Qana, göz yaşlarına batmış pullar və intihar

Qana, göz yaşlarına batmış pullar və intihar

12 Noyabr 2021 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində davam edir.

Oxuməni.az virtualaz.org-a istinadən xəbər verir ki, hakim önünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. Adları çəkilən şəxslər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçiriblər.

Bundan əvvəl M.Şıxəliyevin istintaqa verdiyi ifadə məlum olmuşdu və belə məlum olurdu ki, MTN generalı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir, heç nəyi boynuna almır və suallara bir qayda olaraq “bilmirəm”, “görməmişəm”, “tanımıram”, “heç kimdən pul almamışam” məzmunlu ümumi cavablar verir.

Polkovnik Yasin heç nəyi boynuna almır, amma...

Elə onun müavini olmuş Yasin Məmmədov da rəisinin taktikasından istifadə edib. O, iş adamlarını, sahibkarları nazirliyə çağırmaqda, onlara hədə-qorxu gələrək əmlakını ələ keçirməkdə təqsirləndirilir. Lakin Y.Məmmədov elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. Məsələn, o epizodlardan biri - iş adamı Cahangir Məmmədovun həbsi və ondan azadlığa çıxması üçün 100 min manat (indiki məzənə ilə 170 min manat) tələb edilməsi barədə danışarkən hər şeyi inkar etməyə üstünlük verib. (İfadələrdən elə təəsüratlar yaranır ki, Mahmudovun MTN bandasında ancaq tərtəmiz çekistlər işləyirmiş.)

Xatırladaq ki, bir neçə gün əvvəl məhkəmədə Yasin Məmmədov fərqli danışmışdı və bütün əməlləri öz rəisinin, yəni Mövlam Şıxəliyevin tapşırığı ilə törətdiyini demişdi. Nəticədə M.Şıxəliyevin hirsindən təzyiqi qalxmışdı və məhkəmədə huşunu itirmişdi.

Y.Məmmədov istintaqa ifadəsində göstərib ki, birinci şöbənin rəisi vəzifəsində işlədiyi dövrdə müxtəlif ölçülü pirotexniki məmulatlar və digər məişət mallarının qaçaqmalçılıq yolu ilə ölkəyə gömrük nəzarətindən gizli keçirilməsi faktı əsasında MTN-nin İstintaq Baş İdarəsinin rəis müavini, ibtidai istintaq idarəsinin rəisi Təhsin Ağayev tərəfindən iş adamı Cahangir Məmmədov (külli miqdarda borca düşən, yaşadığı gərgin stressdən qurtula bilməyən 53 yaşlı C.Məmmədov 13 iyul 2015-ci ildə intihar edib-red.) və digərlərinin barəsində başlanmış cinayət işi üzrə istintaqın aparılması onun icraatına verilib.

”Cahangir Məmmədovun həbsdən azad olunması üçün onun qardaşı Məzahir Məmmədovdan pul tələb etməmişəm, onlardan pul almamışam. Bu məlumatlar barəmdə böhtan və şər xarakteri daşıyır”, - Y.Məmmədov belə deyib.

MTN təkcə brillyant alverçilərini yox, “skoç” alverçilərini də tuturdu

Xatırladaq ki, o vaxt MTN-nin İstintaq Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işinə əsasən Cahangir Məmmədov, Əfsəl Həsənəliyev (uzun illər DİN-də yüksək vəzifələrdə çalışıb, 23 saylı Polis Bölməsində rəis, DİN-nin Bakı Hava Limanında qərargah rəisi və s. kimi vəzifələrdə işləyib. 2008-ci ildə təqaüdə çıxıb-red.), Orxan Abdullayev, Sərdar İsmayılov və Elman Mənsimov barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Bu şəxslər qabaqcadan cinayət əlaqəsinə girərək, tamah məqsədi ilə külli miqdarda pirotexniki malların və "skoç” yapışqan lentinin Gürcüstandan qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən keçirərək Azərbaycana gətirməkdə təqsirləndiriliblər.

Y.Məmmədov ifadəsində göstərib ki, MTN-in rəhbərliyi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun ümumi razılığı əsasında C.Məmmədov barəsində həbs qətimkan tədbiri dəyişdirilib, başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz olunub. Çünki o, ağır xəstəlikdən əziyyət çəkirdi.

“İstintaq tamamlanıb, iş məhkəməyə göndərilib, Cahangir Məmmədov və digər şəxslər məhkəmənin hökmünə əsasən təqsirli biliniblər, müxtəlif cəzalara məhkum olunublar”, - Y.Məmmədov belə formal cavab verib.

Y.Məmmədov ifadəsində həmçinin sözügedən cinayət işi üzrə təqsirləndirilən digər sahibkarlar - Orxan Abdullayev və Sərdar İsmayılova hədə-qorxu gəlib, həbsdən azad olunmaları üçün yaxınlarından pul aldığını da inkar edib: ”Orxanın atası Elman Abdullayevdən pul tələb etməmişəm, almamışam. Sərdar İsmayılovun dayısı Vidadi Salmanov və dostu Vüqar Mənəfovdan hər hansı bir məbləğdə pul istəməmişəm”.

“Yasin qardaşım Məzahirə demişdi ki, 100 min manat gətir...”

Lakin C.Məmmədovun qardaşı Arif Məmmədov istintaqa verdiyi ifadəsində bildirir ki, 2013-cü ilin oktyabrında yaxın qohumu zəng vurub Cahangirin MTN tərəfindən saxlanıldığını deyib: “Cahangirin işini Yasin Məmmədov aparırdı. Qardaşım tutulduqdan təxminən bir ay sonra müstəntiq Yasin Məmmədov kiçik qardaşım Məzahirə zəng edib onu öz xidməti otağına çağırmışdı və Cahangiri həbsdən azad etməsi üçün 100 min manat istəmişdi”.

Zərərçəkmişin ifadəsinə görə, qardaşı Məzahir müstəntiqin kabinetindən çıxdıqdan sonra hadisəni ona danışıb: ”Özümün 30 min manatım vardı. Yaxın qohumun və dostum Oruc Cabbarovdan da 20 min manat borc pul aldım. Növbəti görüş zamanı Məzahir həmin məbləği Yasin Məmmədova verdi. Yasin Məmmədov qardaşıma deyib ki, rəhbərlikdən razılıq almışam, 80 min manat versəniz Cahangir azad ediləcək. Məzahir də deyib ki, cəmi 50 min manat pul yığmışıq, qalanına gücümüz çatmır”.

Bir müddət sonra Məzahir qardaşı Arifə deyib ki, müstəntiq pulu istəyir. Pul verilsə həbs olunanlar barəsində məhkəmə şərti cəza verəcək.

Qohum-qardaşdan toplanan, qana və göz yaşlarına bulaşmış pullar, ailə faciəsi...və intihar

Həbs olunan şəxslərin də buna razılaşmaqdan başqa carəsi qalmır. Pulu aldıqdan sonra həqiqətən də, məhkəmədə təqsirləndirilən şəxslərə şərti iş istənilir. Və adları çəkilən şəxslərə müxtəlif müddətə şərti cəza kəsilərək, azadlığa buraxılırlar: “Pulu gətirib Məzahirə verdim. Məzahir də pulu çatdırmaq üçün kiməsə vermişdi. Bir müddət sonra Yasin əlavə 30 min də verməyimizi tələb etdi. Yeznəmiz Süleyman 23 min 500 manat verdi. Yerdə qalan pulu - 6 min 500 manatı da isə Cahangirin arvadı faizə götürdü. Həmin pulu da müstəntiqə verdik. 80 min manat verdikdən sonra qardaşımın ağır xəstəlikdən əziyyət çəkməsinə dair məhkəmə-tibbi ekspertizasından rəy alaraq həbsdən azad etdi”.

61 gün MTN-nin təcridxanasında saxlanılan C.Məmmədova məhkəmənin hökmü ilə 3 il şərti cəza verilir: “Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cahangir 9 min manat cərimə cəzasına məhkum edildi. Cahangir həbsdən azad edildikdən sonra Biləcəri qəsəbəsində həyat evini sataraq borclarını ödəmək üçün evi adıma rəsmiləşdirdi. Evi Elmir, Ağazaman adlı şəxslərə 350 min dollara satmağa razılaşdıq, qabaqcadan 150 min manat aldıq. Ev satıldığına görə Cahangirlə arvadı arasında narazılıq yarandı. Qadın evdən çıxmaq istəmirdi. Qardaşım anamın yanına köçüb onun yanında yaşamağa başladı”.

Qanunsuz həbsindən, verdiyi külli miqdarda rüşvətdən sonra düşdüyü borc girdabından çıxmağa çalışan iş adamı azadlıqda da çox yaşaya bilmir. Baş verənlərdən sonra ailəsində də problemlər yaşanıb. Və bütün bunlar onun psixologiyasına ciddi zərbə vurub. Sonda isə üzləşdiyi problemlərə dözməyərək canına qıyıb. Əvvəlcə bıçaq və ülgüclə özünə xəsarət yetirsə də, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər öz ürəyinə bıçaq saplayan, boğazını kəsən iş adamını ölümün pəncəsindən xilas ediblər.

Lakin əməliyyatdan sonra narkozdan ayılan C.Məmmədov gecə saatlarında özünü xəstəxananın 5-ci mərtəbəsindən yerə ataraq intihar planını tamamlayıb. İş adamının yaxınları ilk gündən etibarən C.Məmmədovun intihara əl atmasında MTN-in vəzifəli şəxslərini - general-mayor M.Şıxəliyevi, general-mayor Sübahir Qurbanovu, MTN-in İstintaq Baş İdarəsinin əməkdaşı Yasin Məmmədovu ittiham ediblər, onların cəzalandırılmasını istəyiblər...