Düşmənə qan udduran çavuş Məmmədov Hüseyn Dəmir oğlunun şərəfli döyüş yolu

Düşmənə qan udduran çavuş Məmmədov Hüseyn Dəmir oğlunun şərəfli döyüş yolu

11 Yanvar 13:23
240
Bəyəndim (74) Bəyənmədim (3)

Azərbaycan 44 gün davam edən müharibədə Ermənistan ordusuna ağır zərbələr vuraraq Alı Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizi azad etdi və tarixi bir qələbə qazandı. Bu müharibədə qələbə qazanmağımızda əsgər və zabitlərimizin qəhrəmanlığı, ölümdən qorxmayaraq düşmən üzərinə getməsi böyük rol oynadı. Düşmən üzərində qələbə qazanmağımızda xidməti olanlardan biri də müddətdən artıq hərbi xidmətdə olan N saylı hərbi hissənin çavuşu Məmmədov Hüseyn Dəmir oğludur. 1980-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olan Məmmədov Hüseyn orta məktəbi bitirdikdən sonra müxtəlif işlərdə işləyib. Həqiqi hərbi xidmətini Naxçıvan Sərhəd Dəstəsində başa vurandan sonra Məmmədov Hüseyn bir müddət “Kaspian Fiş”şirkətində çalışıb. Amma hərbi xidmətə olan marağı onu yenidən ordu sıralarına gətirib çıxarıb. O, beş il əvvəl Azərbaycan Ordusunda müddətdən artıq hərbi xidmətə başlayıb və çavuş kimi şərəfli bir vəzifədə müqəddəs torpaqlarımızın keşiyində dayanıb. Çavuş Məmmədov Hüseyn xidmət etdiyi dövrdə nümunəvi davranışı ilə daim komandirlərinin rəğbətini qazanıb və öhdəsinə düşən vəzifəni ən yüksək səviyyədə çan-başla yerinə yetirib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin sentyabr ayının 27-də müqəddəs torpaqlarımızın azad edilməsi uğrunda başlayan müharibədə Məmmədov Hüseyn döyüşlərin ön sıralarında iştirak edib. Çavuş Məmmədov Hüseyn müharibənin ilk günlərindən cəbhənin ön sıralarında Füzulinin, Cəbrayılın, Hadrutun və Şuşikəndin azad edilməsində iştirak edib. Döyüşlər zamanı göstərdiyi şücaətə görə komandirlərinin, döyüş dostlarının sevimlisinə çevrilib. Döyüşlərin birində travma alsa da, iki günlük müalicədən sonra yenidən hərbçi dostlarının yanına qayıdaraq düşmənlərə qan uddurmaqda davam edib. Çavuş Məmmədov Hüseyn bizimlə söhbətində düşmənlə döyüşlərdə bütün əsgərlərimizın böyük qəhrəmanlıqlarından ağızdolusu danışır. Azərbaycan ordusunun qəhrəman çavuşu ən ağır döyüşlərinin birinin Rüzgar kəndi uğrunda olduğunu xüsusi qeyd edib.


Onun sözlərinə görə Rüzgar kəndi uğrunda gedən döyüşlər hərbi və strateji baxımdan olduqca böyük önəm daşıyırdı. Məmmədov Hüseyn: “Rüzgar uğrunda döyüşlərdə mühasirəyə düşdük və 7 gün ərzində düşmənlə amansız döyüşlər apardıq. Bu döyüşlərdə hərbi hissə komandirimiz də bizimlə idi. Əsgərlərimiz düşmənlə canavarlar kimi döyüşürdülər və yaralananlar belə düşmən üzərinə şığımaqda davam edirdilər. Bu döyüşlərdə itkilərimiz də oldu. Əsgərlərimdən biri döyüşlərdə qərəmancasına həlak oldu və mən onun nəşini qucaqlayaraq ondan ayrıla bilmirdim. Allah bütün şəhidlərimizə rəhmət eləsin və bizim ürəyimiz hər zaman onlarladır. Sonrakı döyüşlərdə də düşmənə ağır zərbələr vuraraq onların 14 maşınını, çoxlu sayda əsgərlərini əsir götürdük. Ruzgar kəndində qazanılan qələbə bizə ağır döyüşlərlə Cəbrayılı, Füzulini, Hadrutu, Şuşikəndi və digər ərazilərimizi azad etməyə imkan verdi ”,-deyir.
Qəhrəman çavuş əsgərlərimizin ərzaq təminatının da yüksək səviyyədə təmin edildiyini xüsusi qeyd edib. Onun sözlərinə görə, ərzaqın döyüşən əsgərlərimizə çatdırılmasında Ramin adlı gizirimiz xüsusi qəhrəmanlıq göstərib: “Ramin ən çətin şəraitdə qorxmadan güllə yağışı altında, keçilməz yollarla maşını idarə edərək bizə ərzaq çatdırırdı”.
Hazırda Azərbaycan ordusu sıralarında müqəddəs borcunu yerinə yetirən çavuş Məmmədov Hüseyn Dəmir oğlu ön sıralarda hərbi xidmətini davam etdirir. O, düşmənin ara-sıra təxribatlara əl atmağa cəhd etdiyini, lakin əsgərlərimiz tərəfindən onlara layiqli cavab verildiyini xüsusi qeyd edib.
Qəhrəman hərbçi, torpaqlarımızın azad edilməsində böyük şücaətlər və igidliklər göstərən çavuş Məmmədov Hüseynlə söhbətimiz göstərdi ki, vətənimizin müdafiəsi, işğaldan azad edilən torpaqlarımızda əmin-amanlığın təmin edilməsi etibarlı əllərdədir. Biz başda çavuş Məmmədov Hüseyn Dəmir oğlu olmaqla bu müqəddəs və şərəfli vəzifəni həyata keçirən bütün əsgər və zabitlərimizə minnətdarıq və onlara düşmən üzərində yeni-yeni qələbələr arzulayırıq.

Murad Şahməmmədov

Oxuməni.az