Azərbaycanda 02 iyulun kriminal xronikası

Azərbaycanda 02 iyulun kriminal xronikası

3 İyul 2012 13:12
763
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 46 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 26-sı "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 15 nəfər isə yaralanmışdır.

8 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 12 nəfər tutulmuşdur.

Avtomaşın qaçırmaqda təqsirli bilinən Bakı şəhər sakini Elçin Bağırov tutulmuşdur

02.07.2012

İyulun 2-də "Şamaxinka" adlandırılan ərazidə naməlum şəxs Bakı şəhər sakini Mübariz Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşına sərnişin qismində oturub Şabran rayonuna gedəcəyini bildirmişdir. Şabran rayonunun Ağalıq kəndinin meşə zolağında sürücünün düşməsindən istifadə edən həmin şəxs avtomaşını qaçırmış və Gəndob-Yalama yolunun 12-ci km-də idarə edərkən onu yolun kənarındakı ağaca vurmuş və xəsarət aldığından xəstəxanaya yerləşdirilmişdir.
Aparılmış araşdırmalar zamanı onun Bakı şəhər sakini Elçin Bağırov olması müəyyən edilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

02.07.2012

İyulun 2-də saat 23.55 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Şəkər Qafarova vurulmuşdur. Nəticədə xəsarət almış Ş.Qafarova xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Nizami rayonu Naxçıvanski küçəsində yol-nəqliyyat hadisəsi

02.07.2012

İyulun 2-də saat 07.00 radələrində Nizami rayonu Naxçıvanski küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Akif Zeynallı vurulmuşdur. Nəticədə xəsarət almış A.Zeynallıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi

02.07.2012

İyulun 2-də saat 12.20 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Gülarə Məhərrəmova vurulmuşdur. Nəticədə xəsarət almış G.Məhərrəmova xəstəxanaya yerləşdirilmişdir.
Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Sumqayıt şəhər sakini Elçin Məmmədova bıçaqla xəsarət yetirmiş Raul Əhmədov tutulmuşdur

02.07.2012

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Elçin Məmmədova bıçaqla xəsarət yetirmiş şəhər sakini Raul Əhmədov tutulmuş və hadisəni törədərkən istifadə etdiyi bıçaq ondan götürülmüşdür.

Avtomaşından pul oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Raqib Zeynalov tutulmuşdur

02.07.2012

Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Kamil Məmmədova məxsus "Mitsubishi" markalı avtomaşından 300 manat pulu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Raqib Zeynalov tutulmuşdur.

Avtomaşın qaçırmaqda təqsirli bilinən Bərdə şəhər sakini Tariyel Kərimov tutulmuşdur

02.07.2012

İyulun 2-də Bərdə şəhər sakini Aidə Əzizova RPŞ-yə ərizə ilə müraciət edərək, həmin gün saat 14.00 radələrində evinin qarşısından "Nissan-Micra" markalı avtomaşınının ona qarşı xuliqanlıq etmiş Tariyel Kərimov tərəfindən qaçırılmasını bildirmişdir.
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Kərimov tutulmuş və onun Bərdə-Qaratəpə yolunun 7-ci km-də həmin avtomaşını su kanalına aşırması müəyyən edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.

Ağstafa şəhər İmaməli Məscidinin həyətində 2 ədəd başlıqsız mərmi tapılmışdır

02.07.2012

Ağstafa şəhər İmaməli Məscidinin həyətində qazıntı işləri aparılarkən 2 ədəd başlıqsız mərmi tapılmışdır. Mərmilər Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.

Abşeron rayonunun Digah qəsəbəsində 2 nəfər ehtiyatsızlıqdan yanıq xəsarəti almışdır

02.07.2012

İyulun 2-də Abşeron rayonunun Digah qəsəbəsi ərazisindəki evlərdən birində yaşayanlar Ehtiram Yusifov və Nazim Şirbəyev evlərində qaz sobasında təmir işləri apararkən ehtiyatsızlıqdan əllərindən yanıq xəsarətləri almışlar. E.Yusifov və N.Şərbiyev xəstəxanaya yerləşdirilmişlər.

Mingəçevir şəhər sakini Tural Mahmudova bıçaqla xəsarət yetirmiş Kamran Hüseynli tutulmuşdur

02.07.2012

İyulun 2-də Mingəçevir şəhəri Sağ sahil küçəsində şəhər sakini Kamran Hüseynli münaqişə zəminində Tural Mahmudova bıçaqla xəsarət yetirmişdir. T.Mahmudov xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Hüseynli tutulmuşdur.

Nəsimi rayonu ərazisində Nazim Ağaquliyevə naməlum şəxs tərəfindən bıçaqla ölümcül xəsarət yetirilmişdir

02.07.2012

İyulun 2-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Nazim Ağaquliyev bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Səngəçal Dəmir Yolu Stansiyasının 490-cı km-də qorunmayan keçiddə yol-nəqliyyat hadisəsi

01.07.2012

İyulun 1-də saat 20.00 radələrində Səngəçal Dəmir Yolu Stansiyasının 490-cı km-də qorunmayan keçiddə Bakı şəhər sakini Mürşüd Məmmədov idarə etdiyi "Mercedes-190" markalı avtomaşını elektrovoza vurmuşdur. Nəticədə xəsarət almış M.Məmmədov və sərnişinləri, Bakı şəhər sakinləri İradə Osmanova, Vüsal Əliosmanov, Aytac Məmmədova və Anar Veysov xəstəxanaya yerləşdirilmişlər.

O.M.