Azərbaycanda 05 iyulun kriminal xronikası

Azərbaycanda 05 iyulun kriminal xronikası

6 İyul 2012 12:10
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 52 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 10 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

10 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

Avtomaşın qaçırmaqda təqsirli bilinən Gəncə şəhər sakini R.Hüseynova saxlanılmışdır

05.07.2012

İyulun 5-də saat 06.00 radələrində Binəqədi rayonu Cavadxan küçəsindən Gəncə şəhər sakini Ramidə Hüseynova Beyləqan rayon sakini Bəhruz Tağıyevə məxsus "Mercedes" markalı avtomaşını qaçırmış və Sumqayıt şəhəri ərazisində idarə edərkən onu yolun kənarındakı divara vurub düşərək getmişdir.
Avtomaşın polis əməkdaşları tərəfindən Sumqayıt şəhərindəki müvəqqəti dayanacağa yerləşdirilmiş və R.Hüseynova Binəqədi RPİ 7-ci PB əməkdaşları tərəfindən saxlanılmışdır.

Nizami rayonu O.Vəliyev küçəsində yol-nəqliyyat hadisəsi

05.07.2012

İyulun 5-də saat 16.50 radələrində Nizami rayonu O.Vəliyev küçəsində Bakı şəhər sakini Məhərrəm Şoliyev idarə etdiyi "Volkswagen" markalı avtomaşını aşırmışdır. Nəticədə sərnişini, Bakı şəhər sakini Niyazi Nəbiyev hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmişdir.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

05.07.2012

İyulun 5-də saat 12.30 radələrində Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində rayon sakini İlqar Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı və Qazax rayon sakini Yaşar Qaragözovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Y.Qaragözov hadisə yerində ölmüş, xəsarət almış İ.Hüseynov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.07.2012
İyulun 5-də saat 22.10 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Anar Əvəzzadə idarə etdiyi "Lexus" markalı avtomaşını yolun kənarında saxlanılmış Zaur Məmmədovun idarə etdiyi "ZAZ Tavriya" markalı avtomaşına vurmuşdur. Nəticədə Z.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Nərimanov rayonu Ə.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi

05.07.2012

İyulun 5-də saat 21.00 radələrində Nərimanov rayonu Ə.Əliyev küçəsində müəyyən edilməmiş avtomaşınla Natella Nəsirova vurulmuşdur. Bununla əlaqədar N.Nəsirova heç bir tibb müəssisəsinə müraciət etməmişdir.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Pirallahı qəsəbəsinin dəniz çimərliyində qəsəbə sakini Ramiz Novruzovun meyiti tapılmışdır

05.07.2012

İyulun 4-də Xəzər rayonu Pirallahı qəsəbəsinin dəniz çimərliyində qəsəbə sakini Ramiz Novruzovun üzərində zorakılıq əlaməti görünməyən meyiti tapılmışdır.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Avtomaşından pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Yusifov tutulmuşdur

05.07.2012

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Emil Məmmədova məxsus "KİA" markalı avtomaşından 85.000 dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Yusifov tutulmuşdur.

2 avtomaşın qaçırmış və digərlərinin nişanlarını oğurlamış Bakı şəhər sakini Ceyhun Namazov tutulmuşdur

05.07.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 25-də İftixar Vəliyevə məxsus "VAZ-2107" markalı, Anar Mehrəliyevə məxsus "VAZ-2107" markalı avtomaşınları qaçırmış, iyunun 3-də Azər Zeynalova məxsus "BMW" markalı, Səfəralı Ələkbərova məxsus "KİA" markalı, Elçin Həsənova məxsus "Mercedes" markalı və Könül Vəliyevaya məxsus "Mercedes" markalı avtomaşınlardan isə arxa dövlət qeydiyyat nişanlarını oğurlamış Bakı şəhər sakini Ceyhun Namazov tutulmuşdur.

Bakı şəhər sakini Elmira Mustafayevanın mənzilindən oğurluqda şübhəli bilinən D.Salayev tutulmuşdur

05.07.2012

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 5-də Bakı şəhər sakini Elmira Mustafayevanın mənzilindən 1.300 manat, 100 avro və 760 dolları oğurlamaqda şübhəli bilinən onun evində təmir işləri aparmış Bakı şəhər sakini Daməd Salayev tutulmuşdur.

İyunun 15-də Solmaz İbrahimovaya məxsus gözəllik salonundan oğurluq etmiş Bakı şəhər sakini Rəhman Abdullayev tutulmuşdur

05.07.2012

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də Solmaz İbrahimovaya məxsus gözəllik salonundan oğurluq etmiş Bakı şəhər sakini Rəhman Abdullayev tutulmuş və ondan 0,276 qram heroin götürülmüşdür.

Sumqayıt şəhər sakini F.Bədəlovun evindən oğurluqda şübhəli bilinən şəxslər tutulmuşlar

05.07.2012

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də Fuad Bədəlovun evindən inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Fariz Əliyev və Nurlan Ağakişiyev tutulmuşlar.

İyulun 4-də Q.Quliyevə məxsus qaçırılmış avtomaşın tapılmışdır

05.07.2012

Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də Qəhrəman Quliyevə məxsus qaçırılmış "Mercedes" markalı avtomaşın iyulun 5-də Məhəmmədi kəndinin ərazisində tapılmışdır. Avtomaşının Məhəmmədi kənd sakini Samir Həsənov tərəfindən qaçırılması müəyyən edilmişdir.

Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

05.07.2012

İyulun 5-də saat 19.45 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Teymur Yusiflinin idarə etdiyi "Chevrolet" markalı və Bakı şəhər sakini Eldar Rəhimovun idarə etdiyi "BMW X-5" markalı avtomaşınlar toqquşmuş və sonradan E.Rəhimov idarəetməni itirdiyindən avtomaşını yolun kənarında saxlanılmış Bakı şəhər sakini Turanə Yaqubovaya məxsus "Hyundai" markalı avtomaşına çırpmışdır. Nəticədə T.Yusifli hadisə yerində ölmüş, xəsarət almış E.Rəhimov və sərnişini, Bakı şəhər sakini Rəfail Hacılı isə xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Abşeron rayon sakini N.Rzayev dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

05.07.2012

İyulun 5-də Abşeron rayonu Pirəkəşkül qəsəbə sakini Namiq Rzayev evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Daşkəsən rayon sakini R.Bağırov atdan yıxılması nəticəsində ölmüşdür

05.07.2012

İyulun 5-də Daşkəsən rayonunun Pirverdilər kəndi ərazisində kənd sakini Rövşən Bağırov at sürərkən yıxılmış, atın yüyəni əlinə dolaşdığından yerlə süründüyündən ölmüşdür.

Gəncə şəhər Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.07.2012

İyulun 5-də saat 01.00 radələrində Nizami (Gəncə) rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Göygöl rayon sakini Ruslan Bayramov vurulmuşdur. Nəticədə R.Bayramov hadisə yerində ölmüşdür.
Nizami (Gəncə) RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Masallı rayonu Ərkivan qəsəbəsində yol-nəqliyyat hadisəsi

05.07.2012

İyulun 5-də saat 04.20 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Zabil Cəbiyev vurulmuşdur. Nəticədə Z.Cəbiyev hadisə yerində ölmüşdür.
Masallı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

O.M.