Azərbaycan tolerantlığının reallığı – 5000 il yaşı olan Xınalıq xalqı

Azərbaycan tolerantlığının reallığı – 5000 il yaşı olan Xınalıq xalqı

24 May 2012 16:01
4 030
Bəyəndim (0) Bəyənmədim (0)
Özümüzü tanıyaq və tanıdaq

Qızıl üzüyün brilyant qaşı

Azərbaycanda Xınalıq adlı bir diyar var. Bu diyar 5000 il tarixə malikdir. Oranın əhalisi özünü Kətiş, ata-baba yurdlarını isə Kətş adlandırır. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsi sayılır. Buranın əhalisini Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlılar (Kətişlər) təşkil edir. Bu qədər zəngin tarixə malik olan bir diyarın və onun əhalisinin ölkə rəhbərliyinin daim diqqətində olması qədim Xınalıq fenomeninə verilən qiymətdir. Heç təsadüfi deyil ki, 2007-ci ilin 19 dekabr tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev xüsusi sərəncamla Xınalığı Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edib. Deməli, hər bir azərbaycanlı öz tarixini bilməli, qorumalı və ona qayğı göstərməlidir. Bütün bunları nəzərə alaraq, bugünkü məqaləni tarixin keşməkeşli yolunda Azərbaycan xalqının tolerant münasibəti nəticəsində öz kimliyini, dilini, mədəniyyətini qoruyub saxlamış Xınalığa həsr edirik. Məqsədimiz tolerant düşüncə tərzindən çıxış edərək, müasir elmi və mənəvi dəyərlər əsasında tariximizi öyrənmək və təbliğ etməkdir. Burada söhbət təkcə 1837 nəfər əhalisi olan bir etnosdan getmir, Azərbaycan genofondunu zənginləşdirən, onun yüksək insani keyfiyyətlərini, o cümlədən tolerantlıq ənənələrini önə çəkən təkamül yolundan gedir.

Xınalığın tarixi

Əvvəlcədən qeyd edək ki, Xınalıq adının onun tarixi ilə heç bir əlaqəsi yoxdur. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilmişdir. Xınalıq adı təxminən XIX əsrin 50-60-cı illərindən sonra işlənməyə başlanmışdır. Qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini "Kətiş xalqı", öz kəndlərini isə "Kətş" adlandırırlar. Bu sözlərin mənası "müqəddəs" deməkdir.

Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Kətş kəndi Kətiş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi həlak olmuşdur. Sağ qalanlar isə çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə də Xınalıq yaranmışdır. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları – Sim və Xam müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan da Qafqaz xalqları törənmişdir. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərir, burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verdiyini bildirilər. Bəzi müəlliflərin fikrincə, eramızdan əvvəl I əsrdə bu ərazidə "get" tayfaları yaşamışdır. Xınalıqlıların əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir. Xınalıqlıların qədim yunan alimi Strabonun 17 cildlik "Coğrafiya" əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Xınalıqlılar həmin 26 alban tayfasından biri olmasını Xınalıq kəndi ərazisində olan çoxsaylı alban qəbiristanlıqları və digər alban tayfalarının məlum olan dillərindən fərqli olan dili təsdiq edir. Alban tarixçisi Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyanın şimal–qərbində bir əyalət Xeni adlandırılır. Tədqiqatçılar müəyyən etmişlər ki, Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir.

Müxtəlif tarixi mənbələrə görə, Xınalıq erkən orta əsrlərdə mahal mərkəzi, kiçik şəhər olmuşdur. Bunu XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi "Mücəm əl-buldan" ("Ölkələrin əlifba sırası ilə sadalanması") adlı lüğətində Xınalığın Xazaran dağ keçidində kiçik şəhər olduğunu bildirən yazısı da sübut edir. Həmin "Coğrafiya" lüğətindən aydın olur ki, Xınalıq kəndi VII-X əsrlərdə mədəni mərkəz olmuş, orada bir çox alimlər yetişmişlər. Şeyx İbrahimin fərmanı ilə XIV əsrin sonu – XV əsrin əvvəllərində Xınalığın idarə olunması qaytaq usmisinin (hakiminin) oğlu Məhəmməd bəyə həvalə edilmişdi.

Kəndə aid ən qədim tarixi faktlardan biri Nadir şah Əfşarın dövrünə aiddir. "Gülüstani-İrəm" əsərində Abbasqulu ağa Bakıxanovun yazdığına görə, Dağıstana yollanan Nadir Altı-Ağac istiqamətindən Dərəkəndə gedir və Dağıstan sərdarına ərzaq toplamaq barədə göstəriş verir. O, buradan oğlu Rzaqulu mirzəni Şabran yolu ilə Dərbəndə göndərir. Qoşun hissələri üç yerə ayrılır və Nadirin özünün başçılıq etdiyi dəstə Buduq və Xınalığa gedir. Quba xanlığı dövrünə aid XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq kəndi Xınalıq mahalının mərkəzi olmuşdur. Həmin dövrdə Quba xanlığı 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Xınalıq mahalı idi. Tarixi ədəbiyyatda olan bir məlumata görə, Xınalıq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar.

Digər şahdağlılar kimi xınalıqlılar da Birinci və İkinci Dünya Müharibələrində, həmçinin Qarabağ müharibəsində iştirak etmiş, müharibənin digər iştirakçıları kimi onlar da ağır itkilərə məruz qalmış, Vətənin azadlığı uğrunda canlarını fəda etmişlər. 1987-ci ildə Azərbaycan SSR hakimiyyət orqanlarının xüsusi qərarına əsasən, Xınalıq kəndinin qəsəbəyə çevrilməsi məsələsi Sentrosoyuzlayihə İnstitutunun Bakı filialına həvalə olunmuşdur. Arxitektorlar Xınalıq qəsəbəsinin baş planını və layihəsini hazırlamışlar. Həmin baş plana əsasən, qədim Xınalıq kəndi tarixi dövlət qoruğu kimi saxlanılmalı və kəndin cənub sahilində qəsəbə salınmalı idi. Azərbaycan SSR Nazirlər Soveti tərəfindən Xınalığın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair verilmiş xüsusi sərəncamda ayrı-ayrı nazirliklər, idarə və təşkilatların yerinə yetirəcəkləri vacib vəzifələr konkret göstərilmişdir.

Bulaq suyu, dağ havası

Xınalıq həm də uzunömürlülər məskənidir. Bulaq suyu, dağ havası Xınalığı uzunömürlülər diyarına çevirmişdir. Teymur Bünyadov 1987-ci ildə dərc olunmuş "Əfsanələr diyarı" adlı məqaləsində onların bəzilərinin adlarını xatırlayır: kişilərdən 132 yaşlı Hacı baba, 120 yaşlı Hacı Nəzir baba, 117 yaşlı Molla Bəşir kişi, 115 yaşlı Şahbaz baba, 112 yaşlı Becan baba, 110 yaşlı usta Cəbrayıl, Hacı Sultan Əmir, Hacı Soltan Əhməd; qadınlardan 107 yaşlı Əsmər və Pəricahan nənə, 103 yaşlı Gülcənnət və Əminə nənə və onlarca başqaları... Həmin mənbədə daha sonra göstərilir ki, yaşları 90-nı keçib 100-ü haqlayanları isə daha çoxdur.

Tarixdə məşhur xınalıqlıların adları da qalmışdır. XII əsrdə İbn-Həkim Əl-Xinaluqi Bağdadda fəaliyyət göstərmiş həkim və filosof olmuşdur. XV əsrdə başqa bir xınalıqlı tarixçi Məhəmməd Xinaluqi Şirvan və Dərbənd tarixini yazmışdır. Təəssüf ki, bu kitabın orijinal mətni dövrümüzə gəlib çatmamışdır. ХVII-XIX əsrlərdə Xınalıqdan bir sıra aşıqlar-nağılçılar çıxmışdır. Fitri istedada malik Əhməd əfəndi XIX əsrdə Qafqazın müxtəlif dini mərkəzlərində —Tiflisdə, Dağıstanda, Teymurxanşurada (indiki Vladiqafqazda) yaşayıb fəaliyyət göstərmişdir. Hal-hazırda Xınalıqda Əhməd əfəndinin türbəsi vardır.

Xınalıqda təhsilə maraq hələ qədimlərdən olub. Kənd ağsaqqallarının ata və babalarından eşitdiklərinə görə, Osmanlı dövründə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çuvallarla kitab gətirilirmiş. Söyləyirlər ki, kəndin oğlanları İstanbulda, Təbrizdə, Səmərqənddə təhsil alıblar. Hətta Səmərqənddə xınalıqlıların qəbiristanlığı var. Hələ XIX əsrdə xınalıqlıların 90%-i savadlı olub.

Şirin dil

Xınalıq kəndinin əhalisi dünyada ona heç oxşarı olmayan unikal bir dildə danışır. Bu dili xınalıqlılar Kətiş dili (azərbaycanca, Xınalıq dili) adlandırırlar. Kətiş dilini bəzi mütəxəssislər Şimali Qafqaz ailə qrupunun Nax-Dağıstan dil ailəsinə aid edirlər. Digər mütəxəssislər isə bu dili Ural dil qrupuna aid edirlər. Bundan öncə mütəxəssislər bu dili Qafqaz-Şahdağ dil qrupuna aid edirdilər. Bu sahədə linqvistik tədqiqatlar davam edir. Lakin bütün mütəxəssislər razılaşırlar ki, bu dil ən qədim dil ailəsinə məxsus dillərdən biridir. Alimlər belə bir maraqlı mülahizə də irəli sürürlər ki, Xınalıq dili Qafqaz Albaniyasının tərkib hissəsi olan Tuti tayfalarının dili ilə yaxınlıq təşkil edir. Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Yeganə fərq ondan ibarətdir ki, Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində kompakt yaşayan üç əsas nəsil arasında müəyyən hallarda tələffüz zamanı danışıq dili fərqlənir. Bu dildə ismin 18 halı vardır. Kətiş dilinin rus və ingilis dillərində lüğət kitabları çap olunmuşdur. Təəssüf ki, hələ xınalıqca-azərbaycanca lüğət tərtib edilməmişdir. Kətiş dili çoxsəsli dil kimi 76 hərflə ifadə olunur. Bu dildə 28 sait var. Kətiş dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənirlər. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.

Müqəddəs məkan

Xınalıq kəndində müxtəlif dövrlərə aid səkkiz qədim və yeni qəbiristanlıq, eyni zamanda 31 türbə və ziyarətgah vardır. Dini abidələrdən 16-sı İslam dövrünə aiddir, qalanı isə islamaqədərki inanclarla bağlı olub və əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir. Hazırda Xınalıqda əsasən 7 məscid fəaliyyət göstərir. Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri də pir adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur. Bu ərazidə yerləşən, müqəddəs sayılan Babadağın zirvəsindəki oyuğun altında xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəs şəxsin qəbri var. Bura təkcə bölgədə deyil, bütün Azərbaycanda məşhur ziyarətgahlardan biridir. Yerli əhalinin inancına görə, Babadağı 7 dəfə ziyarət etmək Həcc ziyarətinə bərabərdir. Xınalıqlıların yağışla, əkinçiliklə, bəzi ev heyvanlarına münasibətlə, toy və yasla, səma cisimlərinin müşahidəsi ilə bağlı da zəngin ənənələri vardır. Onların həyat və məişətinə daxil olan adət və ənənələr təbiət hadisələrinə uyğun qurulur, onların yozulması ilə bağlıdır.

Ümumiyyətlə, Xınalıq kəndi özünəməxsus unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur.

Xınalıq lentdə

Xınalıq kino işçilərinin də diqqətindən yayınmamışdır. Xınalığın füsunkar təbiətindən, işgüzar əmək adamlarından bəhs edən bir sıra filmlər çəkilmişdir.

Xınalıq haqqında "Xınalıqlıların qonağı" ilk sənədli film 1937-ci ildə səssiz lentdə, mətn rus dilində yazılmaqla çəkilmişdir. 1971-ci ildə C.Cabbarlı adına kinostudiya tərəfindən "Dağlarda ada" adlı yenə də sənədli qısametrajlı film çəkilmişdir. Daha sonra isə 1974-cü ildə "Xınalıq etüdləri", 1999-cu ildə isə "Zirvədən boylanan Xınalıq" filmləri istehsal olunmuşdur. 2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Xınalıq və Xınalıq yolu" sənədli filmini çəkmişdir. Türkiyə, Danimarka, Cənubi Koreya və başqa ölkələrin kinematoqrafları da Xınalığa maraq göstərmiş, kənd haqqında maraqlı verilişlər hazırlamışlar.

Son söz əvəzi:

Xınalıq Azərbaycanın tarixini və milli-mənəvi dəyərlərini əks etdirən reallıqdır. Bu tarixin hər sətrində xınalıqlıların zəngin mənəvi dəyərləri ilə yanaşı, bu dəyərləri göz bəbəyi kimi qoruyan, onlara sahib çıxan azərbaycanlıların yüksək insani keyfiyyətləri yer alır. Bəli, Azərbaycan xalqı öz zənginliyini sevən və qoruya bilən bir xalqdır. Çünki Azərbaycan qızıldırsa, Xınalıq kimi nadir incilər onun brilyant qaşıdır. Necə deyərlər, biz birlikdə daha da dəyərliyik.

Murad Şahməmmədov

O.M.