General məhkəmədə dedi: “Mən bu işlərdə heç kim olmuşam...”

General məhkəmədə dedi: “Mən bu işlərdə heç kim olmuşam...”

12 Yanvar 2022 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ləğv edilmiş MTN-nin İstintaq İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və onunla birgə mühakimə olunan üç MTN əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən prosesə jurnalistləri yenə buraxmayıblar, baxmayaraq ki, məhkəmənin qapalı keçirilməsinə dair heç bir qərar yoxdur. Nəticədə KİV nümayəndələri bu səs-küylü prosesi yenə məhkəmənin çölündən izləməli olublar, içəridə baş verənlər haqda vəkillərdən və zərərçəkənlərdən təfərrüatları öyrənməyə çalışıblar.

Oxuməni.az virtualaz.org-a istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində ilk olaraq zərərçəkmiş Sərdar İsmayılov və iş üzrə şahidlər dindirilib.

Zərərçəkmiş Sərdar İsmayılov

Çindən Gürcüstana “skoç” və pirotexniki vasitələr

S.İsmayılov ifadəsində deyib ki, 2013-cü ilin martında şəriki Orxan Abdullayevlə birgə Çindən gətirdikləri pirotexniki vasitələrin və yapışqan lentlərin Gürcüstanda satışını təşkil etmək istəyiblər. Çindən sifariş olunan mallar Tbilisidəki “Lilo” bazarının bazasına gəlsə də, malı sata bilməyiblər. Gətirilən mallar dörd ay bazada qalıb. Daha sonra malları Azərbaycana gətirmək istəyiblər.

”Avqust ayında Şəki sakini Elman Mənsimovla Bakıda görüşdük. Söhbət əsnasında Gürcüstandakı pirotexniki məmulatları və “skoç”ları ölkəyə gətirmək lazım olduğunu dedim. Elman da dedi ki, bu barədə maraqlanıb xəbər edəcək”, -zərərçəkən deyib.

Bir neçə gün sonra Elman Sərdarla telefonla danışarkən Gürcüstandakı malları gətirmək üçün adam tapdığını söyləyib: “Şərikim Orxanla birgə sentyabrın 4-də Balakənə getdik, Elmanla görüşdük. Elman da bizi Əfsəl Həsənəliyev (keçmiş polis əməkdaşı Ə.Həsənəliyev iş üzrə zərərçəkmiş qismində tanınıb-red.) və Məcid Anqubazovun yanına apardı. Həmin adamlarla birgə Tbilisiyə yollandıq. Malların yerini onlara göstərdik. Orxanla mən Balakənə qayıtdıq”.

“Ekzotika” çay evinə MTN-çilər gəlir

Zərərçəkmişin ifadəsinə görə, Balakəndən Bakıya qayıtdıqdan bir neçə gün sonra Orxanla “Ekzotika” çay evində oturub çay içərkən MTN əməkdaşları içəri girib, hər ikisini nazirliyə aparıblar. Orada 10 saat saxlanılıblar. MTN-də onlara bildirilib ki, qaçaqmalçılıq etmişiniz, Gürcüstandan gələn malınız tutulub.

“Səbail rayon Məhkəməsinin qərarı ilə barəmdə üç aylıq həbs qətimkan tədbiri seçildi. Üç ay sonra səhər saatlarında MTN-in istintaq şöbəsinin müstəntiqi Yasin Məmmədov məni öz otağına gətizdirdi. Həmin vaxt MTN-də müstəntiq işləyən Nadir Mustafayev də orada idi. Yasin Məmmədov məndən buraxılmağım üçün nə qədər pul verə biləcəyimi soruşdu”, - İsmayılov başına gələnləri belə nəql edir.

“Dedi 50 min dollar düzəlt gətir, səni buraxaq…”

S.İsmayılov müstəntiqə 18 min dollar dəyərindəki “Kia Sportage” markalı avtomobilini satıb pulunu verə biləcəyini söyləyib. Müstəntiq isə cavabında “bu pul azdır” deyib və başqa nə sata biləcəyini soruşub: “Dedi ki, qohum-əqrəbandan sənə bir köməklik edə bilən yoxdurmu? Müstəntiqdən nə qədər pul gətirmək lazım olduğunu soruşdum. Dedi ki, 50 min gətir, səni buraxaq. Həmin məbləğdə pulumun olmadığını dedim”.

Zərərçəkmiş Əfsəl İsmayılov

Zərərçəkmiş deyir ki, müstəntiq bu dəfə ondan dollar şəklində nə qədər məbləğ verə biləcəyini soruşub.

İsmayılov ifadəsini belə davam etdirib: ”Evdə 30 min dollar pulum vardı. Yasindən xahiş etdim ki, dostum Vüqarı çağırsın. Yasin də Vüqarın nömrəsini məndən aldı, onu MTN-ə çağırdı. Həmin gün Nadir Mustafayevin və Yasin Məmmədovun iştirakı ilə Vüqarla görüşdüm. Ona dedim ki, bizim evdəki 30 min dolları götür, maşınımı sat, nə çatmasa özün tap, düzəlt, 50 min dollar Yasin müəllimə çatdır. Hətta həmin vaxt Yasin Vüqara dedi ki, sənə deyilən məbləği başa düşdün? Vüqar əvvəlcə deyilən məbləği qısa müddətdə düzəldə bilməyəcəyini söylədi. Həmin vaxt Yasin Vüqarı da hədələdi, ona dedi ki, sənin bura gəldiyini, Sərdarı gördüyünü, onunla söhbət etdiyini kiməsə desən, səni də Sərdarın yanına salacağıq”.

Yasin Məmmədov

“Bir az səbirli ol, yaxşı olacaq...”

Sərdar İsmayılovun sözlərinə görə, bir müddət sonra Yasin Məmmədov onu otağa çağırıb deyib ki, halal olsun sənin dostuna, deyilən vaxtda pulu tapdı, düzəltdi, amma bir-iki iş var, hələ alınmır, bir az səbirli ol, hər şey yaxşı olacaq. Bu söhbətdən bir neçə gün keçdikdən sonra isə onu xəstəxanaya ekspertiza üçün aparıblar, orada müayinə olunub. Müayinənin nəticəsi barədə özünə heç nə deməyiblər. Bir həftə keçmiş Y.Məmmədov S.İsmayılovu yenidən öz otağına çağırıb, ona bəzi sənədləri imzaladıblar, sonra həbsdən azad ediblər.

Zərərçəkmiş deyir ki, heç bir xəstəliyi olmadığı halda istintaq təcridxanasında ona xəstə olması barədə arayış verilib. Məhkəmədə məlum olub ki, saxta ekspertiza rəyində S.İsmayılovun ürək xəstəliyi olduğu göstərilib. Bu səbəbdən onu 50 min dollar rüşvət müqabilində həbsdən azad ediblər.

“İstintaq təcridxanasından xəstə olmadığım halda xəstəlik kağızı ilə buraxıldığımı bu gün məhkəmədə Mövlam Şıxəliyev də təsdiq etdi”- zərərçəkmiş açıqlamasında bildirib.

Mövlam Şıxəliyev: “Mən bu işlərdə heç kim olmuşam...”

Saxta ekspertiza rəyi alınması ilə bağlı məhkəmədə dövlət ittihamçısı həm Mövlam Şıxəliyevə, həm də Yasin Məmmədova suallar ünvanlayıb. M.Şıxəliyev isə “mən bu işlərdə heç kim olmuşam” deyib, məsuliyyəti özündən yuxarıdakıların (indiki halda Eldar Mahmudovun və Baş prokurorluğun o zamankı rəhbərliyinin) üzərinə yönəldib.

Prosesdə şahid qismində dindirilən Vüqar Manafov, Vidadi Salmanov və Sərxan İsmayılov dindiriliblər. Şahidlər S.İsmayılovun dediklərini təsdiqləyiblər.

Məhkəmə prosesindən sonra zərərçəkmiş Əfsəl Həsənəliyevin nümayəndəsi Osman Kazımov mətbuat nümayəndələrinə bildirib ki, S.İsmayılovun həbsdən azad olunması üçün ondan 50 min dollar alınması məhkəmə ifadələrində təsdiq olunub: “Həm Sərdar özü, həm də şahidlər təsdiq etdilər ki, 50 min dollar veriblər. Sərdar xəstəliyi olmadığını deyir, amma bu vəzifəli şəxslər rəy alıblar ki, ürəyi xəstədir, həbsdən azad edilməlidir”.

Vəkil mətbuat nümayəndələrin prosesə buraxılmamasının qanun pozuntusu olduğunu deyib: “Məhkəmə prosesinin audio-videoçəkilişlə aparılması ilə bağlı vəsatət qaldırmışıq. Biz istərdik ki, proses videoçəkilişlə aparılsın, mətbuat nümayəndələri də bu prosesi işıqlandırsınlar. Ölkədə, cəmiyyətdə baş verənlər hamıya məlum olmalıdır”.

Məhkəmə prosesi yanvarın 18-də davam edəcək.