SOCAR işçisinin adı keçən şok cinayət işi: Yarım milyona yaxın pul... – Təfərrüat

SOCAR işçisinin adı keçən şok cinayət işi: Yarım milyona yaxın pul... – Təfərrüat

19 May 13:58
141
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Cavanşir Rzayev dövlət qurumlarından birində yüksək vəzifədə çalışan Nuru Quliyevə qarşı dələduzluq edib.

Oxuməni.az Teleqraf.com-a istinadən xəbər verir ki, Cavanşir Nurunun külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunub.

İstintaq materiallarında göstərilir ki, Cavanşir 2018-ci ildə istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırmaqla qanunsuz hazırlayıb.

Daha sonra o, həmin saxta sənədlə tanışı Nurunu Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 2,7 hektar torpaq sahəsini əlavə 0,3 hektarla birlikdə ümumilikdə 3 hektar torpaq üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququna dair çıxarış alacağı vədi ilə aldadıb. Cavanşir buna görə zərərçəkmişdən 260 min manat nağd pul alıb.

Bundan başqa o, Nuruya Mərdəkan qəsəbəsi ərazisində digər 3 hektar torpaq sahəsini göstərib sənədləşdirdikdən sonra baha qiymətə satıb qazanc əldə edəcəyinə dair yalan vəd verib, 2018-ci il aprelin əvəllərində 13 600 manat təşkil edən 8 000 ABŞ dolları, 2018-ci ilin may ayının ortalarında isə qeyd olunan yerdə 35 000 manatı - ümumilikdə 118 600 manat nağd pulunu alıb.

Daha sonra Nuruya Xaçmaz rayonunun Zeyxur kəndi ərazisində yerləşən 200 hektar torpaq sahəsinin alqı-satqısına dair zəruri sənədlərin hazırlamasına dair yalan vəd verib. 2018-ci ilin may ayının ortalarında 30 000 manat nağd pul alıb.

Ümumilikdə o, zərərçəkmişə 408 600 manatlıq dələduzluq edib.

İstintaq orqanı tərəfindən Cavanşirin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.

“Sənədlərə 1 milyon 200 min verdiyini dedi”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Cavanşir ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, Nuruya sözügedən yerin sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Regional Mərkəzdə yoxlatdıraraq onların saxta olduğunu deyib: “Daha sonra Nuru mənə sənədləri götürərək SOCAR-a gəlməyimi istədi. Sənədləri SOCAR-ın binasında Nuruya təqdim etdim.

2 ay sonra Nuru müəllim mənə zəng edərək SOCAR-a gəlməyimi və həmin yerlə bağlı mənə məsləhət verəcəyini dedi. Oraya gedən zaman Nuru mənə sənədlərin saxta olduğunu və həmin sənədlərə görə 1.200.000 pul verdiyini dedi. Orada Nuruya bunun Bəxtiyarın işi olduğunu, tutulanların bəlkə də günahsız olduqlarını bildirdim. Nuru sözümü əsas götürdü və daha sonra məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.

Cavanşir ifadəsində Bəxtiyarın qeyri-rəsmi olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu və bütün olanların onun qurması kimi ortaya çıxdığını bildirib: “Nuru müəllimin məndən şikayət etməsinin səbəbi Bəxtiyar tərəfindən şantaj olunmasıdır. Mənim adıma heç bir mülk yoxdur. Sənədi mənə Bəxtiyar verib. Mən də idarəyə təqdim etmişəm. Sözügedən sənədlərə görə tutulanların istintaqı gedib, onların birinin adı Mübariz, digərinin isə İmrandır”.

“Mənə təzyiq olunub”

Cavanşirin sözlərinə görə, Nuru onu 2017-ci ilin sentyabrın sonu Bəxtiyarın vasitəsilə tanıyıb: “Mən torpaq alqı-satqısı ilə məşğul olmuşam və ofisim yaşadığım ünvanda yerləşib. Bəxtiyar ofisimə gəldi. Torpaqları olduğunu, həmin torpağı satmaq istədiyini dedi.

Nuru müəllim sürücüsü Samirlə gələrək həmin yeri ona göstərdim. Ərazi Dübəndi-Zirə massivində mayak adlandırılan yerdə yerləşir. Mənə sənədləşmə ilə bağlı deyil, torpağın satışı ilə bağlı müraciət olunub. 260.000 manat pul vəsaiti haqqında məlumatım olmayıb.

Nuru müəllimin mənimlə heç bir düşmənçiliyi yoxdur. Belə ifadə verməsinin səbəbi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiqə məruz qalmasıdır. Yerin satışı ilə bağlı iki-üç dəfə Nuru ilə telefon əlaqəsi saxlamışam, 2 dəfə də görüşmüşük.

Birinci dəfə yerin satılması, ikinci dəfə isə sənədlərin saxta olduğunu bildirmək üçün görüşmüşük. İbtidai istintaq zamanı adımdan yazılan ifadəyə təzyiqlər altında imza çəkmişəm”.

Məhkəmə Cavanşirin ifadəsini özünümüdafiə addımı hesab edib və bu səbəbdən məhkəmədə onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.

“Özümdə inam yaratdım”

Cabanşir ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Nurunu ortaq tanışlar vasitəsi ilə tanıyıb: “2017-ci ilin sentyabrında ümumi söhbət əsnasında Nuru Pirallahı qəsəbəsində yerləşən 3 hektar torpaq sahəsi üçün çıxarış almaq adı ilə 1.200.000 manat pul verdiyini, bunun əvəzində ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış verildiyi, sonradan həmin çıxarışın ləğv olunduğu, əvəzində yenidən çıxarış veriləcəyini guya təsdiq edən qəbz təqdim olunduğunu bildirdi.

Həmin qəbzi mənə göstərdi. Qəbzlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedərək oradakı bir neçə şəxsdən bu barədə soruşdum. Qəbzin saxta olduğu bildirildi. Bu barədə Nuruya məlumat verdim.

Bundan sonra Nuru həmin torpaq sahəsini göstərdi ki, baxım, çıxarış alınmasına köməklik göstərim. Müxtəlif şəxslərə 200.000-220.000 manat arasında borcum olduğundan belə qərara gəldim ki, Nurudan çıxarış düzəltmək adı ilə həmin pulu alım, öz borclarımı bağlayım. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olduğumdan Nuruda özümə qarşı inam yaratdım. Hər dəfə Nuruya guya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış işi ilə məşğul olduğum görüntüsü yaratdım.

İlk dəfə Nuru mənə hissə-hissə olmaqla SOCAR-ın əsas binasının qarşısında 10 mart 2018-ci ildə 260.000 manat verdi. Bu pula onun 3 hektar torpaq sahəsinə çıxarış alacaqdım. Nurudan aldığım 260.000 manatı öz şəxsi ehtiyaclarım və borclarım üçün xərclədim.

Nuruya bildirdim ki, əgər onun başqa torpaq sahələri də varsa, onların hamısına birdən çıxarış ala bilərəm. Nuruda özümə inam formalaşdırdığımdan onun əlavə 3 hektar torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağım adı ilə aldadaraq yenidən Xətai rayonunda yerləşən SOCAR-ın əsas binasında və bəzən də binanın qarşısında hissə-hissə olmaqla əlavə 70.000 manat aldım.

Aldığım həmin puldan özümə "Niva" və “Maseratti” markalı iki avtomobil aldım. “Maseratti” avtomobilini lizinq yolu ilə ilkin 26.000 manat ödəniş etməklə almışdım və hər ay lizinq müqaviləsinə görə 2080 manat pul ödəmişdim”.

“Saxta arayış hazırlayaraq verdim ki...”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Xaçmaz rayonu Zeyxur kəndində özü tapdığı torpaq sahəsini ucuz qiymətə almaq adı ilə 2018-ci ilin mayında Nurudan yenidən 30.000 manat alıb:

“Həmin pulu da şəxsi ehtiyaclarım üçün xərclədim, bir qismini isə borclarıma sərf etdim. 2018-ci ilin mayında Nurunu yenidən aldadaraq onun Mərdəkan qəsəbəsində yerləşən 3 hektar torpaq sahəsinə çıxarış alacağım adı ilə əvvəl aldığım 70.000 manatdan başqa yenidən ehtiyac olduğunu bildirdim, 35.000 manatı və 8000 ABŞ dollarını SOCAR-ın əsas binasının qarşısında aldadaraq aldım.

Nurunu bir növ ayılmaması üçün hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adından saxta arayış hazırlayaraq verdim ki, guya pulları həmin quruma gedib. Nurudan pulu alarkən Dövlət Reystr Xidmətinin vəzifəli şəxslərinə verəcəyimi deməmişəm”.

“Özünü qurumun nümayəndəsi kimi təqdim etdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nurunun sözlərinə görə, 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışıb: “Hazırda da Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini vəzifəsindəyəm. Cavanşiri tanışım Bəxtiyarın vasitəsi ilə tanımışam.

Xəzər rayonunda özümə məxsus 2,7 hektar torpaq sahəsinə uzun müddət idi çıxarış ala bilmirdim.

Bəxtiyar Xəzər rayonunda Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin nümayəndəsi işləyən Cavanşirlə məni tanış etdi. Cavanşir danışıqlar zamanı hər dəfə özünü qeyd etdiyim qurumun Xəzər rayonu üzrə nümayəndəsi kimi təqdim etdi. Mən də Cavanşirə inandım, onunla yuxarıda qeyd etdiyim torpaq sahəsinə baxış keçirdik.

Hadisələr 2017-ci ilin avqust-sentyabr aylarında baş verib. Cavanşir həmin torpaq sahəsini özünə məxsus GPS aparatı vasitəsi ilə ölçdü, bir müddət sonra mənə dedi ki, hazırki torpaq sahəsi bir növ havadadır, yəni heç kəsə məxsus olmadığından onun sənədləşməsini həyata keçirə bilər. Lakin bundan sonra Cavanşirdən heç bir səs-soraq çıxmadı”.

“Bildirdi ki, qazanc əldə edə bilərik”

Nuru deyib ki, təxminən 2018-ci ilin yanvar-fevral aylarında Cavanşir onun işlədiyi idarəyə gəlib:

“Bildirdi ki, bu işi müəyyən ardıcıllıqla həll etmək mümkündür. İlkin mərhələdə torpaq sahəsi üçün icarə müqaviləsi alınmalı, onun əsasında isə özəlləşmə prosesi getməli və nəticədə torpaq sahəsinə çıxarış verilə bilər.

Birinci dəfə 2018-ci ilin martın 10-da iş yerimdə 260.000 manat aldı ki, guya bu pula mənə məxsus Xəzər rayonunda yerləşən 2,7 hektar sahəni əhatə edən torpağı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 3 hektarlıq çıxarış alacaq. Beləcə əlavə 0,3 hektar torpağı da alacaq.

Bundan sonra 2018-ci ilin aprelin əvvəllərində yenə eyni ünvanda məndən 70.000 manat aldı ki, Mərdəkan rayonunda 3 hektar torpağı münasib qiymətə alıb, daha sonra baha qiymətə satmaqla qazanc əldə edə bilərik”.

“Mənə dəymiş ziyanı tələb edirəm”

Nuru qeyd edib ki, növbəti dəfə 2018-ci ilin mayın əvvəllərində ondan Xaçmaz rayonu Zeyxur kəndindən 200 hektar torpaq sahəsinin alınması üçün zəruri sənədlərdən ötrü 30.000 manat alıb:

“2018-ci ilin may ayının ortalarında Mərdəkan rayonunda 3 hektar torpaq alınması üçün əlavə 35000 manat aldı. 2018-ci ilin mayın 7-də isə məndən təcili olaraq əlavə sənədləşmə xərcləri üçün 8.000 ABŞ dolları aldı.

Pulları verdikdən bir müddət sonra Cavanşirin heç bir iş görmədiyini başa düşdüm. Ondan pulları geri tələb etdim.

Cavanşir uydurma şəxslərin adlarını verərək hazırda bu işlərin üzərində çalışdığını bildirdi. Artıq Cavanşirin dələduzluğuna əmin olduqdan sonra şikayət etdim. Beləliklə, Cavanşir məni aldadaraq ümumilikdə 395.000 manat və 8.000 ABŞ dolları ələ keçirib. İndiyə qədər mənə o, cəmi 3 000 ABŞ dolları qaytarıb. Mənə dəymiş ziyanı tələb edirəm”.

Cavanşir 8 il müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə mülki iddiaçı olan zərərçəkmiş Nuru Quliyevin iddia ərizəsi qismən təmin olunub. Maddi ziyanla bağlı 403 500 manat və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1 000 manat məbləğində pul Cavanşirdən tutularaq mülki iddiaçı Nurunun xeyrinə ödənilməsi barədə hökm çıxarılıb.

Hökmdə zərərçəkmiş şəxsə mülki iddiasının qalan hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib.