Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib

Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib

21 Yanvar 2022 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxuməni.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına hökm oxunub. Hökmə əsasən Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxış edərək Eldar Həsənova 11 il cəza istəmişdi.

Prokuror Eldar Həsənova məxsus aşağıdakı əmlakların müsadirə edilməsini istəyib.

- Nardaran qəsəbəsində yerləşən bağ evi və torpaq sahəsi

- Nəsimi rayonunda yerləşən mənzil

- Nərimanov rayonunda yerləşən mağaza

- Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi

- Xətai rayonunda yerləşən fərdi yaşayış evi

- Monteneqroda yerləşən mənzil

Zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyi 18 milyon 500 min manat ziyanın ödənilməsini tələb edib.


Eldar Həsənovun cinayət işi üzrə rəsmi məlumata görə, onu Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Eldar Həsənov ittihamları qəbul etmir.