MTN generalı məhkəmədə özündən getdi... - Konvoy onu huşsuz halda zaldan çıxardı

MTN generalı məhkəmədə özündən getdi... - Konvoy onu huşsuz halda zaldan çıxardı

5 Noyabr 2021 16:27
145
Bəyəndim (0) Bəyənmədim (0)

Zərərçəkənlər generalı simulyasiya etməkdə ittiham etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, noyabrın 5-də Bakı Hərbi Məhkəməsində keçirilən açıq məhkəmə iclasına jurnalistlər yenə buraxılmayıb. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə kritik anlar yaşanıb.

Təqsirləndirilən Yasin Məmmədov dindirilərkən sabiq rəisi Mövlam Şıxəliyevin əleyhinə ifadə verib. Qanunsuz həbslər, cinayətə bərabər qanunsuz göstərişlərlə bağlı sualların cavabında məsuliyyəti üzərindən atıb. Belə tapşırıqların Mövlam Şıxəliyevin göstərişi ilə baş tutduğunu deyib.

Keçmiş işçisinin ifadəsi Mövlam Şıxəliyevi əsəbiləşdirib. Saxlandığı dəmir barmaqlıqlar arxasında halı pisləşən Mövlam Şıxəliyev özündən gedib. Konvoy onu yarı huşsuz halda zaldan çıxarıb. Bakı Hərbi Məhkəməsinə təcili tibbi yardım dəvət olunub.

Zərərçəkənlər hakimdən tələb ediblər ki, Mövlam Şıxəliyev tez bir zamanda zala qaytarılsın və məhkəmə prosesi davam etdirilsin. Onlar Mövlam Şıxəliyevi özünü pis hiss etməsi görüntüsü yaratmaqda ittiham ediblər. Məhkəməyə çağırılan həkimlər Mövlam Şıxəliyevi müayinə etdikdən sonra Musavat.comun əməkdaşına bildiriblər ki, pasiyentin təzyiqi qalxıb, həyatına hər hansı bir təhlükə yoxdur.

Qeyd edək ki, sabiq MTN generalı Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir.

Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digərləri barəsində istintaq, məhkəmə dövründə həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.