Eldar Mahmudovun  bandasının yeni cinayətləri açılır... - Mövlam Şıxəliyev ifadəni eşidib ürəyini tutdu ... + FOTOLAR

Eldar Mahmudovun bandasının yeni cinayətləri açılır... - Mövlam Şıxəliyev ifadəni eşidib ürəyini tutdu ... + FOTOLAR

4 Noyabr 2021 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digər 3 nəfər barəsində isə həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilib.

Oxuməni.az musavat.com-a istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən açıq məhkəmə iclasına mətbuat nümayəndələri buraxılmır. Zərərçəkənlərin prosesin videoya çəkməsinə də imkan verilmir. Pozuntu təkcə bununla kifayətlənmir. Hakim hazırlıq iclasında Mövlam Şıxəliyevə xüsusi nəvaziş göstərib, ona “müəllim” deyə müraciət edib. Bu isə iş üzrə 32 zərərçəkənin ciddi etirazına səbəb olub. Hazırlıq iclasında hakimin Mövlam Şıxəliyevə xüsusi münasibəti məhkəmənin ümumilikdə obyektivliyinə ciddi şübhələr yaradıb. Sonrakı, oktyabrın 26-da keçirilən iclasda isə zərərçəkənlər hakimin hərəkətlərinə etiraz əlaməti olaraq məhkəmə prosesini pozublar. 32 zərərçəkən, onların vəkilləri və nümayəndələri məhkəmə zalını tərk ediblər. Etirazçılar arasında təqsirləndirilən şəxslər tərəfindən qanunsuz həbsə alındıqdan sonra intihar etmiş, ürək tutmasından dünyasını dəyişmiş 4 zərərçəkənin nümayəndəsi də olub.

Ötən gün keçirilən prosesə zərərçəkənlər hakimin xüsusi dəvəti ilə çağırılıblar, onlara Elbəy Allahverdiyevin adından vəd verilib ki, proses qanuni, obyektiv şəkildə aparılacaq. Bununla belə, mətbuat nümayəndələri yenə də açıq məhkəmə prosesinə buraxılmayıblar. Elbəy Allahverdiyev jurnalistlərin məhkəmə binasına buraxılmamasına göstəriş verib. Zərərçəkənlərdən biri hakimin hərəkətinə “Elbəy Allahverdiyev açıq məhkəmə iclasını qapalı bazara çevirib” şəklində reaksiya verib.

20 milyonluq ziyanın 12 milyonu hansı hesabdan ödənəcək?

İttihama görə, Mövlam Şixəliyev və digərləri mütəşəkkil cinayətkar quldur dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçiriblər. İttiham aktında iş üzrə təqsiləndirilən şəxslərin müsadirəyə təklif olunan əmlakları haqda arayış var. Həmin arayışda isə müsadirəsi nəzərdə tutulan əmlakının ümumi dəyəri 8 milyon 61 min manatdır. Həmin məbləğdən 7 milyon 783 min manat dəyərində əmlak Mövlam Şıxəliyevə, 278 min 600 manat dəyərində əmlak isə təqsirləndirilən Yasin Məmmədova məxsusdur.

İş üzrə digər 2 təqsirləndirilən şəxs - Vüsal Ələkbərovla Sahib Ələkbərovun üzərinə həbs qoyulmuş əmlakları barədə ittiham aktına əlavə olunmuş arayışda hər hansı bir məlumat yer almayıb. İstintaqın 2 təqsirləndirilən şəxsə münasibətdə mövqeyi anlaşılmazdır. Digər tərəfdən, zərərçəkənlərə vurulmuş ziyanın 8 milyonluq hissəsi müsadirəyə təklif olunan əmlakla əvəzləşdiriləcək. Yerdə qalan 11 milyon 308 min manatın hansı hesabdan ödənəcəyi də bilinmir.

Bu özbaşınalığa kim icazə vermişdi?

Prosesdə Yasin Məmmədov sərbəst ifadə verib. Bildirib ki, hər bir zərərçəkənin ifadəsindən sonra o, həmin epizod üzrə münasibətini açıqlayacaq. Bundan sonra dövlət ittihamçısı Yasin Məmmədova suallar ünvanlayıb. Təqsirləndirilən ittihamçının suallarını cavablandırmaqdan imtina edib.

Zərərçəkənlərdən Zaur Əliyev Yasin Məmmədova bir neçə sual verib.

Ondan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin polis funksiyalarını mənimsəməsinə dair kimin göstəriş verməsini xəbər alıb. Başqa sözlə, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin kimin göstərişi, razılığı ilə mənimsənildiyinə aydınlıq gətirməsini istəyib:

- 178-ci (dələduzluq) və 320.1(saxta sənəd hazırlama) maddələr üzrə təhqiqat, araşdırma, nəticə etibarı ilə cinayət işi başlamaq qanunla birbaşa Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid edilib. Bununla belə Milli Təhlükəsizlik Nazirliyi həmin maddələr üzrə cinayət işi araşdırırdı, vətəndaşları dəvət edib hədələyir, zor tətbiq etməklə soyurduz, pullarını əllərindən alırdız. Bu özbaşınalığa kim icazə vermişdi?

Yasin Məmmədov suala belə cavab verib:

- Həmin maddələrlə cinayət işləri başlanandan sonra məlumat üçün baş prokurorun 1-ci müavini Rüstəm Usubova yazılı və şifahi məlumat verilirdi. Onun razılığı ilə istintaq işləri davam etdirilirdi.

Sahib Ələkbərov

Yasin Məmmədovun cavabından sonra iş üzrə zərərçəkən Bahəddin Sultanov növbədənkənar dindirilməsi üçün məhkəməyə müraciət edib. Tələskənliyini ölkədən getməsi ilə izah eləyib.

Kredit götürmək üçün Bakı şəhərinə gəldi, bəlaya düşdü

Məhkəmə onun xahişini nəzərə alıb. Dindirmədən əvvəl Bahəddin Sultanovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olundu.

Həmin ifadəni təqdim edirik:

- 2007-ci ildə Qazaxıstan Respublikasının Almatı şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirib. Bununla yanaşı, 1994-1995-cı illərdə Abşeron rayonunda, Bakı-Sumqayıt yolunun “VAZ kruqu” deyilən ərazinin yaxınlığında 4 hektar torpaq sahəsi alaraq orada iribuynuzlu mal-qara saxlamaq üçün 4 ədəd ferma və inzibati binalar tikdirərək oğlu İntiqamın adına sənədləşdirib. 2008-ci ildə Qazaxıstan Respublikasında tikinti işlərini tamamlamaqda maliyyə çətinliyi olduğundan kredit götürmək üçün Bakı şəhərinə gəlib. Ailəvi dostluq münasibətlərində olduğu “Texnikabank” ASC-nin Yasamal filialının müdiri Zal Yusifovdan 1 milyon ABŞ dolları istəyib. Zal onun işlərinə bələd olduğundan rəhbərlik etdiyi fermanın sənədlərini girov qoymaqla filialdan kredit ayıra biləcəyini deyib. O da oğluna həmin sənədləri götürüb Zal Yusifovun yanına getməyi tapşırıb. İntiqamla Zal Yusifov arasında 1 milyon ABŞ dolları kredit verilməsinə dair müqavilə imzalanıb. Torpağın girov müqaviləsi isə Abşeron rayonu, Xırdalan şəhərində 1 saylı notariusda tərtib edilib. Buna baxmayaraq, Zal Yusifov 3-4 ay müddətində krediti verməkdən yayınıb. Müqavilə bağlananda oğlunun guya kredit pulunu alması barədə sənədlərə imza etdirib. Zal Yusifov pulun ayrıldığını, sadəcə, bankda nağd pul olmadığından işin gecikdiyini deyib. Belə olan halda Zaldan ya girovda olan torpaq və fermanın sənədlərini qaytarmağı, ya da pulu verməyi tələb edib. Zal Yusifov isə oğlunun adına krediti götürdükdən sonra borclarını tamamilə qısa müddətdə bağlaması barədə arayış verib. Həmin arayış əsasında 1 saylı notariusdan ferma və torpaq sahəsinin girov sənədlərini geri alıblar. Bundan az sonra, 2008-ci ilin sentyabr ayında alqı-satqı müqaviləsi əsasında torpağı 810 min manata sataraq pulun qarşılığnda 1 milyon ABŞ dolları alıb bir hissəsini tikintiyə yönəldib. Qalanını isə evdə saxlayıb.

Vüsal Ələkbərov həmin məktubun boş sənəd olduğunu deyib, kreditin ödənməsini tələb edib

2009-cu ilin əvvəllərində oğlu İntiqam MTN-in Vüsal Ələkbərov adlı müstəntiqi tərəfindən dəvət edilib. O da oğlu ilə birlikdə oraya gedib. Vüsal Ələkbərov onun Masis rayonundan olduğunu soruşduqda anasının da həmin rayonun Mehmandar kəndindən qəssab Əlinin qızı olduğunu deyib. Atası Abdullanın qəssab Əli ilə dost olduğunu, onu yaxşı tanıdığını deyib.

Vüsal onlara “Zal Yusifovla birlikdə dövlətin pulunu alıb yeyəndə bilmirdiz belə olacaq” deyib. Belə halın olmadığını, kreditin faktiki götürülmədiyini və bağlandığını, bu barədə notariusda sənəd olduğunu bildirib. Buna baxmayaraq, Vüsal Ələkbərov bankdan götürülmüş krediti ödəməyi tələb edib. İntiqamı və onu dəfələrlə MTN-ə çağırıb sorğu-sual edərək bankın pulunu ödəməyi tələb edib, o da torpağın girovluqdan azad edilməsi haqqında notariusdan məktubu təqdim eləyib. Vüsal Ələkbərov həmin məktubun boş sənəd olduğunu deyib, kreditin ödənməsini tələb edib.

Vüsal Ələkbərov

Belə olduqda əvvəllər Binəqədi Rayon Polis İdarəsinin rəis müavini işləmiş dostu Rasim Musayevə vəziyyəti deyib, sonuncu isə MTN-in İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub. Onu incitməməyi, nə söhbət varsa danışıb həll etməyi tapşırıb. Bundan sonra Vüsal Ələkbərov onu yenidən çağırıb, Rasim Musayevin zəngi ilə bağlı Mövlam Şıxəliyevin rəhbərliklə danışdığını, bu işi həll etmək üçün 500 min ABŞ dolları tələb olunduğunu, pul veriləndən sonra oğlunun adının siyahıdan çıxarılacağını deyib. O isə Vüsala hörmət əlaməti olaraq yalnız 4-5 min manat verə biləcəyini dedikdə sonuncu “onda bizdən küsmə, nəticə yaxşı olmayacaq” deyib. Bundan sonra Vüsal Ələkbərov 2009-cu ilin iyun ayında onu 2 dəfə öz otağına çağırıb. Təklikdə krediti qaytarmasını tələb etməyə başlayıb, ona və oğluna başqa heç kim kömək edə bilməyəcəyini, rəhbərliyin tapşırığı olduğunu söyləyib.

Həmin zaman Vüsalın otağında olarkən Mövlam Şıxəliyev otağa daxil olub, onu təhqir edərək krediti ödəməyi tələb edib. 15 iyun 2009-cu ildə isə oğlu İntiqam həbs olunub. 10-12 gün sonra Vüsal Ələkbərov onu çağırıb və “rəhbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni tutub içəri salaq” deyib. Bundan qorxub Vüsaldan kömək istəyib. O da “gözlə, gedim Mövlam Şıxəliyevə məruzə edim, görüm nə deyir” söyləyib və 10 dəqiqədən sonra geri qayıdıb Mövlam Şıxəliyevin 360 min ABŞ dolları tələb etdiyini, əks halda, həbs etmək göstərişi verdiyini bildirib. Özünün də tutulacağından qorxub Vüsalın dediyi ilə razılaşıb. Vüsal özü üçün də əlavə 10 min ABŞ dolları istəyib və 360 min dolların ona aidiyyəti olmadığını deyərək balasının canına and içib. Vüsal Ələkbərov pulu həm onu tutmamaq, həm də oğlu İntiqam Sultanovu həbsdən azad etmək üçün istəyib. Vüsal Ələkbərov öz telefonunu verməklə qardaşı Mirzə Paşayevə zəng etməsinə şərait yaradıb. O da zəng edərək 250 min ABŞ dollarını evdən götürüb qohum, dost, tanışdan da almaqla ümumilikdə 360 min ABŞ dolları düzəltməyi və MTN-ə gətirməyi tapşırıb. Vüsal Ələkbərov “pul gəlsin səni buraxaq çıx get, sonra da oğlunu buraxacağıq” demiş, o da etiraz etmədən gecəni Vüsalın xidməti otağında gözləyib, yanında mülki geyimli, 30-35 yaşlarında, qara saçlı, orta bədən quruluşlu, təxminən 175 sm boya malik adını bilmədiyi bir şəxs də olub. Növbəti gün Mövlam Şıxəliyev yenə otağa girib Vüsala “bunu hələ salmamısan içəri, sənə dedim axı bu q....ni sal içəri” deməklə onu təhqir edib...

Həmin məbləğ gətirildikdən sonra onlar söhbət ediblər.

Sitat: “Pulu verdilər Mövlam Şıxəliyevə, bir daş altda, bir daş üstdə, biz səni tutmayacayıq, oğlunu da buraxacam, həmin puldan bir qəpik mənə çatmır, mənim şirinliyimi də gətir” deyib. Əvvəl istədiyi 10 min ABŞ dollarını həmin gün saat 19:30-da nazirliyin inzibati binasının hasarının tininə gətirməsini tapşırıb və saat 15 radələrində onu yola salıb.

Yasin Məmmədov

Axşam Vüsal Ələkbərov ondan 10 min ABŞ dollarını qəbul edib “gələrsən kağızını verərəm, oğlunu götürüb gedərsən” deyib. Bundan 2 gün sonra Vüsal Ələkbərov özü zəng edərək onu nazirliyə çağırıb, əsas giriş qapısında oğlunun həbsdən azad edilməsi üçün qərarı ona verib. O da qərarı Bakı İstintaq Təcridxanasına təqdim edib, həmin gün həbsdən azad edilən İntiqamın işi sonradan Zal Yusifovla birlikdə məhkəməyə göndərilib. Məhkəmədə oğluna 2 il şərti cəza verilib.

Prosesdə Bakı Hərbi Məhkəməsinin 26.01.2017-ci il tarixli məhkəmə iclas protokolu da elan edilib. Həmin protokoldan aydın olur ki, zərərçəkmiş Bahəddin Sultanov o zaman məhkəmədə eyni məzmunlu ifadə verib.

İstintaqa verdiyi ifadəsi elan edildikdən sonra zərərçəkən Bahəddin Sultanov belə bir ifadə verdiyini dedi və ifadəsini tam olaraq təsdiq etdi. Lakin məhkəmədə izahatını dəyişdi:

- Məni və oğlumu MTN-ə Vüsal Ələkbərov çağırtdırıb. Orada Mövlam Şəxəliyevlə birgə məndən ümumilikdə 370 min manat tələb edib alıblar. Dövlət rüsumu idi...

Bundan sonra dövlət ittihamçısı zərərçəkənə bir neçə sual ünvanladı. Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun qəbulunda neçə dəfə olması ilə maraqlandı. Zərərçəkən dedi ki, o zaman hər birinin qəbulunda 3-4 dəfə olub. Dövlət ittihamçısının növbəti sualı həmin məbləğin hansı işə görə dövlət rüsumu olması ilə bağlı oldu. Zərərçəkən “başının xarab olduğunu” deməklə suala cavab verməkdən yayınıb. Hakim Elbəy Allahverdiyev dövlət ittihamçısına müraciətlə “zərərçəkən başının xarab olduğunu deyir” söyləyib və Bahəddin Sultanovun dindirilməsi bununla yekunlaşıb.

Bu zaman Mövlam Şıxəliyev əlini sinəsinə qoyaraq özünü pis hiss etdiyi görkəmini alıb. Zərərçəkənlər Mövlam Şıxəliyevin bu hərəkətini tamaşa kimi qəbul etdiklərini gizlətməyiblər. Onlardan biri “başımıza oyun açanda, var-yoxumuzu əlimizdən alanda ürəyin ağrımırdı” replikasını atıb. Bununla da proses 5 noyabr 10:30-a qədər təxirə salınıb.(musavat.com)