"Düsseldorf Vampiri" qadınları öldürməkdən zövq alırdı

"Düsseldorf Vampiri" qadınları öldürməkdən zövq alırdı

19 May 2012 14:58
Bəyəndim (0) Bəyənmədim (0)
ARAŞDIRMA: O, öləndə də qanın səsini duymaq istəyirmiş

"TARİXİ ŞƏXSİYYƏT"

Dünya tarixində manyaklara çox rast gəlinmişdir. Onlardan biri də "Düsseldorf vampiri" təxəllüslü Peter Kurten adlı şəxsdir. Bir faktı qeyd edək ki, o, məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum olunarkən psixi sarsıntı keçirməmişdi. Əksinə, cəlladın qabağına uzanan zaman onun son sözləri belə olmuşdu: "Necə düşünürsünüz, boynum vurulanda mən bir anlıq da olsa, fəvvarələnən qanın səsini eşidə biləcəyəm?" Gördüyünüz kimi, bu sözləri yalnız ən soyuqqanlı cinayətkar deyə bilərdi. Məhz buna görə də həmin adam dünya kriminal tarixinə qara hərflərlə düşmüşdür.

ƏCLAF ANA

Hamıya məlumdur ki, hər bir nəticənin müəyyən bir səbəbi vardır. Başqa sözlə desək, nə isə baş verirsə, deməli, bunun özünəməxsus səbəbi olmalıdır. Peter Kurteni də cinayətkar edən səbəblər olmuşdur. Ən əvvəl onu qeyd edək ki, o, Köln şəhərinin kənarında 13 uşağı olan kasıb bir ailədə dünyaya göz açmışdı. Bütün ailə birotaqlı mənzildə yaşayırdı. Peterin əyyaş anası çox vaxt uşaqlarını döyür, onların gözü qarşısında əri ilə cinsi əlaqədə olurdu. Daha sonralar o, xəstəlikdən öldü. Əri isə qızını zorlamaq üstündə türməyə düşdü. Ailədə hökm sürən gərgin ab-hava sözsüz ki, uşaqlarda aqressiv hisslərin inkişafına xidmət edirdi.

ŞEYTAN HİMAYƏSİ ALTINDA

Balaca Peter valideynlərindən aldığı tərbiyəyə əsasən bacılarına sataşırdı. O, ilk cinayətini 9 yaşında olarkən törətmişdi. Göldə üzərkən Peter suyun altına girib, özünü ölülüyə vurmuşdu. Onun köməyinə yetişən həmyaşıdını sudaca boğub öldürmüşdü. Doğrudur, sonradan bu olayı bədbəxt hadisə kimi qiymətləndirdilər və günahkar cəzasız qaldı. Bununla belə, Peter ilk təcrübəsindən daha da həvəslənmişdi. Məhv bunun nəticəsidir ki, o, 12 yaşından etibarən bacılarına cinsi təcavüz etməyə çalışırdı. Peter imkan düşdükcə oğurluq və qarətlə məşğul olurdu. Onun qurbanları əsasən qadınlar olurdu. 16 yaşına çatarkən o, yeniyetmə bir qızı zorlayaraq, boğub öldürmüşdü. Mərhumun meyiti tapılmadığından cinayət yenə də cəzasız qaldı.

YENƏ DƏ ÖTÜŞDÜ

19 yaşında əsgərliyə getməli olan Peter tezliklə fərarilik etdi. Bundan sonra o, yanğın törətmək həvəsinə düşdü. Bir-birinin ardınca iri anbarları və mağazaları yandırmaqla insanları kütləvi şəkildə məhv etməyə başladı. 29 yaşında ikən o, xidmətçini zorlayaraq, diri-diri yandırdı. Daha sonra isə mağaza satıcısını öldürməklə hədələyib, nədənsə sərbəst buraxdı. Qəribədir ki, ölümün pəncəsindən yaxasını qurtaran adam kişi cinsinə mənsub idi. Göründüyü kimi, Peter yalnız qadınları öldürməkdən zövq alırdı. Həmin ilin 25 may günü o, yeniyetmə qızın yatarkən başını kəsmişdi. Barmağını qana batırıb, uşağın bədəninə sürtmüşdü. Bu dəfə də şeytan onun qoruyucu mələyinə çevrildi. Belə ki, hadisədən qabaq mərhumun atası ilə əmisi arasında münaqişə yaşanmışdı. Əmi qardaşına, "bunun acısını hələ çox çəkəcəksən!" - deyə hədə dolu məktub yazmışdı. Məhz bu məktubun mətninə görə Peter məsuliyyətdən canını qurtara bildi. Nəticədə, ölən uşağın əmisi tutuldu.

ÖLKƏNİ BÜRÜYƏN XOF

40 yaşından sonra nədənsə Peterin həvəsi çəkicə və baltaya düşdü. O, cinayətlərini məhz bu alətlərin vasitəsilə həyata keçirməyə başladı. Belə ki, 8 yaşlı Roza Oliqer adlı qızı zorladıqdan sonra çəkiclə başına vurub öldürdü. Daha sonra iki nəfər xidmətçi qadını bu üsulla qətlə yetirdi. Bütün Almaniya təşviş içərisində idi. Hər yerdə "Düsseldorf vampiri"nin əməlləri haqda danışılırdı. İnsanlar küçəyə çıxmaqdan belə ehtiyat edirdilər. Hətta Peterin öz arvadı da qorxu keçirirdi. Qadın bu barədə dəfələrlə Peterin özünə demişdi. O isə arvadını sakitləşdirməklə, cinayətkarın tezliklə tutulacağını deməklə kifayətlənirdi.

ZƏRURİ TƏSADÜF

"Düsseldorf vampiri"ni tutmaq adi bir təsadüf nəticəsində baş verdi. Belə ki, o, yolda tanış olduğu Mariya Budlik adlı şəxsi küçədə zorlamışdı. Xoşbəxtlikdən qaranlıq küçəyə başqa bir adam gəldi və Mariya imkan tapıb aradan çıxa bildi. Qadın başına gələn xoşagəlməz hadisə barəsində dərhal rəfiqəsinə məktub yazdı. Təsadüfdən məktub eyni soyadlı başqa bir xanıma yetişdi. Həmin xanım vaxt itirmədən fakt barəsində polisə məlumat verdi. Müstəntiqlər Mariya Budliki tapıb, sorğu-suala tutdular. Onun köməyi ilə tezliklə "Düsseldorf vampiri"ni yaxalaya bildilər. Tutulma zamanı Peterin arvadı dəhşətə gəlmişdi. O, heç cür inana bilmirdi ki, cəmiyyəti vahiməyə salmış "Düsseldorf vampiri" onun sakit təbiətli əri imiş.

SONUN BAŞLANĞICI

Məhkəmə zamanı cani öz cinayətlərini etiraf etdi. Məlum oldu ki, onun vicdanında 9 qətl və 7 öldürməyə cəhd hadisəsi vardı. Maraqlıdır ki, bütün qurbanlar qadın cinsinə mənsub idilər. Peter bunu əxlaqsız anasına, pozğun bacılarına və onların timsalında bütün qadınlara qarşı olan nifrəti ilə izah edir.

SON SÖZ ƏVƏZİ:

Deyirlər, nə əkərsən, onu da biçərsən. Gəlin ataların bu misalına diqqətlə yanaşaq və övladlarımızı məhəbbətlə böyüdək. Çünki uşaqlıqda biz onlara nə versək, onu da qəlblərində böyüdəcəklər. Məhəbbət versək, məhəbbəti, nifrət versək, nifrəti özümüzə qaytaracaqlar.

Mayıl İsmayılov

O.M.