Böyük Britaniyada yetkinlik yaşına çatmayanlardan casus kimi istifadə ediləcək

Böyük Britaniyada yetkinlik yaşına çatmayanlardan casus kimi istifadə ediləcək

8 Yanvar 2021 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya parlamentinin Lordlar Palatasında dövlət qurumlarına, o cümlədən xüsusi xidmət orqanlarına uşaqlardan "kəşfiyyatın gizli mənbələri" kimi istifadə edilməsinə imkan verəcək qanun layihəsi müzakirə edilir.

Oxuməni.az russian.rt-yə istinadən xəbər verir ki, bundan başqa, "müəyyən şəraitdə" 16 yaşdan yuxarı şəxslər öz valideynlərinin sirlərini aça, onların dövlətə qarşı münasibətləri barədə müvafiq orqanlara məlumat verə bilərlər.

"Qanun layihəsinə əsasən Böyük Britaniyanın bir çox dövlət orqanları, o cümlədən Silahlı Qüvvələr "casus-uşaqlar"dan istifadə etmək hüququ əldə edəcəklər. Onlara öz valideyinlərini izləmək tapşırığı da veriləcək",-deyə Daily Mail yazır.

Nəşrin sözlərinə görə, Birləşmiş Krallığın polis və təhlükəsizlik xidmətlərinin adları da 18 yaşından kiçik şəxslərdən "müstəsna şəraitdə" gizli kəşfiyyat mənbələri (CHIS) kimi istifadə etməyə icazə veriləcək qurumlar sırasındadır. Bu barədə hazırda Lordlar Palatası tərəfindən nəzərdən keçirilən Kəşfiyyat haqqında qanun layihəsində deyilir.

Sənəddə həmçinin yetkinlik yaşına çatmayanlardan müəyyən şərtlər daxilində məxfi şəkildə casus kimi istifadə edilməsinə istənilən dövlət orqanına icazə verilməsi öz əksini tapıb. Buna paralel olaraq Mİ5, Mİ6, Cinayətkarlığa Qarşı Mübarizə Milli Agentliyi, Ətraf Mühit Agentliyi və Qida Standartları Agentliyi də yetkinlik yaşına çatmayanlardan casus kimi istifadə etmək hüququna malik olacaqlar.

Sənəddə eyni zamanda 16 yaşdan kiçik şəxslərdən valideyinlərinə qarşı casus kimi istifadə edilməsi qadağan edilib. Buna baxmayaraq, istisna hallarda onlardan öz ailələrinə qarşı casusluq etməyə icazə veriləcək.

Bununla yanaşı, yetkinlik yaşına çatmayanların işləri üzrə müvəkkil Enn Longfield uşaqlardan casus kimi istifadə edilməsinə qadağa qoyulmasına çağırıb. "Mən belə hesab edirəm ki, yetkinlik yaşına çatmayanlardan casus kimi istifadə edilməsi uşaqlara zərər verəcək",-deyə o, Daily Mail-ə verdiyi açıqlamasında bildirib.

Qanun layihəsi artıq parlamentdə müzakirə zamanı kəskin tənqidə səbəb olub. Oktyabr ayında Təhlükəsizlik naziri Ceyms Brokenşir deputatların təzyiqi altında, böyüklərin yetkinlik yaşına çatmayan gizli agentlərdən adam öldürülməsi üçün istifadə edilməyəcəyini rəsmi şəkildə təsdiq etməyə məcbur olub .

Parlamentin bəzi deputatları da qanun layihəsinin miqyası və hökumətin sənəddə məhdudiyyətlərin siyahısını göstərmək istəməməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Onların narahatlığı aydındır, çünki gizli agentlər qanunları pozacaqları təqdirdə, onların məhkəməyə cəlb edilib-edilməməsi ilə bağlı sənəddə hər hansı bir müddəa yoxdur. Bunun da gələcəkdə əlavə problemlər ortaya çıxara biləcəyi istisna edilimir.

Emin Axund

.