdüm"

Hadisə baş verən gün axşamüstü pilləkənlə aşağı düşərkən gördüm ki, Qubad kişinin mənzilinin qapısı bir qədər aralıdır. İçəri girmək fikrinə düşdüm. Amma həmin vaxt evdə adam olduğunu düşünüb, yenidən öz mənzilimizə qalxdım. Mətbəxdən bıçaq və içərisində benzin olan qabı götürüb 3-cü mərtəbəyə düşdüm. Qapının yenə də aralı olduğunu görüb mənzilə girdim, solda divarın dibində gizləndim. Təxminən 2 dəqiqəyə kimi səssiz dayandım. Evdən səs eşidib, çölə çıxmaq istəyən vaxt qəflətən Elmira arvad qonaq otağından çıxıb məni gördü və qışqırmağa başladı.

"Evdə pul olmadığını dedi"

Qadının səs-küy çıxartdığını görüb, evdən götürdüyüm bıçaqla sinəsinə və qarnına zərbə endirdim. İkiqat əyilib mətbəxə tərəf getdi. Əvvəlcə yataq otağına keçib şkafın siyirtmələrini axtardım, lakin pul tapa bilmədim. Mətbəxə keçib ev sahibəsindən pulların yerini soruşduqda, evdə pulu olmadığını dedi. Bıçaqla ona daha 4-5 dəfə zərbə vurdum, otaqlarda pul axtarmağa getdim. Qonaq otağındakı siyirtmələrə baxanda stolun üstündə qara rəngli qadın çantası gördüm. Çantanın içinə baxdıqda pulqabının içində 5 manatlıq və 2 ədəd manatlıq olduğunu gördüm. Amma götürmədim. Qonaq otağından heç nə tapa bilməyib digər otağa keçdim, şifonerdəki paltarların ciblərini, vazaların içini axtardım. Heç bir otaqda pul tapa bilmədiyimdən yenidən mətbəxə keçdim. Bu vaxt ev sahibəsinin arxası üstə döşəmədə uzandığını gördüm. Yenidən pulların yerini soruşduqda "evdə pul yoxdur" cavabını aldım. Əsəbiləşib sinəsinə 5-6 bıçaq zərbəsi də endirdim.

"Alov qalxan kimi qapını bağlayıb getdim"

Gözüm qadının barmağındakı üzüyə sataşsa da, götürmədim. Çünki qızılı satanda satıcılar şəxsiyyət vəsiqəsi istəyirlər, belə olan halda da cinayət törətməyim sübut oluna bilərdi. Evdə pul tapmadığımı görüb getmək istədim. Əl izlərim qalmasın deyə özümlə gətirdiyim benzini evin giriş qapısından mətbəxin yanına qədər tökdüm. Alışqanı yandırıb evə tulladım, alov qalxan kimi qapını bağlayıb getdim. Evə gəlib əl-üzümü yuduqdan sonra paltarlarımı dəyişib, aşağı düşdüm. Blokdan çıxıb küçə ilə Tennis Akademiyasına tərəf gəzə-gəzə getdim. Saat 20:00 radələrində evə qayıdanda blokun qarşında yanğınsöndürən maşınların və polis işçilərinin olduğunu gördüm. Qonum-qonşularımız, atam da orda idi. Təxminən 30-40 dəqiqə orda dayanıb sonra evə getdim".

"Bacım zəng vurub anamgilin evinin yandığını dedi"

Zərərçəkmişin hüquqi varisi qismində dindirilən Hüseynov Fuad Qubad oğlu ifadəsində 1998-ci ilə kimi anası Elmira və atası Qubadla birlikdə yaşadığını, 1998-ci ildən sonra ailəsi ilə birlikdə başqa evə köçdüyünü göstərib: "Atamla anam çox vaxt evdə olurdular. Mən, Azadə, Kəmalə və əmim oğlu Rasim onlara tez-tez baş çəkirdik. Valideynlərim yalnız mənim və bacılarımın evinə qonaq gəlib-gedirdilər. 17 fevral 2012-ci ildə "Gənc Tamaşaçılar" teatrında tədbirdə iştirak etdikdən sonra işə getdim. Saat 18:00-da sürücüm Fuadla birlikdə işdən çıxıb Yasamal rayonu, M.Naxçıvani küçəsində yerləşən evimə gəldim. Ailə üzvlərimlə birlikdə oturub televizora baxırdım. Saat 19:15 radələrində bacım Azadə zəng edib valideynlərim yaşayan evin yandığını və anamın evdə tapılmadığını dedi.

"Anamın qətlə yetirildiyini sonradan bilmişəm"

Tez aşağı düşüb anamgilə getmək üçün taksiyə mindim və təxminən 15-20 dəqiqəyə ora çatdım. FHN-nin yanğınsöndürənləri blokun qarşısında dayanmışdılar, heç kimi buraxmırdılar. Evi yanan şəxsin oğlu olduğunu dedikdən sonra məni içəri buraxdılar. Evdə söndürmə işləri getdiyindən məni qapıdan içəri qoymadılar. Müstəntiq mənə evdə heç kimin olmadığını desə də, sonradan anam Elmiranın mənzildə yanaraq faciəvi şəkildə öldüyünü söylədilər. Bu yanğını sadəcə bir təsadüf kimi bilsəm də, sonradan keçirilmiş ekspertizalar nəticəsində anamın qətlə yetirilməsi məlum oldu.

Hadisə günü anam bacımgilə gedibmiş. Evə qayıtdıqdan sonra saat 18:00-də Azadəyə zəng edib, çatdığını deyib. Valideynlərimin kiminləsə düşmənçilikləri, mübahisə və münaqişəsi olmayıb. Sonda məhkəmədən təqsirləndirilən şəxsə ən sərt cəza tətbiq etməyi xahiş edirəm".

"Anam 40 il bağçada tərbiyəçi işləyib"

Şahid qismində dindirilən Azadə İbrahimova ifadəsində valideynlərinin hər ikisinin təqaüdçü olduqlarını, sakit təbiətli, qonum-qonşu ilə mehriban davranan insanlar olduqlarını göstərib: "Atam Qubad Hüseynov əslən Cəbrayıl rayonundandır. Hazırda təqaüdçüdür, tikinti firmasında məsləhətçi kimi işləyir. Əvvəllər Nəqliyyat Nazirliyində əsaslı tikinti şöbəsinin rəisi işləyib. Anam Elmira İsmayılova 40 ilə yaxın bağçalarda tərbiyəçi işləyib. Təxminən 10 ildir təqaüdə çıxıb. Anam təbiətcə çox sakit idi, şəkər xəstəliyindən əziyyət çəkirdi. Heç vaxt da qonşularından şikayətlənməzdi. Anamla atam çox mehriban, sakit həyat sürüblər, heç kimə zərər verən adam olmayıblar. Qonşularla da münasibətləri həmişə normal olub.

"Maşının gəlməyini gözləməyib tələsik getdi"

17 fevral 2012-ci ildə, səhər saatlarında anamgilə zəng vurdum. Hər gün 3-4 dəfə anamla danışıb, hal-əhval tuturdum. Saat 12:00 radələrində anamla bir də danışdım, söhbət əsnasında anam bizə gələcəyini dedi. O, iki saata yaxın bizdə oturdu. Saat 17:00 radələrində bizdən çıxdı ki, evə getsin, atamın dərmanlarını versin, yemək bişirsin. Atamın iş yerinə zəng etdim ki, anamın dalınca maşın göndərsin, lakin anam gözləməyib getdi. Saat 17:55-də zəng edib evə çatdığını bildirdi. Danışıq zamanı anam evin zənginin çalındığını dedi və sağollaşdı ki, qapını açsın. Bundan sonra atam Qubad mənə zəng vurub anamın harada olmasını soruşdu. Ona anamın çoxdan getdiyini və bayaq ev telefonu ilə danışdığımızı dedim.

"Elə bilirdim ki, təsadüfi yanğın nəticəsində bu hadisə baş verib"

Atam mənə evlərinin tüstülənib yanmasını dedi. Mən də ərimə, bacım Kəmaləyə, qardaşım Fuada zəng edib evin yanması barədə xəbər verdim. Dərhal anamgilə getdik. Bloka çatanda polis əməkdaşlarını və Fövqəladə Hallar Nazirliyinin işçilərini gördüm. Orada anamın ölməsini bildim. Elə düşünürdüm ki, sadəcə təsadüfi yanğın nəticəsində bu hadisə baş verib. Lakin həmin günü gecə məlum oldu ki, anamın bədənində bıçaq yaraları da olub. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş edirəm".

Qeyd: Onu da qeyd edək ki, mərhum qadın Bakıda BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anası olub. BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyi 2008-ci ildə fəaliyyətini dayandırıb.

Məntiqi sonluq: Məhkəmə prosesi hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə Natiq Hümbətov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs və vəkili apellyasiya şikayəti verib. Vəkil birinci məhkəmə instansiyası tərəfindən müvəkkilinə həddindən artıq ağır cəzanın verildiyini qeyd edib. Apellyasiya şikayətində göstərib ki, müdafiə etdiyi şəxs ağır cinayət hadisəsi törətsə də, ömürlük cəzanın verilməsi düzgün deyil. Vəkil apellyasiya şikayətində Natiq Hümbətovun barəsində olan hökmün ləğv edilməsini, ömürlük cəzanın müddətli cəza ilə əvəz edilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilən Natiq Hümbətovun apellyasiya şikayəti təmin edilməyib.

Son söz əvəzi:

Ömrü büsbütün pula həsr etmək onu pula satmaq deməkdir. Halbuki, həyat Tanrı tərəfindən bizlərə təmənnasız verilən qiymətsiz hədiyyədir. Gəlin hər anımızın dəyərini bilək, onda özümüzə layiqli qiymət vermiş olarıq.

İnarə Rafiqqızı

O.M.