Ermənilərə verilən 5 kilometr enindəki dəhlizin ərazisinə düşən Laçın şəhəri kimin nəzarətində olacaq?

Ermənilərə verilən 5 kilometr enindəki dəhlizin ərazisinə düşən Laçın şəhəri kimin nəzarətində olacaq?

27 Noyabr 2020 10:58
1 000
Bəyəndim (0) Bəyənmədim (0)

10 noyabr üçtərəfli razılaşmasına əsasən Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonlardan sonuncusu-Laçın rayonu dekabrın 1-də Azərbaycanın nəzarəti altına qaytarılacaq. Razılaşmada Dağlıq Qarabağla Ermənistan arasında gediş-gəliş üçün 5 kilometr enində dəhlizin ayrılması da nəzərdə tutulur.

Oxuməni.az xəbər verir ki, həmin dəhliz Rusiya sülhməramlılarının nəzarətindədir. Laçın şəhərinin özü də bu dəhlizə düşdüyü üçün hazırda bu yaşayış məntəqəsinə kimin nəzarət edəcəyi məsələsi açıq qalır. Ermənilərin Laçında formalaşdırdıqları qondarma “administrasiya” orada qanunsuz məskunlaşmış ermənilərə köçməyi məsləhət görüb. Çünki Laçında idarəçiliyin Azərbaycan tərəfində olacağı haqda məlumatlar var. Nəticədə Laçında qanunsuz məskunlaşmış ermənilər evləri yandıraraq oranı tərk etməyə başlayıblar. Lakin Laçınla bağlı müəmmalar davam etməkdədir. Belə ki, bu günə kimi yüksək səviyyəli dövlət rəsmilərimizdən biri də olsa məsələ ilə bağlı narahat olan vətəndaşlarımıza izah etməyib ki, dəhlizin eni nə üçün 5 kilometr olmalıdır? Bəs bizə ermənilərə verdiyimiz 5 kilometr enində dəhlizin əvəzinə Mehridən eyni həcmdə- 5 kilometr enində dəhliz veriləcəkmi? Bax buna inanmaq çətindir. Elə isə biz niyə Laçına nəzarətin Azərbaycanın əlində ola biləcəyinə şübhə doğuran 5 kilometr enində Ermənistana dəhliz verməliyik? Dəhlizin eni 100, 200, uzağı 300 metr ola bilər. Sadə məntiqlə Ermənistanı qondarma qurumla birləşdirəcək 5 kilometr enində dəhliz tələb edilməsindən belə başa düşmək olar ki, bu, qarşı tərəfin çirkin niyyətlərinə xidmət edir. Ola bilsin ki, onlar gələcəkdə dəhliz boyunca möhkəmləndirilmiş, alınmaz müdafiə sistemləri qurmaq fikrindədirlər. Bu çirkin niyyətlərin qarşısı isə indidən alınmalıdır. Hər halda qalib bizik və şərtləri də biz diqtə edirik. Ona görə də istənilən hallarda yüksək səviyyəli rəsmilərimizdən məsələ ilə bağlı rəsmi açıqlama verilməsini gözləyirik...

Əziz Mustafa