Rövşən Əkbərov Elçini öldürdüyünü ona etiraf edib - Şahid

Rövşən Əkbərov Elçini öldürdüyünü ona etiraf edib - Şahid

8 Sentyabr 15:27
173
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Oxuməni.az axar.az-a istinadən xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində vaxtilə Müdafiə Nazirliyinin tərkibində Mülki Müdafiə üzrə Qərargah rəisinin müavini işləmiş, ehtiyatda olan polkovnik Elxan Cəbiyev dindirilib.

O deyib ki, 2001-ci ilin may ayının sonlarında Ukraynanın Kiyev şəhərində keçirilən tədbirdə iştirak edib:

“Həmin tədbirdə Rövşən Əkbərovla tanış oldum. Kiyevdən qayıtmazdan əvvəlki gün, mayın 31-də o, məndən bir bağlamanı Bakıya aparmağımı xahiş etdi. Səfirliyə gedib bağlamanı götürdüm. Səhəri gün isə Bakıya gətirdim, içərisində nə olduğunu bilmirdim”.

Daha sonra "Olaylar" qəzetinin baş redaktoru, qətlə yetirilən Elçin Əliyevin yaxın dostu olmuş Yunis Oğuz ifadə verib.

O bildirib ki, hadisənin səhərisi günü E.Əliyevin qətlə yetirildiyini eşidib:

“Elçinin atasıgilə gələndə orada söz-söhbət gəzirdi ki, onu Rövşən Əkbərov öldürüb. Elçinin meyitini gətirməyə gedən Nazim İbrahimov da mənim yaxın dostum olub. Həm o, həm də Ukaynada olan qardaşım Musaxan Əliyev söylədi ki, Elçini Rövşən qətlə yetirib. Qardaşım hadisə vaxtı orda olmayıb, bu haqda eşidib”.

R.Əkbərov Y.Oğuzun ifadəsinə etiraz edib. O söyləyib ki, hadisə vaxtı orada olan Məzahir Şıxəliyev olaydan 3 gün sonra öldürən adamın kimliyini müəyyən etmək üçün şəkil istəyib:

“Bu halda hadisə günü onun Yunis Oğuza məlumat verməsi ziddiyətlidir”.

Məhkəmədə qətlə yetirilən E.Əliyevin qohumu Elman Ağayev də dindirilib. O vurğulayıb ki, hadisədən bir neçə saat əvvəl E.Əliyevlə telefonla danışıb:

“O, Rövşən Əkbərov adlı generalın Ukraynada qonaq olduğunu, onunla görüşdüklərini, həmin gün də yenidən görüşəcəklərini söylədi. Səhəri gün zəng gəldi ki, Elçini qətlə yetiriblər. Nazim İbrahimov Elçinin meyitini gətirdikdən sonra mənə Rövşən Əkbərovla görüşdüyünü bildirdi. Rövşən Əkbərov Nazim İbrahimova Elçini öldürdüyünü etiraf edib”.

Generalın vəkilləri şahidin 2003-cü ildəki ifadəsi ilə hazırki ifadəsi arasında kəskin ziddiyətlər olduğunu deyiblər. Belə ki, E.Ağayev əvvəlki ifadəsində N.İbrahimovun hadisədən sonra 1 il gizləndiyini bildirib.

Şahid 17 il əvvəl ifadə verdiyini, hər şeyi detallı xatırlamadığını deyib: “Amma biz bilirik ki, Rövşən Əkbərov əvvəlcə Məzahirin sabiq daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü olduğunu biləndən sonra vurub. Daha sonra maşından küt alət götürüb Elçini öldürüb. Qüdrət də onun yanında olub".

Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.