Azərbaycanlı killerin Kipr müəmmaları: Öldürmək istədiyi fiqurlar arasında nüfuzlu şəxs olub

Azərbaycanlı killerin Kipr müəmmaları: Öldürmək istədiyi fiqurlar arasında nüfuzlu şəxs olub

2 Oktyabr 2021 07:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bazar ertəsi, sentyabrın 27-də Kiprdə həbs olunan azərbaycanlı killerin hədəfində olan üç israilli biznesmendən biri “çox nüfuzlu fiqurdur”.

Oxuməni.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Kipr mətbuatı yazır.

Bildirilir ki, Kipr hakimiyyəti 38 yaşlı bu killerin planlaşdırdığı sifarişli qətllərlə bağlı bir neçə istiqaməti araşdırır. Polis bu qətl planlarının qarşısını vaxtında ala bilib və indi killerlə əlbir olan şəxsləri, onun motivlərini üzə çıxarmağa çalışır.

Rusiya pasportu daşıyan həmin azərbaycanlı təxminən 20 gün əvvəl təyyarə ilə Kiprin Larnaka aeroportuna uçub, oradan avtomobillə adanın türk hissəsinə keçib. Daha sonra bir neçə dəfə o tərəf-bu tərəfə keçərək xüsusi xidmət əməkdaşlarının diqqətini cəlb edib. Sentyabrın 27-də onu adanın türk hissəsindən yunan hissəsinə keçərkən həbs ediblər. Bu şəxs elektrosamokatla gəlib və kirayə götürülmüş avtomobilə minərkən saxlanılıb. Üzərindən səsboğuculu tapança və üç mobil telefon aşkarlanıb. Killerin hədəfində Kiprdə yaşayan israilli biznesmenlər olduğu bildirilir, əvvəlcə onun hədəfində beş nəfərin olduğu bildirilmişdi.

Killerin həbsi ilə bağlı Kiprdə misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Kipr hakimiyyəti söhbətin ölkənin milli təhlükəsizlik məsələsindən getdiyini açıqlayıb, amma təfərrüatları bildirməyib. Killerin adı məxfi saxlanılır, İsrail KİV-ləri bundan əvvəl onun İran kəşfiyyatının sifarişi ilə göndərildiyini yazmışdı.

Bildirilir ki, müstəntiqlər killerin siyasi motivlə hərəkət etdiyini versiyalardan biri kimi araşdırırlar, çünki onun hədəfində olan üç israillidən biri nüfuzlu fiqurdur. Həmin şəxs təhlükəsizliyinin təmin edilməsi üçün Kiprdən çıxarılıb.

İsrailin “Maariv” qəzeti yazır ki, killerin dindirilməsi zamanı onun İran tərəfdən Kiprdə israillilərin oğurlanması və ya öldürülməsi üçün ələ alınmış muzdlular qrupuna aid olduğuna dair şübhələr yaranıb. Bildirilir ki, killer təkbaşına hərəkət etməyib, amma onunla əlbir olanların killerin həbsindən sonra Kipri tərk etməyə imkan tapdıqları ehtimal edilir. Oxuməni.az