General Rövşən Əkbərovun oğlu vəkilə hücum etdi

General Rövşən Əkbərovun oğlu vəkilə hücum etdi

1 Sentyabr 2021 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış vəkil Elçin Sadıqov hücuma məruz qalıb.

Oxuməni.az xəbər verir ki, bu barədə faktı vəkilin özü ictimailəşdirib.

Elçin Sadıqov bildirib ki, ona hücum edən şəxs hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan keçmiş korpus komandiri Rövşən Əkbərovun oğludur.

Vəkil hadisə ilə bağlı ölkə başçısı İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

“Azərbaycan Redpublikasının Prezidenti cənab İlham Əliyevə,

Azərbaycan Redpublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova,

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

Açıq müraciət

Vəkillərə qarşı zorakılıq cəzasız qaldığından son zamanlar vəkillərə qarşı hədə qorxu gəlmək və zorakılıq artamqdadır.

Artıq vətəndaşlar da cəzasız qalacaqlarına əmin olduqları üçün vəkillərə hücum edirlər.

Belə ki, bu gün general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş iş adamı Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edirəm.

Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclaslndan çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı.

Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut vardır.

Xahiş edirəm ki, general Rövşən Əkbərovun oğlunun bu gün Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində mənə hücum etməsi faktını xüsusi nəzarətə götürərək, onun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz".

Xatırladaq ki, general Rövşən Əkbərov iş adamı Elçin Əliyevin qətlində təqsirləndirilir.

Baş Prokurorluq tərəfindən aparılan istintaqla müəyyən edilib ki, R.Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında iş adamı Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirilməsi və qəsdən öldürülməsinə əsaslı şübhələr var.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda işə Bakı Hərbi Məhkəməsində baxılır.

General Rövşən Əkbərov 2011-ci ildən orduda birlik komandiri vəzifəsini tutub. 2021-ci ilin fevralında müdafiə naziri Zakir Həsənovun əmriylə ordu sıralarından ehtiyata buraxılıb. İki dəfə "Azərbaycan Bayrağı" ordeni ilə, bir neçə dəfə isə müxtəlif orden və medallarla təltif edilib.

Vətən müharibəsi zamanı onun adı heç bir döyüş əməliyyatında hallanmayıb və sonradan təltif edilənlər sırasında da olmayıb.

R.Əkbərov Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ad ona Prezidentin (mərhum ölkə başçısı Heydər Əliyev) 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə verilib.

Məhkəmə R.Əkbərovu azadlıqdan məhrum etməklə yanaşı, onun həm Milli Qəhrəman adını, həm də general rütbəsini əlindən ala bilər.