Dövlətin milyonları necə talan edilir? – Korrupsiya xəritəsi

Dövlətin milyonları necə talan edilir? – Korrupsiya xəritəsi

12 Noyabr 2021 08:53
125
Bəyəndim (0) Bəyənmədim (0)

Tender hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək, həmin iş və ya xidmətin müqavilə əsasında onlara həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir.

İstehsal, alqı-satqı, barter, inşaat, təmir, bərpa, nəqliyyat daşımaları, faydalı qazıntı yataqlarının işlənməsi və yer təkindən istifadə, təbiətin mühafizəsi, xidmət göstərilməsi, icarə və digər məsələlərlə bağlı hər cür fəaliyyət tender predmeti ola bilər. “Dövlət satınalmaları haqqında” qanunda belə deyilir.

Oxuməni.az yenisabah.az-a istinadən xəbər verir ki, bu sektor korrupsiya mexanizmlərinin geniş vüsət aldığı, kütləvi hala çevrildiyi sahələrdən biridir. Ölkəni iqtisadi cəhətdən problemlərə sürükləyən sahələrin qiymətləndirilməsi aparılsa, heç şübhəsiz, ilk yerlərdən biri bu sektorun payına düşəcək.

Bir çox hallarda bu məqsədlə xüsusi şirkətlər yaradılır. Həmin şirkətlər keçirilən bütün tender müsabiqələrinin istisnasız qalibi olur. Bu isə öz növbəsində haqsız rəqabətə və dövlət büdcəsinin yüklənməsinə gətirib çıxarır. Son nəticədə zərbə yenə sadə vətəndaşlara dəyir.

İqtisadçı ekspert Rəşad Həsənovun AYNA-ya dediyinə görə, dövlət satınalmaları korrupsiyanın əsas mexanizmi olaraq istifadə olunur: “Buradakı nöqsanlar artıq rəsmi səviyyədə də etiraf olunmağa başlayıb. Dövlət rəsmilərinin həbsləri ilə bağlı ittihamlarla tanış olsaq, görərik ki, onların əsas “gəlir mənbəyi” dövlət satınalmaları olub. Qaydaların bir neçə istiqamətdə pozulması müşahidə edilməkdədir”.

“Bunlardan birincisi təcrübəsi olmayan və qısa müddətdir fəaliyyət göstərən şirkətlərin tenderlərin qalibi olması ilə bağlıdır. Digər yandan tender elan edən strukturda rəhbərliyin və ya müvafiq siyasəti həyata keçirən məmurun özünə aid şirkətlər qalib olur. Sözsüz ki, rəqabətli şərait olmadığına görə qiymətlər süni şəkildə şişirdilir. Bununla tenderə məsul məmurlar özləri üçün qazanc yeri formalaşdırırlar. “Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbsi zamanı qeyd edildi ki, 1,6 milyon manata alınması mümkün olan avadanlığı 10,8 milyon manata rəsmiləşdiriblər”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, bu fakt tenderlər zamanı korrupsiyanın hansı miqyasda olduğunu göstərir: “Çox təəssüf ki, tenderlərlə bağlı ümidsiz bir mühit formalaşıb. Əlaqəsi, tanışı, çıxışı və münasibətləri olmayan heç bir şirkət tender müsabiqələrinin qalibi ola bilmir. Bu səbəbdən adıçəkilən “kriteriyalara” cavab verməyən şirkətlər ümumiyyətlə, müsabiqələrdə iştirak etmir. Bilərəkdən belə bir mühitin yaradıldığı ilə bağlı qənaətlər güclüdür. Belə olduğu təqdirdə satınalmaları həyata keçirən tərəflər daha rahat şəkildə hərəkət imkanı qazanırlar”.

“Qiymətləri süni şəkildə artırmaq, tender müsabiqələrini saxtalaşdırmaq məqsədilə özləri üçün şirkətlər yaradırlar. Bu məsələyə nəzarətin əhəmiyyətli hissəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindədir. Çox təəssüf ki, onların özlərinin fəaliyyətinə də münasibət birmənalı deyil. Əgər uzun müddət bu sahədə olan neqativ halları aradan qaldırmaq mümkün deyilsə, dövlət satınalmaları zamanı ortaya çıxan korrupsiya mexanizmləri bu gün də tam gücü ilə işləkdirsə, deməli, burada xüsusi marağı olanlar var”, - deyə Həsənov vurğulayıb.

Əlavə edib ki, xarici şirkətlərin də bu prosesdə iştirakına şərait yaradılmalıdır: “Bilirsiniz ki, hüquqi cəhətdən buna maneələr mövcuddur. Avropa Birliyinin əsas tələblərindən biri də bu sahədə bərabər şərtlərin yaradılması ilə bağlıdır. Lakin bu, baş vermir. Nəticədə Azərbaycanın Avropaya gedən yolunda da bir əngələ çevrilib”.

Sahibkar İsmayıl İsmayılov də eyni fikirdədir. O, AYNA-ya deyib ki, “Dövlət satınalmaları haqqında” qanun qəbul edildiyi dövrdən işlək olmayıb: “Faktiki olaraq bazar iki yerə bölünüb: Birinci bazar iştirakçıları “arxası olanlar”, ikinci bazar iştirakçıları isə öz zəhməti ilə çalışanlardır. İkincilər daha çox əziyyət çəksə də, birincilər daha çox bəhrələnir. Ona görə ki, onlara “yaşıl işıq” yandırılır, məhsul və xidmətlərini heç bir əziyyət çəkmədən sata bilirlər. Əvəzində isə gəlirlərini məmurlarla bölürlər”.

“Uzun illərdir avtomobil ehtiyat hissələrinin topdan və parakəndə satışı ilə məşğuluq. Gənc yaşlarımızdan bu sahədəyik və bütün incəliklərinə bələdik. Məhsulu hansı ölkələrdən gətirmək olar? Hansı daha əlverişlidir? Bütün bunları bilsək də, tenderlər zamanı “ikinci əl” şirkətlərə satış edirik. Halbuki, bu zaman qiymət artır. “İkinci əl” şirkətlərin sahibləri isə ya məmurlardır, ya da onlara bağlı sahibkarlar. İstisnasız olaraq bütün tenderlərin qalibləri onlar olur”, - deyə iş adamı söyləyib.

İsmayılovun bildirdiyinə görə, məhz elə bu səbəbdən əksər sahibkarlar çıxış yolunu ölkəni tərk etməkdə görürlər: “Tenderlər “kağız üzərində” mövcuddur. İndiyə qədər rast gəlinməyib ki, arxası olmayan hansısa şirkət qalib olsun. Daha bir problem isə məhsulların idxalı zamanı gömrük orqanlarında yaradılan süni əngəllərlə bağlıdır. Nə məhsul gətirməyə qoyurlar, nə də onu satmağa”.